Avrovijen çiçəkləri
Biz nə vaxtacan kimliyimizi müqayisədə təyin edəcəyik?


Bir şey qalmayıb. Həmin o gün tezliklə gələcək. Bakı qısa müddətə olsa da dünyanın diqqət mərkəzində olacaq. Ona görə də yaman qaçhaqaçdayıq. Deyim ki, çoxdandır belə təmtəraq görmürdük. Sovetlərdən qurtulandan bəri bütün tədbirlərin miqyası çox kiçik olurdu.
İlahi, nə qədər kamera gələcək Bakıya? Nə qədər göz detallara baxacaq, xırdalıqları izləcəyək, eşitdiklərini diktafona, ya da yaddaşına yazacaq? Bir balaca qüsur olsa inanıram ki, bütün millət utandığından yerə girəcək. Bizim anadangəlmə xasiyyətimiz elə belədir. Utanası olsaq bu məqamda kimin müxalif görüşlü, ya da iqtidarpərəst olması önəmli deyil. Biz elə ümummilli utancaqlıq kompleksi ilə doğuluruq. Gör heç fransızın vecinədir ki, prezidentinin gündə bir fotokollajını internetə qoyub elliklə gülürlər? Çünki topdağıtmaz dövləti var, yaxud vətəndaş onun topdağıtmaz olduğunu fikirləşir.
Biz elə evimizdə də beləyik. Qonaq gələcəyini xəbər verən kimi hay düşür ortalığa. Silib süpürən kim, bazara qaçan kim, evin pəncərələrini silən kim. Soruşan lazım, bəyəm qonaq pəncərələrə baxmağa gələcək? Ya da ki, onun evində yeməyi-zadı yox imiş? Biz heç ağlmsıza da gətirmirik ki, kimsə bizimçün darıxıb və sadəcə söhbətləşməyə gəlib. Amma bunun əvəzində bütün günü at kimi çapıb yorulur və qonağın danışdıqlarını mürgü döyə-döyə dinləyirik. Bizim problemlərimizin əksəriyyəti elə bu kompleksimizdən doğur. Gələni mütləq yedizdirməliyik, gəzdirməliyik və gözünün içindəki razılıq ifadəsini görməsək ürəyimiz partlar. Ola bilər ki, Avrovijendə Bakıya gələnlərdən kimsə burdan narazı getsin. Kiminsə mehmanxanada isti suyu olmadı, ya da şəhərin mərkəzindən uzaqlaşıb kanalizasiya suyu ilə dolu çalaya düşdü. Sonra o, gedib narazılıq dolu bir yazı yazsa burdakıların hiddətdən ürəyi partlayacaq ki, ay nacins, sənə yedirtdiyim o kabablar gözündən gəlsin! Heç kim düşünmür ki, gələn adama kabab lazım deyildi, onların mədəsi belə yeməklərə öyrəşməyib heç. Bizim verdiyimiz yeməklərdən onlarda ya mədə pozuntusu, ya da həzmdə problemlər olar. Ona yeni təssüratlar, fərqli insanlar və yəqin ki, gülər üzlər lazımdı. Kababı onun ağzına dürtmək bizə lazım imiş. Çünki özümüzü bəyəndirməyin ayrı yolunu tanımırıq.
Neyləyək bəs? Qonaqlara itirdiyimiz torpaqları göstərək? Heç olmasa xəritədə. Ya da əldən-ələ keçmiş tariximizi? Vərəq-vərəq itirdiyimiz yaddaşı, yoxsa çökmüş iqtisadiyyatımızı? Olmayan elmimizi, diz üstə yazılan ədəbiyyatımızı, bozbaş müğənnilərin palatka yaradıcılığını? Folklorumuzu, muğamı, xalq yaradıcılğını onlar artıq eşidiblər, göstərəsi yeniliklər lazımdı. İtirdiklərimizin nəhəng siyahısında itirilmiş mənlik o qədər də böyük görünmür.
İstər məişət səviyyəsində, istər daha böyük miqyasda biz gəlib-gedəni bu prinsiplə qarşılayır və yola salırıq. Adını da Şərq qonaqpərvərliyi qoymuşuq. Eşitdiyimə görə Şərqin başqa millətləri bəzən evinə gələn qonağın qarşısına əməlli-başlı çay da qoya bilmir. Nə olsun? Kimsə gözünün qıyıqlığından, ya da dərisinin rəngindən utanmır ki? Biz bütün dünyanı olduğu kimi qəbul etməyi bacardığımız halda bircə özümüzü olduğumuz kimi, bəzəksiz-düzəksiz, şişirtməsiz, tərifsiz və tənqidsiz qəbul edə bilmirik.
Bəli biz buyuq! Göydən 2 damcı yağış yağan kimi kanalizasiyalarımız daşıb düz küçənin ortasıyla axır. Hamı onu tapdalayıb evinə aparır. Krandan gələn suyumuzu durultmasaq, süzgəcdən keçirməsək içməli deyil. Onun içində axtarsan dünyaya hələ də məlum olmayan bütün zərərverici bakteriya növləri də var. Amma biz hələ ki sağıq. Şəhərin üstündəki toz dumanını şəhərin məşhur Xəzri küləyi də dağıda bilmir. Biz dişlərimizin arasında qum xırçıldaya-xırçıldaya gedib-gəlirik. Dənizin rəngindən adamın ürəyi bulanır, hətta içində üzən ifrazatlar gözlə görünməsə də. Hamı bilir ki, Bakı artıq yaşamalı şəhər deyil. Adamlarımızın üzü gülmür, məişət əksəriyyətinin belini əyib. Əyilənlər arasında müəllimlər, alimlər, mühəndislər daha çoxdu.
Amma bütün bunlarla belə biz bu ilin Avrovijenini şəhərimizə gətizdirə bildik. Gülpərəstlər bilir ki, ən yaxşı çiçiklər peyinlikdə açır. Ya da dibçəyə bir qaşıq peyin əlavə etməlisən ki, bitkinin bu ilki çiçəklərini görə biləsən. Bu il Bakının gül açan vaxtıdı. Onun çiçəyi sarı da, qırmızı da, lap Avropa istəyən kimi mavi də ola bilər, fərq etməz. Bu çiçək gülab iyi də verə bilər, istəsəz lap it iyi də. Amma biz bu may mütləq gül açacayıq. Bu çiçək dünya çiçəklərinin ən gözəli olmaya bilər. Amma bu, bizim çiçəyimizdir. Biz bu çiçəyi görməyə layiqik. Qoy hamı gəlib onu gül açdığı yerdə görsün. Kimliyimizdən utanmadan bircə bu faktla artıq fəxr etməyə dəyər.

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?