|
BiznesMƏN olmaq istəyirəm
Yaxud işguzar banketinq və sauninqin əsasları
Orta əsrlərdə insanlar nədənsə düşünürdü ki, yer kürəsi 4 fil üzərində
dayanıb. «Yer dəyirmidir və Günəş ətrafında dolanır» deyən Gordano Brunonu
da nahaqdan yandırdılar. Orta əsrlərdə insanlar çox sadəlöhvmüş. Onlar
hələ bilmirdilər ki, dünya pul üzərində dayanıb, planetimiz isə pulun
başına dolanır. Əl-ələ vermiş, bir-birinə dayaq olan pulluların zəncirindən
qırılanlar həyatın qıraqlarından sürüşüb kasıblıq okeanına düşürlər. Ayaqda
duranlar yaşadıqca onlar rəzalət içində çapalayırlar.
Mən də tərs kimi ən dəyərsiz və hörmətdən düşmüş iki peşəynən məşğul oluram.
Pulsuzluğu heç vecimə də almayıb «Vətənə borcumu qaytarıram» deyərək həftənin
1-2 gününü məktəbdə məhv eləyirəm. Qalan günlərdə isə yazıram. Jurnalistlik
eləyirəm deməyə dilim gəlmədi. Çünki heç kimin xirtdəyindən yapışmıram,
faktları gözünə sozub divara dirəmirəm, əvəzində heç kim də məni tutmur,
döymur və həbs eləmir. Daha bəsdir!!! Pulsuzluqdan bezmişəm! BiznesMƏN
olmaq istəyirəm…Biznes ledi olmaq istəsəm məni femenizmdə suçlayacaqlar.
Yeni peşənin əsaslarını dərindən öyrənib mən də «Pulsuzluqla mübarizə»
adı altında bir layihə yazmışam. İndi siz layihənin tezisləriylə tanışı
olub görün qrand almaq uğrunda savaşa mən də qoşula bilərəm, ya yox. Tam
ciddi deyirəm ha…
Biznes seminarların mövzuları:
1. Müştəri hər şeydən əvvəl axmaqdır. Servisin əsasları. (Bu punkta müştərinin
üzərinə çımxırmağın, göz süzdürməyin, məhsulun tarixini soruşanların basıb
gözünü çıxarmağın vasitə kimi elmi əsaslandırılması verilib. Yerli mağaza
və marketlərdə artıq sınaqdan çıxmış üsulların vəsait kimi gürüntüsü və
səsləndirilməsi tam təsnifat şəklində əlavə edilmişdir.)
2. Ümimi heyətin sərxoş vəziyyətdə idarə edilməsinin effektivliyi. (Sərxoş
adam söz vecinə almaz. Araz aşığından, Kür popuğundan. Gəlib gedən yoxlamaları
da pulnan, yeyib içməknən yola verirsən, gedir.)
3. İşguzar danışıqlar: banket və saunanı səbrlə gözləməyin prinsipləri.
Effektiv banketinq və sauninq. (Sonu banketlə, saunayla bitməyən danışıqdan
nə çıxar? Stol arxasında yola gəlməyənlərin ürəyinin buzu banketdə, lap
tərslərində isə saunada əriyir.)
4. Satışın artımının planlaşması. (Bu mövzunun təqdimatında qadınlarla
gülümsəmək və göz-qaş oynatmaq dərsləri də keçiriləcək. Axı bütün iş yerlərində
qadınlar tələb edilir.)
5. Sənədlərin axtarışı və tapılması və zərərsizləşdirilməsi sahəsində
operativ strateji planların tərtibi. (Kağızlar yerbəyer olsa gələn yoxlama
pozuntunu o saat tapacaq. Bax onda yeyib içmək, banket, lap sauna da köməyə
gəlməz. Sənədlər bütün prosedurlardan keçəndən sonra tapılmalıdır. )
6. İş münasibətlərində sabunun rolu. (Lap dissertasiya mövzusudur. Sabun
prinsiplərini tanımayanın pulu olmaz heç vaxt!)
7. Korporativ tədbirlərin idarə edilməsi. Araq dalıyca nümayəndə göndərilməsi.
Kababtirovka.
8. İdarəçilik disputlarının əsasları: a) qurşaqdan aşağı idarə eləmək
olurmu; b) uzanmış vəziyyətdə idarə etmək etik normalara zidd deyil ki;
c) üç idarəçi birinin üstünə düşübsə bu haqsızlıqdırmı.
9. Korporativ tədbirdən sonra işguzar qadın imicinin bərpası.
10. Katibə nələri qulağında sırğa eləməlidir.
11. Əmək nizamının əsasları. Personalın gətirdiyi dəlillər əsasında normal
əməyin anormal əməkdən 10 fərqli cəhəti.
12. Ləbbeh deməyin əsasları. (Düzdür, bu əsasları bizim millət anasının
südüylə birgə qavrayır. Amma hər necə olsa da professional təhsil ayrı
şeydir. Seminarlarda yalnız Azərbaycan tarixindən sevmələr dərs vəsaiti
kimi işlədiləcək. )
13. Protokol sir-sifətin tökülməsi danışıqlar zamanı labüd vasitə kimi.
(Qaş-qabağın tökə bilməyənin hörməti olmaz el arasında. Üzündən zəhrimar
yağdırmağın xüsusi treninq dərslərini artıq bu sahədə böyük təcrübəsi
olan nüfuzlu şəxslər aparacaq.)
Nəyə gülürsüz? Yuxarıdakı prinsiplərlə biznes quranların cibləri doludur
artıq. Deyirsiz məndə alınmaz? Nolar, alınmasa da problem deyil. Dövlətçiliyin
əsaslarını öyrənərəm. Mənə nə var, təki yazıb oxumaq olsun. Görürsüz adətkarlıq
nə pis şeydi…
|
|