Özgə
həyat
Stiven Doldrinin «Qiraətçi» romanının qəhrəmanı 15 yaşlı yeniyetmədi.
Film də belə başladı. Qəhrəman tramvayda harasa gedir. Onun halı pisləşir
və bayırda şıdırğı yağış yağmasına baxmayaraq düşür. Deyəsən ürəyi bulanırmış.
Əvvəlcə bir az yağışın altında dayanıb yaş olur. Ətrafındakılar hamı
harasa tələsir, ya da qaçıb yağışdan gizlənir. Yağış da nə yağış, tut
ucundan çıx göyə.
Qəhrəmanın halına acıyıb, acımayacağımızı hələ ki, bilmirik. Çünki içində
nə baş verdiyini hələ ki, anlamırıq. O, gah oturur, gah durur. Sonra
alaqapıların birinin qarşısında ögüyür. Elə bu yerində bizim cavanlardan
fərqi hiss olunur. Çünki qəhrəman içalatını bayıra tökməzdən əvvəl əliylə
ağzını qapayır. Sonra dəsmalını çıxarıb təmizlik yaratmağı çalışır.
Əlbəttə ki, yerə tökülənləri yığmaq artıq mümkün deyil. Qəhrəman qaytarandan
sonra bir balaca rahatlaşır və alaqapıdan içəri keçib oturmağa yer tapır.
Bu vaxt əlində çətirli bir qadın öz evinə qayıdıraq onun qarşısındna
keçir. Alaqapının qarşısındakı «sürpriz»i birdən görür və tapdalamamaq
üçün yolunu dəyişir. Mən klassik tamaşaçı kimi bu yerindən qadının deyinəcəyini,
əlindəki çətiri oğlanın başına qaxacağını gözləyirdim. Çünki gözümü
açıb sovet filmlərini görmüşəm. Orda isə belə epizodların qadınları
deyingən və kobud olur. Bir də ki, evinin kandarında qusmaq görən adam
neynəməlidi? Hər kim olsaydı deyinər, üstəlik söyər, səbəbkarı orda
görsəydi başına bir qapaz da vurardı. Amma əcnəbi filmin qadını dodaqltı
nəsə demək istəyən kimi rəngi qaçmış oğlanı skamyada oturan görüb səsini
həmən kəsdi və keçib getdi.
Filmin hadisələri müharibədən sonrakı 50-ci illəri əhatə edir və Berlinin
kasıb küçələrində baş verir. Ona görə də bu yerində məğlub olmuş xalqı,
onun faşizmin dünyada törətdiyi cinayətlərə görə utanması faktını da
xatırlamaq lazımdı. Yoxsa bunun alman xalqına heç bir dəxli olmazdı.
Səliqə və dəqiqlik məsələsini isə heç xatırlamaq da lazım deyil, bunu
hamı bilir. Bayaq təsvir etdiyim səhnədə azərbaycanlı qadın, lap götürək
mən özüm nə edərdim? Ola bilər ki, rus «babulyaları» kimi səsimi başıma
atmazdım. Amma nəsə bir şey deyərdim və dediyimi yəqin ki, halı pisləşmiş
oğlana yox, bütün millətə ünvanlayardım. Məsələn, «Bunlar düzələn deyil»,
ya da «Necə də pinti millətik» kimi ifadələrdən birini seçərdim. Filmin
ilk 10 dəqiqələrində mən almanlardan nə qədər fərqləndiyimizi anladım.
Çünki filmdəki qadın xoşbəxtlikdən tapdamadığı qusmağı adlayıb keçməklə
kifayətlənmədi. O, bir daha 3 dəqiqədən sonra əlində bir vedrə su ilə
kadrda peyda oldu. Həmin bu 3 dəqiqə ərzində oğlan oturduğu yeri də
batırmışdı. Qadın leysandan yaş olmuş ayaqlarıyla suyu şappıldada-şappıldada
tələsik gedib qapının ağzına vedrənin yarısını boşaltdı. O, «Onsuz da
yağış yağır» deyib hər şeyin öz-özünə yuyulacağını da gözləmədi. Sonra
geri qayıdıb tanımadığı oğlanın üz-gözünü sildi. Titrədiyini görüb bağrına
basdı, ovutdu. Sonra vedrədə qalmış suyun qalan hissəsini boşaldıb oğlanın
ayağının altını da yudu. Filmin əsas qəhrəmanı olacaq bu qadın tələsik
gəldiyi kimi tələsik gedib vedrəni evə atıb oğlanın əlindən tutdu və
evinəcən apardı. Nə minnətdarlıq gözlədi, nə də oğlanın validenlərinin
kimliyini öyrənmək istədi. Filmdən anlamaq olardı ki, bu adi, sıravi
alman qadınının hərəkəti idi. Sonra qadın həmin 15 yaşlı uşağı yoldan
çıxıracaqdı, amma bu, artıq vacib məsələ deyil.
Filmə baxandan sonra əsərin qəhrəmanının o qədər də xeyirxah olmadığı
məlum olur. Vaxtilə konslaqerlərdə nəzarətçi işləmiş bu qadını 300 nəfər
məhbusu diri-diri yanan vaxt xilas etməməkdə ittiham edirlər. Qadın
bu əməlindən o qədər də utanmırdı və məhkəmədə «Mən Siemensdən işdən
çıxmamalıydım?» kimi suallar verirdi. Amma o, savadsız olub yazıb-oxumaq
bilməməyindən utanırdı. Bu çatışmamazlığını etiraf tməmək üçün hətta
6 qadının günahını da boynuna götürür ki, kimsə onun savadsız olduğunu
bilməsin. Nəzərə alın ki, bu keçən əsrin əvvəllərində baş verirdi. O
vaxtlar qadının savadsız olmasını ona bağışlayırdılar. Bunu bəzi regionlarda
norma saymaq da olardı. Təxminən həmin zamanlarda biz çadraları təzəcə
atmışdıq və «sevillər» «balaşlara» görk eləyib yazıb-oxumaq öyrənirdi.
Film göstərdi ki, bizim mərhəmət və utanc məsələlərinə baxışımız çox
fərqlidi. Nə cür mərhəmətli olursa-olsun azərbaycanlı qadın tanımadığı
oğlanın arxasınca yığışdırmaz. Azərbaycanlı qadın qapısının qarşısındakı
zibl qalağından utanmaz. Küçəsinin çirkli olmasından narahat olmaz.
Şəhərində zibilin ayaq açmasından tükü də tərpənməz. Ümumşəhər təmizlik
günü elan olunsa evinin divarlarını az qala yalayıb təmizləyən qadınlar
ordusundan biri də evinin süpürgəsini küçəyə vurmağa qıymaz. Elə bil
ki, küçə onunku deyilmiş, ya da küçədə siqaret çəkən oğlanlar bizim
balamız deyilmiş kimi.
Almanlar faşizmə görə hələ də utanır və bu günədək yəhudilərə xərac
verirlər. Onlar müharibənin çirkabını tez yığışdırdılar, indi isə daxili
təmizlik işlərini aparırlar. Biz isə hələ ki, qapımızın ağzını yığışdırmaq
səviyyəsində ilişib qalmışıq.