Marşrutdakı
«1001 gecə» nağılı
Ay Allah, bu istilər nə vaxt bitər?! İydən beynimiz çatladı ki!.. Deyərsiz
ki, yenə şikayət, yenə zarımaq. Hə? Qadının bundan başqa əlindən nə
gələr ki? O qədər incə mövzudur ki, bilmirəm hansı tərəfdən yanaşım
ki, sonra adımı respublikada kişilərin birinci düşməni, yaxud ondan
da pis – feminist adlandırmasınlar. Görüm bir mövzuya dolanbac yollarla
yanaşa bilirəmmi?
Bir vaxtlar dayımın kitabxanasında «1001 gecə» nağıllarının çoxcildliyinə
həsrətlə baxırdım. Yaşım çatmadığına görə mənə onları oxumağa vermirdilər.
Əvəzində «Sirrlər adası», «Kapitan Nemo» kimi kitablar təklif olunsa
da gözüm əlçatmaz arzumdaydı: tünd göy fonda sarı ay işığı, tağlı pəngərə
və qədim şəhərin yatmış şəkli olan qalın cildlər. Necə oldusa böyüklərin
gözündən qaçırıb kitabların birini əldə elədim. Orda baş barmağı kəsilmiş
cavan oğlan haqqında nağıl vardı. Süfrəyə dəvət edilmiş bu cavan yeməkdən
qabaq əlini 60 dəfə yuyub süfrəyə oturur. Yeməkdən sonra da əllərini
60 dəfə sabunla yuyur, sonra gül suyu və müşk ənbərlə də ətirləyir.
Nə üçün bu hala gəlibsən soruşanlara bu cavan oğlan danışır ki, sən
demə gözəl və varlı bir qadın onu evinə dəvət edibmiş. Yeyib içib səadətdən
başı dumanlananda yatağa girmək məqamında birdən qadının üzü dönüb.
«Yeməkdən sonra əllərini yumamış mənimlə yatağa girməyə cəsarət eləmisən?»
çığıraraq bu oğlanı eşşək qədər döydürüb. Yarımcan hala gələndən sonra
ürəyi soyumayıb onun baş barmağını da kəsdirib ki, ömürlük yadından
çıxmasın. O vaxtkı uşaq ağlımla qadını çox qınamışdım.Yəni kişinin başa
salmağın ayrı yolu yoxdurmu? Bir dəfə deyəydi, qanmasaydı sonra cazalandırardı
da. İndi fikirləşirəm ki, o vaxt uşaq olmuşam. Bilməmişəm ki, şərqli
kişisini başa salmağın ayrı yolu yoxdu. Olsaydı bu barədə nağıllar qoşulmazdı.
Bilirəm, deyənlər tapılacaq ki, kişidən iy gələr də! Əsil kişi obrazının
üstündə hələ bir siqaret, tər və bəzən araq iyindən ibarət əlavə möhür
də olmalıdı. Bəlkə də? Kişinin mamont ovlayıb gətirdiyi dövrlərdə tər
iyi həm də qalibiyyət qoxusuydu. Çiynində ət parçası, gözlərində qığılcımlar
olan kişini mağaradakı arvadı qoxuqarışıq sevinclə qarşılardı. İndikilərin
gözündəki qığılcımı sönüb, çiynindəik ət parçası çoxdan yoxa çıxıb.
Amma bircə tər iyi qalıb, o da qalibiyyətdən çox uzaq. Hər şeyi başa
düşürəm, uşaqların boğazından kəsib dezodorantmı alacaq? At kimi, eşşək
kimi işləyən fəhlənin adam kimi ətiri niyə olsun ki? İşləyəndən sonra
evə ağ adamlarda olduğu kimi çimib gəlirmi? Amma siz özünüz deyin, bəyəm
adamdan da it iyi gələr?
Vallah, billah mən xalxın kişisini iynəmirəm. Mən ictimai nəqliyyatdan
istifadə eləməyə məcburam. Durub yad kişiyə necə anladım ki, adam iy
verməz. Tərləmisən bir eyib, pəncərənin qabağında yel çəkən yerdə oturmaqnan
bizə niyə zülm verirsən? Məşhur lətifədəki deyilən kimi yumaq lazımdır
e..., havaya vermək yox. Əlbəttə, qoxu üstündə kişiləri kəsib tökə də
bilmərik. Mağarada ət gözləyən qadınlar bunu mənə bağışlamaz. Neynək,
gərək havaların soyumağını gözləyək. Bayaqdan elə onu demək istəyirəm
ki, bircə bu istilər bitsəydi! Humanitar yardım paylayan ictimai təşkilatların
nəzərinə: «Qoxularla mübarizə» adı altında ölkənin kişi əhalisinə dezodorant
və antipersperantların paylanması kimi humanitar aksiya keçirilərsə
şəxsən mən ayaqyalın və başaçıq bu aksiyaya qoşulub karguzər, qovluq
paylayan kimi olsa belə ora- bura qaçmağa, təmənnasız işləməyə ikiəlli
razı olaram. Təki nəticəsi göz qabağında olsun, daha doğrusu qoxusu
burnumuza gəlsin.