Ağ
dovşanlar
Yaxud milli xoşbəxtlik formulu axtararkən
İnsan doğulan gündən xoşbəxtliyini gözləyir. Lap işi çətinə düşəndə
də, sonuncu salamat ümidləri puça çıxanda da qəlbinin dərinliyində inanır
ki, sehirli çubuğun hərəkətilə hər şey yerinə düşəcək. Sadəcə kiminsə
şəri, o birinin gözü, üçüncünün nəfsi onu məqsədinə çatmağa oymur. Ona
görə də bəzən iki institut bitirmiş, 3-4 dənə peşə qazanmış insanlar
da iki sözü dalbadal düzə bilməyən savadsız adamlar kimi təsadüfi əlamətlərə
inanır.
Kimsə deyə bilməz ki, ürəyinə mövhumat qığılcımı düşməyib. Ya da ki,
heç olmasa bir dəfə taleyin hansısa xəbərdarlığına qulaq verib yolundan
dönməyib və əlamətlərə də inanmır. Mövhümat bütün xalqlara və mədəniyyətlərə
aid olan keyfiyyətdir. Hazırda dünyanın avanqardında gedən avropalı
tuareq qəbiləsindən olan aborigenlər qədər talismanlara və göz dəyməyə
inanır. Göz dəymə barədə çoxlu filmlərə baxsa da, onu sübuta yetirəcək
əməlli faktlar olmasa da hamı bilir ki, bu var və ondan necəsə qorunmaq
lazımdı. Bəzi xalqların inamı çox oxşardı: nal uğur gətirir, 13 rəqəmi
bədbəxtlik, güzgü qırılarsa qaragünlüyünü qablaşdırıb sonrakı 7 ildə
xoş bir şey gözləmə.
Bəzən eyni bir əlamət müxtəlif xalqlarda müxtəlif mənalar verir. Rusiyada
qara pişiklə üzbəüz gələn adam darhal profilaktik tədbir kimi sol çiyni
üstündən tüpürməlidir ki, qəzaya düşməsin, bədbəxtlik olmasın. İngilislər
isə əksinə, uğur diləmək istəyəndə bir-birinə qara pişik şəkilli açıqcalar
bağışlayırlar. Artıq bizlər də bilirik ki, qara pişiyin güclü energetikası
olur. Ona görə də qara pişikdən qaçmaq əvəzinə onu görəndə ən əziz,
istəkli arzunu Tanrıdan diləmək lazımdı.
Yunanıstanın sakinləri inanır ki, ciblərində, ya da pul kisəsində uçan
siçanın sümüyünü gəzdirsə özünü gözdən qorumuş olar. Amma eyni zamanda
bu heyvanın öldürülməsi yasaq sayılır. Hətta bu cür insansevər missiya
uğrunda öldürülmüş heyvanın sümük parçası xeyir əvəzinə ziyan gətirə
də bilər. Bizdə də gözdən qorunmaqçün sümüklərdən istifadə edirlər.
5-6 il əvvəl mən hər səhər gözdən qorxan qonşumun fəaliyyəti nəticəsində
üzbəüz evin damında peyda olmuş it kəlləsi ilə rastlaşmalı olurdum.
Mətbəximizin pəncərəsindən çox yaxşı görünən kəllənin hələ çürüməmiş
tükləri küləkdə dalğalanıb bizim evin çay mərasiminin əhvalına da bir
tam qatırdı.
Üzüaşağı çevrilmiş ayaqqabı yaxşı sayılmaz. Əgər siz yunanın evində
ayaqqabını soyunarkən o, birdən əlinizdən üzüqoyulu düşsə onu tələsik
düzəltməli və «Ssorda!» deməlisiz. Üstəlik 1-2 dəfə tüpürsəz pis olmaz.
Bizdə isə zirək ev yiyəsi o biri tay ayaqqabını əlinizdən alıb tərs
düşmüş taya bir-iki dəfə çırpar ki, «ağzını yumsun». Axı tərs düşmüş
ayaqqabı dalca danışmağa dəlalət edər.
Pilləkən altından keçmək ingilislərdə pis sayılar. Yəqin orda pilləkən
altında yaşayanlar olmur. Onlara qonşu xalq olan irlandlar lap mövhümatçıdırlar.
Bu yaxınlaracan orda qadınlar təzə doğulan uşaqlarını qucaqlarına götürüb
dizəcən suya girərdi ki, onun qulyabani olub olmamasını yoxlasın. Bəlkə
bu uşaq hiyləgər pərinin zarafatıdır. Axı bütün irlandlar bilir ki,
qulyabani sudan qorxur və suyun yaxındığında mütləq özünü büruzə verəcək.
Biz belə riskli təcrübələr qoymuruq, yəqin nəticələrindən çox qorxuruq.
Çinlilərin süpürgə ilə bağlı inamları çoxdu. Onlar inanır ki, hər süpürgədə
bir ruh yaşayır, ona görə də bu predmetlə ehtiyatlı olmaq lazımdı. Evi
süpürmək olar, amma onunla mehrabı, ya da evdəki pərəstiş bütlərini
təmizləmək olmaz. Kimisə süprgə ilə vurmaq onu çoxillik qarğışa düçar
eləmək kimi bir şeydir. Süpürgə başa toxunsa, lap pis. Gərək xırdavat
satan çinlilərdən soruşam, onlara bəyəm süpürgə dəyib ki, buralara üz
tutublar? Bizdə süpürgə dəysə uzaqbaşı boyun balaca qalar, ya da ki,
bir az ora-bura tüpürməklə canını qurtara bilərsən. Sən demə çinlilər
də bizim kimi 12-dən sonra dırnaq qırxmır ki, o dünyadan qonaqları evə
çağırmış olmasın.
Deyim ki, bizdən uzaq olduqlarına görəmi, ya başqa səbəbdən yaponlarla
baxışlarımız üst-üstə düşmür. Onlarda düyüyə yemək çubuqlarını batırmaq
pis əlamət sayılır. Onlar heç vaxt balışlarını şimala tərəfə yönəltməzlər.
Hətta onlar üçlükdə şəkil çəkdirməzlər. Çünki ortada qalan adamın özünü
məhvə məhkum edəcəyinə əmindirlər.
Biz pişik asqırığından diksinirik və tez-tələsik inam gətirdiyimiz qüvvələri
köməyə çağırırıq. Amma italyan bu məqamda yerimizdə olmağı arzulardı.
Çünki onlar inanır ki, pişiyin asqırığı xoşbəxtlik gətirər. İngiltərənin
isə maraqlı və hər dəfə yenilənən xoşbəxtlik resepti var. Arzulanan
xoşbəxtliyi əgər öz dilinlə çağırmaq istəyirsənsə hər ayın birinci günü
«ağ dovşanlar» frazasını ucadan deməlisən.
Ha çalışdım, milli xoşbəxtlik reseptini yadıma sala bilmədim. Deyəsən,
dara düşəsi olsam yazının başlığını ingilissayağı deməli olacam.