Gözündən
gülənlər
Nə deyirsiz deyin, amma ziyalı insanı lap küçədəcə kütlədən ayırmaq
olur. Çeşidli maşınların əhatəsində yaşadığımızdan piyada gəzmək o qədər
də hörmətli sayılmasa da şəhərdimizdə bir gəzişək. Əslində küçələrimiz
təkcə buna yarayır, maşınlarçün çox darısqaldı. Onda, hələ salamat qalmış
memarlıq abidələrindən baxışlarımızı qopardıb düz baxsaq arabir qarşımıza
maraqlı insanlar çıxacaq. Üzbəüz çıxacağımız adam ahıl yaşlı, əsəbi,
cındırından cin hürkən saqqıllı əmi, alicənab qadın, ya da romantik
baxışlı cavan ola bilər. Amma onların içində hansısa altıncı duyğu orqanı
ilə ziyalı insanı duyub ayırırıq. Ola bilər, yumşaq addımlarından, baxışlarından,
mütənasib geyimindən, ya da ki, sanki hamını salamlayan təbəssümündən
onun fərqli olduğunu duyuruq. Bəlkə də sonuncu meyar, yəni hamıya xoş
məramla baxması onu hamıdan fərqləndirir. Axı məhz bu keyfiyyəti əksəriyyətimiz
itirmişik.
Burda yumşaq baxışlı insanı sevmirlər. Ona görə də cəmiyyətin ən köməksiz
zümrəsini adam yerinə saymır, anadangəlmə nəzakəti məsxərəyə qoyurlar.
Burda qurd baxışlı, şir biləkli, tülkü xislətli, lap qoyun kimi axmaq,
hətta donuz kimi pinti də olmaq olar. Amma mərhəmətli və xoşməramlı
olmaq özünü hamıya güldürməkdi.
Sadə bir misal: bu günlərdə, daha doğrusu sentyabrın 1-də Bəstəkarlar
İttifaqına yenidən qaytarılmış binanın təmirindən sonra açılış mərasimi
oldu. Ölkə prezidenti ailə üzvləriylə birgə açılışa gəlmişdi. Bəstəkarlar
İttifaqınnın bu mərasimi mətbuatda qısaca informasiya ilə işıqlandırıldı.
Bir də ki, internetdə yerləşdirilmiş fotolardan məlum oldu ki, yeni
zalda musiqi nömrələrindən ibarət kiçik bir konsert də baş tutdu. Binanın
gözəlliyinə və yeni təmirinə söz ola bilməz. Parket bərq vurur, hər
şey yüksək səviyyədə və tərifə layiq. Amma məni bir məqam narahat elədi.
Bəstəkarlar İttifaqını cəmi 5 nəfər təmsil eləyirdi. Elə bil ki, bu
boyda respublikada, yüzlərlə üzvü olan İttifaqda prezidenti salamlayacaq,
onun gəlişinə araya çıxarılacaq bəstəkarımız yoxmuş? Sərgilənmiş fotolarda
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ölkə rəhbəri ilə danışan,
təbrikləri qəbul edən yerdə, daha sonra isə zalda konserti dinləyən
yerdə görünür. 3 nəfərdən ibarət prezident ailəsi zalın sol tərəfini,
5 nəfərdən ibarət Bəstəkarlar İttifaqının təmsilçiləri isə zalın sağ
tərəfini əlbəttə ki, doldura bilməzdi. Bunu musiqiçilər daha yaxşı bilir,
zal boş olanda səs divarlara dəyib tennis topu kimi ordan-bura tullanır
və bütün effekti pozur. Hətta tamaşaçı, dinləyici diqqətindən əlini
üzmüş və ona tamamilə etinasız olan, avanqardistlərin babası sayıla
biləcək bəstəkar Şönberq deyirdi ki, «Tamaşaçının varlığı məni qətiyyən
maraqlandırmır, amma o, akustika baxımından çox gərəklidir». Bəstəkarlar
İttifaqında bunu yəqin ki, bilirlər. Heç olmasa akustika baxımından
zalı demirəm hər küçədən keçənlə, elə öz bəstəkarlarımızla doldurmaq
da olardı. Onlar tərif deməsələr də oturub musiqini dinləyər və sonda
əl çalardılar. Onlar konsert zamanı tum çırtlamazdılar və söhbət də
eləməzdilər. Bundan sonra necə deyək ki, bu məmləkətdə ziyalısının dəyəri
və hörməti var. Elə bil ki, ölkədə savadlısından, biliklisindən, ziyalısından
utanırlar ki, adam arasına çıxarmırlar. Yaxud da, nüfuzlu layihələrdə
iştirak edən insanların, bütün yuku çiyinlərində daşıyanların adları
hardasa görünməz yerdə, eynəksiz oxuna bilinməyək şriftlə, məsələn,
qara fonda qəhvəyi hərflərlə yazılır.
Vicdan və günah haqqında sonsuzluğa qədər uzanan mübahisələr və dissusiyalar
artıq aktual deyil və demək olar ki, hamının zəhləsini töküb. Ziyalı
heç kimin əvəzinə günahlarını yumayacaq və bütün millətin savad yükünü
çiyninə almayacaq. Savadlı adamların artması cəmiiyətçün hələ də göstərici
deyil. Amma içində nur gəzdirən insanlar ən əvvəl baxışlarındakı nifrəti
öldürüblər. Bununçün əvvəl ürəklərindəki kini süpürüb atıb sonra hamının
əvəzinə utanmaqda davam edərək hələ də həqiqəti axtarırlar. Bizim anlamda
ziyalı, mənim anlamımda gözündən gülənlər nifrətə, küdurətə, nifaqa
ürəklərində qalib gəliblər. Bu böyük qələbədi. Maşınını cüyüldədib çirkab
suları ətrafa fontan vurub keçənlər ola bilər eynəyi islanmış adamın
köməksizliyinə, acizliyinə qaqqıldayıb uzun müddət güləcək. Amma kitabları
zirzəmi siçanı kimi «gəmirən», son qəpiyini kağız-kuğuza verən, kitab
və notlardan ibarət adacığın istisində böyüyən, oxuyankən xoşbəxt olan
insanlar olmasa cəmiyyət iyrənccəsisinə, tez, şiddətlə və insafsızcasına
məhv olacaq. Bunu hamı bilir.
Amma heç kim demədi ki, qarşıdan gələn adamın gözlərində nifrətdənsə
sevgi axtarmam lazımmış. Taparammı, bilmirəm? Bu də yəqin növbəti mərhələdi…