İpisti köşə
Şəhər cəngəlliyinin bəyaz günəşi altında gəzintidən sonra

İstinin ucu-bucağı görünmür. İsti deyəsən geri çəkilmək fikrində deyil. Dediklərimizi qocaman şəhər sakinləri eşitsəydi yəqin ki, «Bakıda həmişə isti olub, təzə xəbər deyil ki» deyərdilər. Yaxşı ki, Abşeronun sarı, quru qumu var. Yoxsa Moskvanın torflu qara torpaqları kimi yanardı, tüstüləyərdi. İndi onlar torflu torpaqlarını sulayırlar ki, tüstüdən boğulmasınlar. Kitablar yazır ki, keçmişdə Abşeron torpaqlarına ziyarətə gələnlər yeməyi qumun üstündə bişirərmiş. Xüsusilə də Atəşgahda təbii odun azad çıxdığı yerdə qazanı quma başdırandan 3-5 dəqiqə sonra yemək hazır olarmış. İndi isə biz günəşdən şikayətliyik.
İstidi, istidi, istidi… Bu sözü min cür çalarda min dəfələrlə təkrar edirlər, amma o azalmır ki, azalmır. Küçədə də, ofisdə də hətta metroda da istidi. Mühərriklər də duyğular kimi tüstüləyir. İstidə sözlər də qırlı damlar kimi əriyib şəhərin qoxusuna qatışır. Evdən hər çıxışı qəhrəmanlıq saymaq olar. Çünki günəş beynini deşir. Çünki isti əsəblərini tarıma çəkir. Şəhərin rəsmi termometrləri heç vaxt 40-a yaxın dərəcəni göstərmir. Evdə oturub gildir-gildir tər tökərkən manitorumdakı «Yandeks bar» 31 dərəcəni göstərərək elə bil ki, adama sataşır. Bir dəli şeytan deyir, götür əlinə termometri düş şəhərin canına.
Şəhər günorta çağı közərmiş tavaya oxşayır. Yeni tikilən yollardakı termometrlər deyəsən arabir düzünü deyir. Günorta asfaltın istisi 50 dərəcəni keçir. Adamın ayağındakı ayaqqabı elə bil od tutub yanır. Çin istehsalı olan ayaqqabı milli istimizə dözərmi heç. Ayaqyalın gəzmək istəyirsən. İstidən olan hallisunasiyalarda özünü sahilin qumunu barmaqlarınla eşələyən görürsən. Amma həkimlər deyir ki, 55 dərəcədə ayağını yerə qoymaq suluqlu yanıqlara gətirib çıxara bilər. Bu dəfə yoxlamamış inanmalı olarsan. Asfalta tüpürməklə qurumağı bir olur, niyə də inanmayasan?
Günəşdən reportaj yazmaq, istidən müsahibə götürmək qəhrəmanlıqdır. Çünki ayaq döymək lazımdır. Marşruta minib günəş şüalarından qaçmaq istəyirsən. Amma pəncərələri anadangəlmə bağlı marşrut avtobusda tər içində kef eləyən iyrənc bakteriyaların havada qopardığı qoxu yallısına qoşulmağın da gəlmir. Ağac kölgəsində o birinədək qaçaraq çatıb nəfəsini dərmək daha rahatdı. Belə marşrutu əksəriyyəti seçir.
Deyirlər ki, istilər avropallar soyunub fontanlara üz tutmağa məcbur edib. Məsələn, birisi yolnan gedir, ona isti olur, heç kimə fikir vermədən soyunub fontana girir və sərinləşir. O, alt paltarının güllü-güllü olmağından, kiminsə ona baxacağından, statusunun buna imkan vermədiyindən narahat deyil. Əcəbdi, bəlkə ona görə Bakının fontanları gün-gündən artır ki, biz də avropalılar kimi komplekslərimizdən rahat qurtulaq? Biz şərqliyik, biz son qəpiyimizi toparlayıb ən azı bir il kredit verərək evimizə kondisioner almasaq olmur. Metroda «əl kondisionerləri, əl kondisionerləri» deyə çığıraraq yelpinc satanlar gəzişir.
Yaxşı ki, Bakıda maşınların əksəriyyti bahalıdır. Çünki ucuz plastik alışqanlar istidən əriyib deşilir və benzin də istidən alışa bilər. Televizorda deyirlər ki, benzin bakını ağzınacan doldurmayın, yoxsa partlayar. Amma demirlər ki, səbir kasası yox e, bakını ağznacan doldurmalı oluruq. Yol qəzalarının statistikası lap cəbhə bölgəsindən xəbərlərə bənzəyir. Deyəsən beyinlər də qaynayır. Yolda hamı itələşir, kimsə kimsəyə yol vermək istəmir. Amma sən tələsmə, səni söyənlərə nəzakətlə cavab ver. Axı sən ucuzvari Çin istehsalı olan alışqan deyilsən ki, istidən qızışasan. Özündən çıxma, fikrin günəşə çox getməsin.
Maşina minib üzü küləyə «uçmaq» istəyirsən. Adama elə gəlir ki, pəncərələrdə içəri soxulan külək sənə sərinlik gətirəcək. Amma maşının kapotu gün altında qalsa 79 dərəcəyə qədər qızır. Deyəsən qayqanaq bişirməyə yer tapacağıq. Uşaq atraksionlarında da hər şey dəmirdəndi. İndi gəl bu tərs uşağa başa sal ki, 67 dərəcəyə qədər qızmış sürüşgəndə oturmaq isti ütüyə oturmaq kimi bir şeydi.
İsti də kasıblara qənim kəsilib. İmkanlının nə vecinə, kondisionerli evində ürəyi darıxsa çıxıb gedəcək adını xəritədən tanıdığımız dənizlərin, ya da okeanın sahilində sərinlənməyə. İstinin də ki, nə vicdanı, mürvəti, nə də abır-həyası var. İsti bəlkə yeganə vaxtdı ki, bölgələrdən şəhəri fəth eləməyə gəlmiş adamları peşman olmağa vadar edir. Onlar kənddəki evi, ağac altındakı kölgəliyi, axar suyun səsini xatırlayıb şəhər cəngəlliyində cəhənnəm əzabı çəkdyini anlayırlar. İsti havanı ventilyatorla o yan-bu yana qovaraq xəbərləri dinləyən azərbaycanlı 2025-2050-ci illərdə havanın daha da istiləşəcəyi xəbərini sakit qarşılaya bilərmi? Axı hələ 2003-cü ilin istiləri Avropada 40 min adamı məhv elədi…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?