Hər
oxuyan Molla Pənah olmaz
Kolleqalarım məndən inciməsin, amma mən rusdilli , daha doğrusu rus
mətbuatını oxuyuram. Həmişə də onların ziyalılarıyla olan müsahibələrdən
çox xoşlanmışam. Bizim ziyalılarımızla olan söhbətlərlə müqayisədə yaranan
dərin «uçurumu», səviyyə fərqini rus müxbirlərinin professionallığının
ayağına yazırdım. Sizin də ağlınıza gələr, ola bilməz ki, bu boyda respublikada
ziyalını layiqincə danışdıra bilən jurnalist olmasın. Özü də mətbuatın
kifayət qədər diribaş müəllifləri və maraqlı yazarları olduğu halda.
Ola bilər problem ziyalılarımızın özündədi.
«Korifeylərin portreti» seriyasından yazı hazırlarkən çoxlu ədəbiyyat
oxuyub personajın yaşadığı dövrlərə baş vurmalı oluram. 19-cu əsr mədəni
mühitindən aldığım heyrəti sizinlə də bölüşmək istərdim. O dövrün sıravi
rus müəllimi, konservatoriyada ibtidai sinfi hazırlayan pedaqoq öz tələbələrini
evində saxlayırmış. Verdiyi dərslərə görə nəinki pul almır, özü seçib
bəyəndiyi və evinə layiq bildiyi şagirdlərin qarşısında bircə şərt qoyurdu:
yay tətilində evə getməmək. Bu o deməkdir ki, sıravi müəllim bu uşağı
valideynlərinin təsirindən qoparıb öz cibindən yedirib, geyindirib öz
uşağı kimi böyüdürdü. Əvəzində onlar yaxşı, bəlkə də super yaxşı oxumalı
və nəticədə özləri də bu ənənənin davamçısı olmalı, yəni ziyalı olmalıydılar.
Yəqin ki, əlavə bir neçə nəfəri evində saxlamaqçün adamın bir malikanəsi
olmalıdı, işdən aldığı məvacibi öz ailəsinə və eləcə də tələbələrinə
çatmalıdı. Hər həftə ziyafətlər keçirib mədəniyyət xadimlərini çay,
kofe içmək adıyla olsa belə toplamağa ürək lazımıydı. Çünki bu məclisləri
hakimiyyət sevməzdi. Yeniyetmələrə adam arasında necə davranmağı, ünsiyyət
qurmağı şəxsi nümunədə göstərmək lazım idi. O dövrün ən gözəl əsərləri
belə yığıncaqlarda ilk dəfə səslənib, ilk pərəstişkarını da tapırdı.
Özünə hörmət eləyən ziyalı ətrafına istedadlı adamları yığıb misenatlıq,
yəni indi dəbdə olan sözlə sponsorluq eləməliydi. Bu ziyalının cəmiyyət
qarşısında mənəvi borgu sayılırdı. Bu borcu heç kimin boynuna boyunduruq
kimi keçirmirdilər. Belə mühitin yaratdığı ziyalılar nəslini əbəbiyyat,
musiqi, elm və demək olar ki, bütün sahələrdə izləmək olar.
Göydən yerə enib öz ziyalımızın həyat tərzini izləyək. Bəlkə etiraf
eləyək ki, savadlı, oxumuş heç də ziyalı demək deyil. Oxumuş, bacarıqlı,
savadlı adamlarımız çoxdur. Amma ziyalı cəmiyyətin seçilmiş, ardıyca
apara bilmək qüdrəti olan bir təbəqəsidir. Ziyalı qorxaq ola bilməz!
Ziyalı bir parça çörəyə görə məsləyini satmaz! Ziyalı yalan danışmaz!
Ziyalı riyakar, ikiüzlü ola bilməz! Ona görə də düşünürəm ki, bəd ayaqda
xalqı satan insanlar sadəcə ziyalımız deyilmiş. Bu statusu onlara verib
sonra xəyalqırıqlığı keçirməkdə özümüz günahkarıq.
Hər bir sənətin məktəbi var. Məktəbini keçməmiş bir kəs özünə yazıçı,
bəstəkar, alim, musiqiçi, aktyor, rejisyor deyə bilməz. Məktəbi olmayan
şəxsə deletant, həvəskar deyirlər. Ziyalılığın da məktəbi olmalıdı.
Heç olmasa bir-iki nəfər öz nümunəsində, yaşam tərzində bunu göstərməli
və ən vacibi yetirməsi olmalıdı. Daş üstünə daş qoymasan bina ucalmaz.
Heç kimin ömrü yetməz ki, dünyanın bütün yaxşı kitablarını oxusun, şedevrlərinə
tamaşa eləsin, bütün gözəl musiqiləri dinləyib nəticə çıxarandan sonra
hələ bir davamçı da yetişdirib «həyat nədir»i indi ona öyrədə bilsin.
Şəxsiyyətləri bol-bol yetişdirən xalqımızın indi ənənələri ötürməyi
öyrənmək vaxtıdır. Arxalı köpək qurd basar, elə deyilmi?
İndi ziyalı yaratmaqda bünövrə olub torpaq altda qala bilən, kölgədə
ola biləcək qədər böyük ürəkli adamlara ehtiyacımız var. «Ziyalımız
bizi satdı» deyib ruhdan düşməyin. Hər oxuyub çalan, yazıb pozan, hətta
efirə çıxanlara da ziyalı gözüylə baxmayın. Bizim ziyalımız hələ bundan
sonra yetişəcək. Yetişməsə elə bilin ki, bir millət kimi batdıq. Maraqlıdı,
görəsən ilk daşı kim qoyacaq?