Arzu
qanadında
Diqqət, diqqət! Uçmaq istəyən var?!
Hər səhər uşaq bağçasındakı körpələrin gözlərinə, davranışına baxıram.
Kimsə oyuncaq kompüterini qoltuğuna vurub bağçaya gətirib ki, fors elesin,
kimsə maşınının ən böyüyünü göstərib heç kimə vermir, kimsə paltarının
balağını durmadan düzəldir ki, gözəl bantlarına yaraşsın, kimsə masanın
bir küncünə çəkilib evdən gətirdiyi buterbrodları tez içəri ötrür ki,
əlindən alan olmasın. Onlardan heç kim kosmonavt olmaq istəmir, bunu
soruşmasan da bilmək olur.
Kosmonavt olmağı istməkçün əvvəl gərək kosmosun nə olduğunu biləsən.
Miltfilmlərdə planetlərin şəklini görəndən sonra ata-anandan soruşasan
ki, bu nə olan şeydi. Cavabında insanın anlaya biləcək bir cavabı eşitməlisən
ki, bu sualı bir də, az sonra məktəbə gedəndə müəllimindən soruşasan.
«Mars necə olur?» sualına ata futboldan gözünü çəkmədən nəsə çeynəyib
tökdüsə, ana əllrinin kirini önlüyün silib «Mən nə bilim» deyib zarafatyana
uşağın dalına bir şapalaq vurdusa onun beynində planetlər, qalaktikalar
barədə biliklər əmələ gəlməyəcək. Bizim valideynlər düşünür ki, uşaqlara
bu biliklər həyatda lazım olmayacaq.
Marsın harda olduğunu bilmək məsələn balinalara heç lazım deyil. Balinalar
heç də axmaq heyvan deyil. Onlar özlərinə ad verə bilir. Balinalar qütb
dənizlərini çıxmaq şərtilə bütün okeanlarda yaşayırlar. Onlar sürü halında
yaşadıqlarından ünsiyyətcil olur. Balinaları qarabaqara izləyən bioloqlar
onların çıxardığı səsləri yazıb sonra öyrənməyə çalışırlar. Sən demə
balinalar çıxardığı səslərin arasında fasilələr verir və bu fasilənin
qədəri hər balinada özünəməxsusdur. Balinalar tanışdısa onlar bir-birini
ultrasəs çıqqıltısından beləcə ayırır. Balinalar hələ mahnı da oxuyur.
Amma alimlər deyir ki, 20-ci əsrin 60-cı illərindən bəri göy balinaların
mahnıları azalır. Onlardan da kosmonavt çıxmaz yəqin.
Kosmosu əldən-ayaqdan salmaq qarışqalara da lazım deyil. Onların da
başı pis işləmir. Qarışqalar riyaziyyat da bilir və yeməyə əl çatdırmaq
üçün bütün riyazi bacarıqlarını işə salırlar. Bu yaxınlarda Sibirdən
olan alimlər sübut etdi ki, qarışqalar sadə ədədləri toplayb çıxa bilir.
Qarışqalar anten kodu prinsipiylə informasiya da ötürürlər. Onların
dilini anlamasaq da əmin ola bilərsiz, onlar da Marsa uçmaq istəmir.
Yəqin ora gedənəcən hesablamaların çox mürəkkəb olacağını artıq bilirlər.
Onların gücü yalnız dəqiqədə 1 bit sürətilə 6 bit informasiya ötürməyə
çatır. Onların özünəməxsus radiosiqnal ötürmək qabliyyəti də var. Su
basma zonalarında məskunlaşan qarışqalarsa sel gələn kimi bir-birindən
yapışıb bərə düzəldirlər və batmırlar. Tikintiyə isə cəmi 100 saniyə
vaxt sərf edirlər. Sonra lazım olsa bu bərə həftələrlə, aylarla batmadan
suyun üstündə qala bilir.
Alimlər bir balaca də təkidlə hevanların həyatını öyrənəndə görüblər
ki, hətta yumurtadan təzəcə çıxmış cücələr də saymaq qabliyyətinə malikdir.
Şimpanze, delfinləri demirəm, hətta balıqlar da düşündüyünüz dərəcədə
küt deyil. İmperator pinqvinləri qızışmaq üçün bir-birinə sığınırlar.
Yaranan dairənini kənarlarındakı pinqvinlərə soyuq olmasın deyə vaxtaşırı
yerlərini dəyişir və kənarlardakı pinqvinləri mərkəzə doğru itələyirlər.
Bununçün hər pinqvin əmr gözləmədən 30-60 saniyədə 5 millimetrlik kiçik
addımlar edir və yanındakını soyuqdan ölməyə qoymur. Deyirlər ki, sürüdəki
bəzi liderlər prosesin davamlı olmasını idarə edir. Amma onlar da Marsa
uçmaq istəmir.
Qədim dövrlərin qəhrəmanları əlində ildırım saçan silahlı Zevs, odu
insanlara vermiş Prometey, gözəllik ilahəsi Afrodita olub. İnsanlar
göyü əlində saxlayan allahlar barədə həmişə miflər yaradıblar. Bəlkə
də ona görə kosmonavt olub göyə usmağı arzulayıblar. Biz kosmosa dəxli
olan və Moskvada yaşayan yeganə azərbaycanlımızla fəxr etməkdə davam
edirik. O boyda millət üçün bu az deyilmi?
Marsa uçmaq üçün insan bunu arzulamalıdı. Bu cümlədə əsas məna daşıyan
söz Mars deyil, arzu sözudur. İndi deyəsən uçmaq deyil, sağ qalmaq məqamıdır.
Parıltılı həyat, yeyib-içmək, podiumlar, maşın yarışları şəraitində
göy adamları yaranmır. Onsuz da göyə baxanlar ulduzlar qədər deyil,
barmaqnan sayılası qədərdi. Sığınmağı və bir-birini qızdırmağı pinqvindən,
bir-birindən yapışıb sağ qalmağı qarışqadan, ünsiyyət üsullarını balinadan
öyrənəndən sonra ardını getmək də olar. Onda yəqin gözümüzü göydən çəkə
bilməyəcəyik. Biz Marsa ona görə uça bilmirik ki, arzulamaqdan əl çəkmişik.