Qan 
          Turalın oğurluğu
          «Cinayətin dostları» irqinin tipik nümayəndəsi
        
          Bir vaxt mənə «Qan Turalı köşəni borc alır» deyəndə inanmamışdım. Düşünürdüm 
          ki, başqasının yazdığının altına öz imzanı necə qoymaq olar? Bəlkə öz 
          imzamı zəhmətimlə qazanmışam deyə mənə ağır gəlirdi. Amma bu günlərdə 
          Qan Turalın mənim yazıb çap elətdirdiyim yazının altına öz imzasını 
          rahatca qoymasının şahidi oldum. Fransız yazıçısı markiz de Sad haqqında 
          yazımı abırsızcasına, bir cümlə belə dəyişdirmədən köçürüb «Ədalət» 
          qəzetinda 23 fevral tarixində çap elətdirib. Yəqin qonorarını da alıb 
          artıq xərcləyib də. 
          Kolleqaların arasında bu məsələylə bağlı kiçik araşdırma apardım. Məlum 
          oldu ki, bu Qan Turalın həyat tərzidi, daha doğrusu «yaradıcılıq» yoludur. 
          O, başqasının köşəsini də oğurlaya bilər. Ad-sanlı adamın cəmiyyətdə 
          iz salmış sözünü özününkü kimi təqdim eləməkdən utanmaz. Klassiklərin 
          aforizmlərini öz dədəsinin malı kimi işlətmək onunçün tum çırtlamaq 
          kimi bir şeydi. Şəxsi ambisiyalarımı qırağa qoyub bunun səbəblərini 
          tədqiq eləməyə çalışacam. Zərərçəkmiş tərəf kimi «Ədalət» qəzetindən 
          təksib istəmək və Qan Turalın dar dairələ üzr istəməsiylə də kifayətlənə 
          bilərdim. Amma bu məsələni araşdırma mövzusu kimi ortaya atıb mətbuatda 
          plagiat və onun cəza formaları, yaxud qarşısını alan mexanizmlərini 
          ortaya çıxarmaq daha maraqlı olardı. Kolleqalar, məncə yaxşı araşdırma 
          mövzusudur. Şəxsən mən bundan sonra Qan Turalın bütün yazdıqlarını izləyib 
          oğurluq aramaq fikrində deyiləm.
          Kolleqaların əksəriyyəti bu məsələni ictimailəşdirməməyə üstünlük verirdi: 
          «Cavandı», «Özünə görə adı var», «Bəlkə pula ehtiyacı olub» və s. Olsun… 
          Əlbəttə cavandı, amma onun ünsiyyətdə olduğu özü kimi cavanların dünyagörüşünü 
          bizə sırımaqla məşğuldu. Özlərini postmodernist adlandırıb əli çatan, 
          ya çatmayan, ağlı çatan və çatmayanların hamısına badalaq gəlirlər. 
          Zəmanə belədir demək daha rahatdı. Bir vaxt blokda sülənən burnu fırtdıqlı 
          uşaqlar indi televizorda rep deyir, küçə tinlərində çırtıq çalıb qafiyə 
          tutan, gələnə-gedənə ilişənlər meyxana ustası olub, əl-ayağını, danışığını 
          əməlli idarə edə bilməyənlərsə ulduz. Üç cümləni dalbadal məntiqli düzə 
          bilməyənlər böyük ədəbiyyatdan danışır, klassikləri yıxıb sürüyürlər. 
          Bu zümrədən olan insanlar mətbuatda at çapır, fikir yürüdür, naqis ideyalar 
          səpirlər. Ən dəhşətlisi isə odur ki, onlar öz oxucusuna nifrət edirlər, 
          ələ salır, alçaldırlar. Qan Turalın oğurladığı yazının qəhrəmanı markiz 
          de Sad hesab edirdi ki, insan irqinin ən layiqli fərdlərinin yaşaması 
          və həyatdan ləzzət almasıyçün şər qalib gəlməlidi. Düşünürdü ki, «Cinayətin 
          dostları» adlı yeni irq yaranmalıdı. Deyəsən bu irqin yaranması yaşayırıq. 
          
          Qan Turalın özünə görə adı var, əlbəttə. Bir xeyli də kitab oxuyub, 
          bu da çox yaxşı. Amma belələri bizim cəmiyyətdə ona görə çiçəkləyir 
          ki, ətrafındakıların əksəriyyəti təhsildə qüsurludur. Üç-beş adamın 
          yanında hansısa filosofun fikrini təhrif edəndə onun ağzından vurub 
          yerində oturan başqası tapılmır. Bu da həqiqətdir ki, jurnalistlərin 
          əksəriyyəti məşhur lətifədəki kimi yazandır, oxuyan deyil. Belə başa 
          düşürəm ki, hazırda Qan Turalın da oxumaq bir yana qalsın, heç yazmağa 
          da vaxtı yoxdu. Onun-bunun yazısını götürmək olarsa niyə zəhmət çəkməlidi 
          ki?! Düşünürəm ki, bu köşəni oxuyanda da Qan Tural gülməkdən qarnını 
          tutacaq. Skandallı reputasiyası isə ona yalnız gəlir gətirəcək, qəzetlər 
          onu öz səhifəsində görməkçün çarpışacaq. Axı insanı təhqir eləməkdə 
          onun tayı-bərabəri yoxdu. Cəmiyyətdə tanınan, üzdə olan insanların mənəviyyatsızlığını 
          ifşa edənin ən azı normal mənəvi bazası olmalıdı.
          Onu da anlayıram ki, Qan Turalın bütün hoqqalarının başında pul durur. 
          Bəlkə də həqiqətən 8 mart qabağı sevdiyi qıza bir dəstə çiçək almaqçün 
          oğurluq eləyib. Jurnalistin qonorarı da əlbəttə, həftədə bir, amma gözəl 
          araşdırama yazmağa imkan yaratmır. Mən Qan Turalın e-mailinə yazıb ona 
          və onun kimilərə müharibə elan etmişəm. Naqisliklə, mənəviyyatsızlıqla, 
          oğurluqla, səviyyəsizliklə müharibədə udacağımı da düşünmürəm. Amma 
          yenə də kolleqadır, darda qoymaq olmaz. Qan Turalı, əgər sabah cibində 
          yenə də pulun qurtarsa çirkaba bulaşma. Mənim cılız müəllim maaşımdan 
          sənə verəcək nəsə bir şey tapılar. Bu dəfə ağız açmağa utanma…