Görünən 
          və görünməyən həqiqət
          Tənhalıq, həyatın rəngləri və yazıdakı «su» haqqında
        
          Ömrümüzü yalanlarda keçiririk desəm elə bilərsiz ki, ürəyimin çirki-pasını 
          yenə də səhifəyə çıxarmaq fikrindəyəm. Biz hamımız həyatımızın rənglərini 
          bir az tündləşdirir, bir az artırırıq ki, yaşamaq rahat olsun. İnanıram 
          ki, hamıda belədi, bəzi məqamlarda görmək istəmədiyimiz faktlar sanki 
          görünməz papaq geymiş kimi yoxa çıxır. Başqa bir xırda, cılız bir fakt 
          şişərək bizə lazım gəlsə bütün həyatımızı doldura bilir. 
          Virus tezliyiylə milyonları çənginə almış bolşevik inqilabının atasımı 
          deyim, ya babası (o dövrdə uşaqların babasıydı axı) haqqında, yəni movzoleydə 
          hələ ki, rahat uzanmış Lenin haqqında yazırlar ki, öləndə onun beyni 
          normaq insan beyninin dörddə biri qədərmiş. Tam olsaydı nələr ola bilərdi?
          İntellektiylə fors eləməkdən tovuz quşu kimi açılmış quyruğunu gözümüzə 
          soxan kişilər heç bilir ki, dünya üzrə İQ testləri (intellekt göstəricisi 
          testləri) üzrə ən yaxşı nəticə iki qadına məxsusdur. 
          15-ci əsrdə insanlar düşünürdü ki, qırmızı rəng sağaldır. Xəstələrəi 
          qırmızı geyindirir və ətrafını qırmızı əşyalarla bəzəyirdilər. O dövrdə 
          rəiyyətin nə haqqı vardı ki, qırmızı rəngi əyninə alsın. O xəstəlikləriylə 
          kasıbyana yollarla mübarizə eləməli idi. 
          Orta əsrlərdə aya baxan adamlar orda belinə odun şələmiş Kainin rəsmini 
          görürdülər. Biz artıq bunu görmürük.
          İndi informasiya axınının qarşısında dayanmaq özü çox çətinləqib. Məlumat 
          okeana baş vurub «o taya» salamat üzüb çıxandan sonra özünçün qəribə 
          məlumatlar toplayırsan. Məsələn, mən bilmirdim ki, insan qızaranda onun 
          mədəsi də xəcalətindən qızarır. Yaxud insanın burnu ömrü boyu uzanmaqda 
          davam eləyir. Lap yalan danışan Pinokkioda olduğu kimi. Sizi bilmirəm, 
          mən özümü sürünənlərdən daha ali sayırdım. Oxuyanda ki, adi insanın 
          əzələsi heç torpaqda eşələnən soxulcanınkı qədər də deyil, yaşamaq çətin 
          olur. Hə özünü öldür, əzələ yığ, idman elə, bir soxulcan qədər ola bilməyəcəksən. 
          
          Bizim dilimizin də izi barmaqlarımızda olduğu kimi fərdidir. Yaxşı ki, 
          öpdüyümüz insanlar ekspertizaya müraciət eləmir. 
          İnsan bədənində atomlar arsında məsafəni, boşluqları sıxıb çıxarsaq 
          yerdə qalan hissəsi iynənin deşiyindən keçə bilər. Bəlkə insanlar da 
          bir-birinə o qədər yaxın gəlib marşrut sürücüləri demiş «mehriban» olmur 
          ki, kainat iynənin deşiyindən keçmək məcburiyyətində qalmasın.
          Tənhalıqdansa heç danışmayın. Sən demə kainatın ən kiçik tənya hüceyrəsi 
          spermatazoid, ən böyük tənha hüceyrəsi isə yumurtahüceyrədir. Bəlkə 
          də ona görə onlar məqam tapan kimi bir-birinə sarılırlar!? Onların yanında 
          tənhalıqdan biz nə danışa bilərik ki?
          İnsan bədənində yaşayan canlılrarın sayı bitki heyvan və mineral qarışıq 
          Yer üzündə yaşayan məxluqların, sayından daha çoxdur. Bundan sonra özünlə 
          yola gedə bilməsən, bədəninin dilini tapmasan ordakı canlılar sənə qarşı 
          təxribatlar törədib səni taxtdan da sala bilər. Bundan sonra ha özünlə 
          fəxr elə ki, insan saçı 3 kiloqrama davam gətirir, ya da ömrü boyu insanın 
          ifraz elədiyi ağız suyunu toplasan iki böyük hovuzu doldura bilər (hər 
          dəqiqə ağzı sulanan insanların ələdə eləyəcəyi nəticə daha artıq ola 
          bilər) – xeyri yoxdu. Onsuz da insan beyninin 80 faizi sudur, bəzilərinin 
          yazdıqlarlarında olan «suyun» miqdarı qədər. Başqasına qarşı nə qədər 
          diş itiləsən də itirdiyin dişlərinin yerinə uzaqbaşı protez qoya bilərsən.
          Evimizi yığışdırmaqdan bezdiyimiz vaxt bilsək ki, tozun 70 faizini dərimiz 
          ifraz edir bəlkə az deyinərik. Bədənimizin piyini toplayıb iqtisadi 
          baxımdan irəli düşmək istəsək cəmi 7 dənə sabuna yetər, bax belə…
          Bədənin istiliyinin 80 faizə qədəri başdan çıxır. Odur ki, papağınızı 
          qabağınızdan götürüb başınıza basın. 
          Onsuz da 60 yaşına çatanda ağzımızın dadının heç olmasa yarısını itirəcəyik. 
          İstəsəz də, istəməsəz də… 
          Onsuz da 20 uşaqdan cəmi birisi həkimin dediyi gün anadan olur…