Toxların
üsyanı
Dünyada aclıq hissindən qorxulu hiss yoxdur. Ola bilər mənim bu barədə
danışmağımın heç yeri yoxdu, çünki aclıq çəkməmişəm. Anam uşaqlıqda
məni heç cürə kökəldə bilmirdi, çünki aclıq hissi məndə yox idi. İlk
dəfə «acımışam» deyib mədəmin çağırışını duyanda 5-ci ya da 6-cı sinifdə
oxuyurdum. Yəqin bu da anormal sayıla bilər, ya da ki, məni lazım olduğundan
artıq yedirdirdilər.
Amma bilirəm ki, dünyada kimsə bir dişdəm çörəyə möhtacdı. Daha doğrusu
möhtac olan kimsələr milyonlarladır. Aclıq böyük imtahandı, Tanrının
göndərə biləcəyi ən çətin sınaqdı. Ac adamın Allahı olmaz deyiblər.
Ac olan üçün bütün ideallar sönür, yol göstərən dəyərlər heçə dönür.
Acların əxlaq norması olmaz, onlar nə insanın yazdığı, nə də ilahidən
gələn qanunlara tabe olmaz. Hazırda dünyada milyarddan artıq insan aclıq
çəkir. Uşaqlar, qadınlar, kişilər, qocalar…. Hər 4 nəfərdən biri acdır.
Deyirlər ki, əsrin ortalarına döğru hər 3 nəfərdər biri aclıq çəkəcək.
Çünki planetin əhalisi durmadan artıq və Yerin ehtiyatları hamını dolandırmağa
kifayət etmir. Planetin hamını yedirməyə artıq gücü çatmır.
«Bizdə acından qırılan yoxdu» deyib yaxamızı qırağa çəkə bilərdik. Mən
də bu günlərdə belə yanlışlığı dilimə gətirib «Bizdə aclıq yoxdu, heç
olmasa bir parça çörəyi hamı tapır» dedim. Cavabında bir azərbaycanlı
ailəsinin həyatından kiçik epizodu mənə təsvir etdilər. Hansısa uzaq
rayonların birindən gəlmiş bu ailənin kişisi yoxdu. Ana və gözünün nurunu
demək olar ki, itirmiş uşağın bu dünyada bir-birindən savayı heç kimi
yoxdur, onların nə arxası, nə də dayağı var. Ana hardasa işləyir və
200 manata qədər qazanır. Qazancının yarısını ev kirayəsinə verir. Onlar
şəhərə ona görə gəliblər ki, uşaq internatda hər gün bir qab isti xörək
yeyə bilsin. Onların qaldığı evdə otağın ortasında ağac bitir. Bəli,
bəli, əsil canlı ağac. Kimsə yəqin ki, tövlə kimi nəzərdə tutduğu otağı
tikəndə heyfi gəlib ağacı kəsməyib. O da qol-budaq atıb evin tavanından
hündürə qalxıb. Amma hər dəfə yağış yağanda ağacın dövrəsini yaxşı tutmayan
şiferin arasından evə su damır və ev kirayəşinlərinin onsuz da çətin
həyatlarını bir az da dözülməz edir. Yəqin ki, bölgələrdə bir qab xörəyə
görə hər şeyi atıb gələ bilməyən minlərlə belə ailələr var ki, özündə
şəhərə gəlmək cəsarətini hələ ki, duymayıblar.
Şəhərə hələ ki, özünü təsdiqləməyə gəlirlər. Adətən bütün qiyamlar,
üsyanlar şəhərlərdə olur, aclıq çəkən bölgələrdə yox. Yəqin ki, insanların
son ümidi olan şəhərlərdə aclıq başlayanda, getməyə yerləri olmayanda
bütün məhdudiyyətləri, sərhədləri qırıb üsyan eləmək istəyirlər. Ac
adamın üsyan eləməsi bəlkə də normaldır. Çünki ən güclü instinklərdən
biri, sağ qalmaq instinkti insanla birgə ölür. Şəhərdəyik, ətrafımızda
çətinlik və aclıq çəkənlər də var. Cinayətlərin sayı da dəhşətli dərəcədə
artıb. Amma müşahidələr sübut edir ki, oğru bir qarın çörəyə görə oğurlamır.
Kiminsə mobil telefonuna gözü düşüb, ya da ki, satıb restoranda padşah
kimi yemək yeyəcəkmiş. Kriminal verilişlərinə baxanda bir kəs «Ailəmə
görə, xəstə uşağıma görə, ac olduğuma görə oğurlamışam (öldürmüşəm,
qarət eləmişəm, qorxutmuşam, hədələmişəm və s.)» demir. Oğru oğru olduğuna
görə oğurlayır, qatil də qatil olduğuna görə qətl törədir. Ətrafda baş
verənlər bir qarın çörəyə görə olsaydı bunun adını acların üsyanı qoyardıq
və tarixdə olan minlərlə acların üsyanına qatardıq.
İndi toxlar qarət edir. Evlərinin, imarətlərinin sayını itirmiş insanlar
kimisə bircəcik evindən məhkəmə yoluyla çıxartdırıb küçəyə atır. 1-2
sotluq torpay üstündə bıçaq çıxarıb, qan töküb qonşusunun əlindən alıb
hektarlıq torpağına qatır. 3-4 maşınlıq qarajında bəlkə də ən eybəcər,
ən köhnə maşınını təsadüfən vuran «Moskviç» sahibini maşınını satıb
onun faralarını təmir etdirməyə məcbur edir. Çörəyi itə atır, çölə tullayır,
amma bir kasıba əl yetirmir. Evindəki cins itlərin yeməyinə bəlkə də
10 ailəni abırlı şəkildə saxlamaq olardı. Statistikaya görə Amerikada
it və pişik yeməklərinə sərf edilən zülal ilə 200 milyon insanı yedirmək
olar.
Çətindi. Çünki üsyan edən acın qarnını doyursan inqilab eləməz. Gedib
isti yorğanının altına girib mürgüləyər. Toxların gözünü bəs necə doyuraq?
Görəsən, son ilməyəcən söküb əynimizdən paltarımızı çıxarsalar, evlərimizi,
torpaqlarımızı könüllü bəxşeş eləsək, ümidlərimizi, gələcəyimizi, planlarımızı
onların nəhəng ambisiyalarına qurban versək, Yer kürəsini ayaqlarının
altına sərsək kiriyərlərmi?