Siqaret
tüstülədən tələbə günü
Tələbə deyəndə əhalinin ən fəal, aktiv, yeni ideyalarla ilhamlanmış
və gənc təbəqəsi nəzərdə tütülür. Bu gün beynəlxalq tələbə günüdür və
dünya aktiv, haqq-ədalət mübarizəsində olan, şənlənməyi bacaran və bilik
qranitini dişləriylə gəmirən cavanlarına təqvimdə bir gün ayırıb ki,
yığışmağa bəhanələri olsun.
Bütün rəsmi bayramlarda olduğu kimi bu bayramın da gözyaşardıcı qəmli
tarixcəsi var. Bayramı 1946-cı ildə Tələbələrin Beynəlxalq konqresində
Praqa tələbə-patriotların şərəfinə təsis ediblər. 1939-cu ildə faşistlərin
işğal etdiyi Çexoslavakiyada tələbələr dövlətin yaranma ildönümünü qeyd
etməkçün nümayişə çıxmışdı. Nümayişi dağıdarkən tibb fakültəsinin tələbəsi
Yan Opletal güllələndi. Onun dəfni günü böyüyüb ağıllı-başlı nümayişə
çevrildi. Bu nümayişin onlarla iştirakçısı döyüldü, həbs edildi. Səhəri
gün gestapoçular sübh tezdən tələbə yataqxanasını mühasirəyə aldılar.
1200 tələbə həbs edilib Zakesnxauzen konslagerinə göndərildi. Hərəkatın
9 aktiv iştirakçısı məhkəməsiz Ruzin türməsində edam edildi. Hitlerin
əmrinə görə bütün Praqa ali məktəbləri müharibənin sonuna kimi bağlandı.
Bu tarixcəni oxuyanda adam Çexiya tələbələrinə görə qürur duyur. Tarix
boyu tələbələr cəmiyyətin ipə-sapa yatmayan, yenilikləri göydə tutan
və gözəlliklərə, eləcə də ədalətsizliklərə daha həssas olan təbəqəsi
olub. İnqilabların başında duran pis-yaxşı liderlər tələbə qüvvələrinə
dayaqlanıblar. Hələ çar Rusiyasının zamanında imperator əmri ilə təsis
olunmuş universitetdə oxuyan tələbələrə qoyulmuş ciddi qayda qanunda
onlara kəndli paltarı geymək qadağası vardı. Bu qadağanı pozan tələbə
pulla cərimə edilir və qılınc gəzdirmək hüququndan məhrum edilirdi.
Yəni ki, tələbələr xüsusi, yüksək kasta ranqına yüksəldilir və dəfələrlə
aşağı sayılan kəndlilərə yaxınlaşmaq məqbul sayılmırdı. Yəqin ki, rus
çarlarının ürəyinə dammışdı ki, nə vaxtsa yetişdirdikləri, savad verdikləri
tələbələr bütün quruluşun altını üstünə çevirəcək. O vaxtlar hələ ki,
tələbənin hörməti vardı və ən yaxşı tələbələrə hərbi rütbələr verilirdi.
Elə təxminən o zamanlar bizdə də «fitilbörkdə» oxuyub qayıtmış tələbələr
cəmiyyətin qaymaqları sayılırdı. Bu elə bir dövr idi ki, universitetə
yalnız oxumaq üçün gedirdilər. O vaxlir qızın cehiz xonçasına diplom
da qoymaq dəbi yox idi. Ona görə də keçmiş zamanlarda istər kasıb, istər
varlı ailələrin qızları ali savad ala bilməzdi.
Bu günün tələbələri simvolik şəkildə birləşərək cəmiliklə şənlənməyə
yığışır. Qabaqdan gələn sessiyanın zəhmini yaddaşından bir günlük silir,
zaçot və imtahanları vecinə almayarayaq daha bir gün də avaraçılıq etməyə
can atır. Niyə də olmasın? Universitetləri bağlayan faşistlər yoxdu,
millətlərin azadlığı indi daha incə, gözəgörünməz və texnoloji silahlarla
gücləndirilmiş şəkildə aparılır. Kimini internetdə güdmək, Facebookda
danışdıqlarını izləməkçün xəfiyyələr ordusu saxlamaq lazım deyil. Tələbələrsə
həmişəki kimi fərqinə varmadan hər şeyi danışır və qorxu-hürkü bilmir.
Amma bayramlara ehtiraslı yalnız bizlərik. Çünki xaricdə elan edilmiş
bütün beynəlxalq bayramların heç avtoriteti yoxdu. Belçika tələbələri
ümumiyyətlə tələbə bayramlarına soyuq yanaşır. Sessiyanı uğurla versələr
bəlkə yığışıb söhbətləşərlər. Danimarka tələbələri bayramları ailəvi
şəkildə və dostlarıyla keçirir. Onlar yığışıb qitarada çalıb oxuyur,
gecə yarıdan sonra isə bara gedirlər. Amerika tələbələri isə hər şeyi
və hər yerdə bayram etməyi sevir. Çünki istədiklərin etməyi, istədiklərini
deməyi də bacarırlar.
Bu günü dünyada bir neçə üsulla qeyd edəcəklər: akademik azadlıq, universitetlər
vətəndaş yetişdirən mərkəz kimi, təhsilin bu günü barədə söhbətlər aparmaqla,
tələbə hərəkatı liderləriylə tarixi yada salmaqla, Beynəlxalq Şəbəkədə
tələbələrin hüququ Deklorasiyasının ən qiymətli məqamlarını sadalamaqla.
Gördüyünüz kimi burada kimsəni mədh eləmək və tərifnamə oxumaq adda
bir kəlmə də yoxdu.
Sosial süstlüyə qarşı bütün dövrlərin ən yaxşı silahı olan tələbələrimiz
indi niyə bu qədər dayaz və bu qədər etinasızdır? Axı dünyanın tələbələri
susmur! İran türmələrində yüzə yaxın tələbə saxlanır. Çində tələbələr
Tibet dilinin tədrisinə etiraz edir, Fransa, İtaliya, Ukraynada tələbələr
təhsilin kommersiyalaşmasına qarşı çıxış edir. Bəzən bu etirazların
ciddi fəsadları da olur. Bizdə tələbə hüququ barədə bir kəlmə desən
sənə çəp-çəp baxarlar. Bu da bir qanunauğunluqdu, kimsə səni sıxışdırmırsa,
ayaqlamırsa, güllələmirsə, konslagerə salmırsa onda sən başını mobil
telefondan ayırmayaraq damağında siqaretlə gününü kitabxana sakitliyində
deyil, çayxana qələbəliyində keçirə bilərsən. Yeri gəlmiş bu gün həm
də siqaretdən imtina günüdür. Bu gün damağında siqaret olan tələbələrin
ikiqat bayramıdır.
P.S. İş elə gətirdi ki, yazını yazmazdan əvvəl bu günlərdə Bakı meriyası
qarşısında keçirilmiş aksiyanın fotolarını, ondan əvvəl isə gənclərin
metroda etiraz videosunu izlədim. Miqyasdan danışmaq artıqdır. Metronun
çıxışındaca «qulaqlanmış» etirazçılar heç bir tin irəliləyib «Baksovetin»
binasına yaxınlaşa bilmədi. Metrodakı etirazçıların isə cəmi 2 nəfər
tamaşaçısı vardı…