Havayı
günəş
«Ölməyə Vətən yaxşı» seriyasından
Bayaqdan özümlə çarpışıram, yazıya başlaya bilmirəm. Bir az əvvəl qonşuyla
söz güləşdirdiyimdən sinirlərimi tarazlayıb fikirləri cümlələrə çevirə
bilmirəm. Tərs kimi açarlar da elə bil ki, qapıya düşmürdü. O biri tərəfdən
telefon özünü çantada «cırıb dağıdır». «Bəsdi, bezmişəm! Çıxıb gedəcəm
burdan!» fikri nədənsə rahatlıq gətirir. Onu da bilirəm ki, heç yerə
gedəsi deyiləm. Adətən nədən yazacağımı biləndə mənə rahat olurdu. Bu
dəfə kompüterə hələ yaxınlaşmamışdan bilirdim ki, qürbət və Vətəndən
yazacağam. Yəqin zamanı yetişib.
Sırağagün Bəstəkarlar İttifaqı Fərhəng Hüseynovla vidalaşırdı. Daha
doğrusu ömrünü qürbətdə yaşamış bəstəkarımızı son mənzilə yola salırdı.
Bu ad sizə heç nə demir? Onda bəstəkarın bioqrafiyasına bir balaca ekskurs
edək. Bu yaxınlaracan onun üçün «Azərbaycanın ən gələcəkli, ən ümidverici
bəstəkarlarından biri» kimi yazırdılar. Amma kişinin 60 yaşı vardı,bəlkə
bir il artıq, ya da bir-iki il əskik. Azərbaycanda sənətçilərin ağır
sosial durumu və gələcəyə ümidsizliyi hamıya gün kimi aydın olanda onun
bəxti gətirdi və Türkiyədə işləməyə imkan yarandı. (Yəqin mən bu yerində
«Türkiyədə işləməyə getməyə məcbur oldu» yazmalıydım. Əsəbiyəm, düzünü
yazacam). Adanada Universitetdə simli alətlər kafedrasının müdiri vəzifəsinədək
yüksələ bilib. Demək artıqdı, bu vəzifəni hər adama verməzlər. Özü dediyi
kimi «7 yaşından 47 yaşınadək» tələbələri vardı. 7 yaşlılar kaman tutmağı
öyrənirdi, 47 yaşlılar isə doktorluq dərəcəsi almağı. Bəstəkar və skripkaçı
kimi Fərhəng Hüseynov dünyanın bir çox ölkələrində tanınıb. Qəribədi,
burda əsər yazmaş asandı, ifa etdirmək çətin. Qürbətdə isə əksinə. Yenə
də tanımadız? Əlbəttə, axı o, buranın yox, Türkiyənin musiqi təhsilində
ciddi reforma edib və arasıkəsilməz musiqi təhsili sistemini yaradıb,
lap bizdəki kimi. İstedadlı tələbələri də var, onların bioqrafiyasında
ilk müəllimlərinin azərbaycanlı olduğu həmişəlik qeyd olunub. Bu həm
kədərlidir, həm də fəxredici. Bəlkə kədərlənməyə dəyməz? Çünki dünya
konsert salonlarında adı çəkilib, müxtəlif ölkələrdə sənətkarlıq kurslarında
ustad dərsləri verib və yəqin ki, hər dəfə azərbaycanlı olduğunu deyib.
Hətta Yaponiyada keçirilən müsabiqəyə təqdim olunmuş əsərini o qədər
bəyəniblər ki, yaponlar ona opera yazmağı də sifariş veriblər. Nəticəsində
tanınmış yapon yazıçısı Xatisraqava Xasyunun romanı əsasında yazılmış
operada yapon milli intonasiyalarıyla bərabər azərbaycan musiqisi də
eşidilir. Yaponiyada olsaydıq dinləyərdik əsəri.
Tanımadızsa ürəyinizi sıxmayın. Axı o, mahnı yazmırdı. Bir neçə filmə
musiqi bəstələmişdi, vəssalam. Azərbaycanda mahnı yazmayana bəstəkar
demirlər. Ya da mahnı yazanların hamısına bəstəkar deyirlər. Bir də
bəstəkarlarımızın, musiqiçilərimizin bir zəif yeri var. Onlar ölməyə
Vətənə gəlirlər. «Gedim görüm neynirlər?», ya da «Bir dolaşım gəlim»
deyib Bakıya qayıdan kimi zamanı bitibsə canını burda tapşırır. Bəlkə
xatırlarsız, rəhmətlik Emin Sabitoğlu da bura 3 günlük gəlmişdi. Atasının
ölümünün ildönümünü qeyd edib geri qayıdacaqdı, alınmadı. Onu burda
yerdən götürdülər. Ona görə də xaricdə yaşayıb işləyən həmvətənlərimiz
bilir ki, necə olsa da tale dolaşdırıb sonunu bura gətirəcək. Qış tətillərini
Bakıda keçirən Cavanşir Quliyev də musiqişünas Zümrüd Dadaşzadəyə belə
təskinlik verirdi: «Ürəyinizi sıxmayın, onsuz da hamımız ölməyə bura
gələcəyik. Yazılarınızı rahat yazarsız onda».
Sabir Novruz demiş:
Bu ölkədə təkcə günəş havayıdır
O hələ ki, minməyibdir məzəndəyə…
…
Bu ölkədə təkcə ölmək havayıdır
Qalan şeylər pulla başa gəlir daha…
Nədənsə xaricdə işləyən musiqiçilərimizin hamısının adını sadalamaq
keçdi ürəyimdən. Amma onlar hamı köşənin formatına sığışmaz. Başqa bir
həmvətənimiz, Siriyada yaşayıb işləyən qaboyçalan Vaqif Babayev də sonunda
geri dönəcəyəi günü səbirsizliklə gözləyir: «Tədrisdən, konsertlərdən
boş vaxtım qalarsa çox sevdiyim bir işə qayıdıram: kətan, yağlı boya
və fırçalar… 30-dan çox əsərim var, sərgilərdə çıxış edirəm. Əlbəttə
ki,vaxt gələcək, Vətənə qayıdacam və o zaman məncə yaradıcılıq üçün
vaxtım çox olacaq. Vətən üçün heç darıxmamaq mümkün deyil».
Məntiqlə yazının sonluğu pissimistik olmamalıdır, axı insanlarçün yazılır.
Ona görə mövzuya aid bir lətifəni necə deyərlər «fil üstündə bülbül»
kimi götürün. Biri dostuna məsləhət verir:
- 3 dəfə evlən. Birincisi yəhudi, ikincisi rus, üçüncüsü isə azərbaycanlı
olsa əla olar. Birinci arvadın yəhudi olsa səni adam içinə çıxardar,
vəzifən, pulun olar. Əlin pula çatandan sonra rus qızı al. Canıyanmışlar
gözəl olur, pulunu nahaq xərcləməzsən. Amma sonuncu arvadın mütləq azərbaycanlı
olmalıdır. Eh, bilirsən də, onlar adamı necə yaxşı basdırırlar! Necə
gözəl ağılar deyir, göz yaşı tökürlər. Hələ ehsanı, cümə axşamları demirəm…