İnsan
olmaq
Heyvanların insana həsəd aparması halları barədə heç eşitməmişəm. Amma
əksinəsini çox görmüşəm. İnsan heyvanların, həşəratların, hətta sürünənlərin
azadlığına, arzularının, tələbatlarının ödənildiyi dünyada yaşamasına,
insanın zoopark, qoruq, dəmir barmaqlıqlar arasında həyat kimi kənardan
müdaxiləsini nəzərə almasaq Yaradanı ilə harmoniyada olmasına həsəd
aparır.
Əgər mən ilbiz olsaydım evimi belimdə daşıyıb mənzil dərdi çəkməzdim.
Bir balaca ağır olsa da qapı pəncərəsi olmasa da o, məni kənar təsirlərdən
mühafizə edərdi. Nə ipoteka dərdim olardı, nə su, qaz, işıq, nə də ev
yığışdırmaq. Uşaqlarıma da doğulanda hərəsinə bir ev verib dalına şələyərdim
ki, qocalanacan onlara ev-eşik düzəltməyin, evləndirib ev sahibi etmyin
dərdini çəkməyim. O evdən kimsə məni çıxarıb bayıra ata bilməzdi. Nə
körpü tikənlər, nə yol salanlar, nə də torpağıma göz dikənlər. Kimsənin
torpağında dayansaydım artıq olduğumu görüb sakitcənə çəkilib gedərdim
başqa yerə. İlbiz üçün dünya çox böyükdü. O insanlardı yerə-göyə sığmırlar.
Onda həyat dəlisov meqapolis həyyatının, qaçhaqaç dünyanın tempində
deyil, mənim tempimdə hərəkət edərdi. Sanki Yer kürəsinin də fırlanması
yavaşıyardı.
Mən balıq olsaydım dəniz sularında o yan bu yana üzüb hava dərdi çəkməzdim.
Mənim nə vecimə insanlar havanı zəhərləyib sonra öz zəhərlərindəcə boğulurlar.
Azon dəliyi varmı, yoxmu, ya da Günəş şüaları dəridə xərçəng yaradır
ya yox nə vecimədi?! Mənim yeməyim də, həyatım da dəniz olardı. Dənizi
çirkləndirən adamların okeana gücü çatmaz. Okean onları sunamisi, daşqını
ilə çox qorxudub. Balığın öz dərdi, öz yemi, öz sualtı aləmi var. Balıqçı
toru, ya da tilov olmasa onlar insanla heç görüşməz də. Mən balıq olsaydım
insanları tora salıb, onları dükanların qabağında balaca hovuzda havasızlıqdan
boğmazdım.
Mən qunduz olsaydım indyədək tikilmiş xəz şubaların, gödəkçələrin acığını
insanlardan almazdım. Mən insanı gözəl yaxalığa çevirib boynumdan sallatmazdım.
Bəzən belə yaxalıqlarda dəri sahibinin ayaqları, sifəti də görünür.
Bəlkə sevdiyin qadının boynunda tüklü cəmdək olanda onu daha artıq sevirlər,
bilmirəm. Bəlkə insan sevgisi axıdılmış qanlar və məhv edilmiş canlarla
ölçülür? Qunduzların belə dərdi olmaz. Kimsə qunduzun erkəyindən sevgisinin
rəmzi kimi insan dərisi tələb etməz.
Mən dəvə olsaydım yem dərdi çəkməzdim. Abşeronda yol qırağı dolu olan
qanqaldan- zaddan gövşəyərdim, nadir halda rast gəlinən su kranından
suyumu içib sonra lap 2 həftə susuz yaşayardım. O insanlardı 3-4 gün
su gəlməyən kimi qaçhaqaça düşüb çığırışırlar. Televiziyada çıxış edirlər,
su idarəsini, suyu kəsəni, lap çəkdirəni də söyürlər. Dəvə kimi həyatımda
Bakı kimi quraqlıq şəhərdə lap rahat yaşayardım. Mənə nə şəhərə çəkilən
su kəməri, nə də bahalı yollar lazım olardı. Əzəldən qumsalda necə rahat
gəzirdimsə həmin ritmdə, aramla gəzib dolaşardım. İnsan ətində qutab
bişirib satmazdım.
Mən qartal olsaydım şəhərimə, ölkəmə quş uçuşundan baxardım. Onda mənə
nə «Google»nin xəritəsi, nə də «Googde Earth» proqramı lazım olardı.
Quyruğu kəsilmiş xəritədəki qartala baxıb özümə dərdə eləməzdim. Qartalların
Qarabağ dərdi olmaz. Quşlara nə vaxtaşırı dəyişən dövlət sərhədləri,
gömrükxanalar, başqa ölkəyə uçmaqçün viza, nə də xarici pasport lazımdı.
Mən qartal olmasın, lap balaca sığırçın, ya da bülbül olsaydım insanları
qəfəsə salmağı özümə ayıb bilərdim. Nəyimə lazımdı qəfəsdə oxuyan Pavarotti,
ya da «Dünyanın xoşbəxti mənəm» deyən Zeynəö Xanlarova. Qəfəsdə istər
meyxana desinlər, ya da rok oxusunlar, vecimə olmazdı. İnsanlar azadlıq
nəğmələrini oxumağı unudublar. Onlar çoxdandı cikkildəmir.
İlan –qurbağa olmaq da olardı. İlan kimi özümü yaxşıca mühafizə edər,
yaxına gələni zəhərimlə zərərsizləşdirərdim. Onda mən insan zəhərini,
xüsusilə də qadın dilindən çıxan söz zəhərlərinin alverini edib varlanmazdım.
Qurbağa olsaydım ali məktəblərdə insan orqanizmini öyrənməkçün hər dərs
beş-on dənə adamın qarnını yortmazdım. Donuz olsaydım bütün kosmetik
vasitələri insan dərisində sınamazdım. Dovşan olsaydım hər yeni dərmanı
insana verib onu zəhərləməzdim. Hətta siçan-siçovul olsaydım insan kimi
bu qədər natəmiz, pinti ola bilməzdim. Şir olsaydım insana təmkinli
olmağı göstərərdim. Yeməyi yeyib qalanını soyuducuya doldurmaqdansa
çaqqal-çuqqala verib kənardan baxmağı öyrədərdim. Yırtıcı heyvan olsaydım
insana dostu-düşməndən ayırmağı göstərərdim.
Təssüf, mən insanam. Mənim şüurum da var, ağır məişətim də, üstəlik
bütün yer kürəsini çəkəcək dərəcədə böyük ürəyim də. DNT səviyyəsində
insan ətraf mühiti ilə tam harmoniyadadır və o, demək olar ki, bütün
canlı aləmin informasiya daşıyıcısıdır. Bu yerində Darvin çox haqlı
idi və heyvanat aləmi ilə qohumluğumuzu dana bilmərik. Yəni ki, insan
təkamül yolunu keçdikcə ilbizin də, canavarın da, ilan-qurbağanın da
həyatını yaşayıb və irəliləyib. Deməli o, özündən başqa canlıların azadlıq
duyğularının, müstəqil olub taleyini əlinə almağın yollarını, sağ qalmağın
və sağlam nəsil verməyin də üsullarını artıq bilir. İndi o, şüurlu olub
bütün canlı aləmə, planetə görə məsuliyyət daşımaq mərhələsindədir.