Vətənim içimdədi


Bu günlərdə içərişəhərlilərin qırxpilləkan adlandırdığı yerdən İçərişəhərə girəndə başıma daş qırıqları səpələndi. Qəza olmadı, çünki qoruyucu torlar asılmışdı. Bir növ dünya standartlarına uyğun. İri daşlar onların arasında qalır, xırda parçalarsa toz kimi ordan keçənlərin başına səpələnirdi. Elə də gediş-gəliş yox idi. Yəqin içərişəhərlilər bu təmir işlərinə bir növ öyrəncəlidi və marşrutlarını «təmir-bərpa» işələrinin qrafikinə uyğunlaşdırırlar. Bilmirəm başıma toz səpələndiyindənmi, ya qırxpilləkanı birnəfəsə qalxandan sonra qarşımda açılar meydanın əzəmətindənmi qala divarlarını ovub tökənlər diqqətimdən yayındı.
Az keçmiş qala divarının söküntüsünün dərəcəsini İnternetdə izlədim. Qanımı damarımda donduracaq dərəcədə dəhşətli bir səhnə idi. Qala divarının oval hissəsi az qala bünövrəyədək tam sökülmüşdü. Təxminən bir metrədək qalınlığı olan qədim divarın daş qatlarının arasından qum, torpaq layı yerə səpələnmişdi. Qədimdə divarların arasını doldurmazdılar. Ara saxlayar və möhkəmlik lazımsa torpaqla doldurardılar. Belə divar isti və soyuğa davamlı olur. Qədim qala divarının yerində armaturlu, beton tökməli, ağappaq karyer daşı ilə yenisi tikilirdi. Bəlkə də burada turistlərə xidmət edəcək bir kafe də olacağı nəzərdə tutulub. Mən bu barədə yazı yazmağa çırmanıncan işlərini yəqin artıq bitiriblər də. Yəqin İçərişəhərin «bərpası» bitənəcən bu məkanı sevənlər, hər daşına can qoymuş memarlar, bərpaçılar qəbirlərində yüz dəfə fırlanacaqlar.
Bakı, göbəyi İçərişəhər qarışıq indi bədən üzvlərini silikonla əvəz etmiş gözəlçələrə bənzəyir. Baxanda yenilikdən çənən düşür, amma ürəyinə yatmır ki, yatmır. Olacaqlar ürəyimə damırmış kimi İnternetdə Bakının çox da uzaq olmayan keçmiş şəkillərini görəndə onları toplamaq ehtirasımdan da keçə bilmirəm. Özümü inandırıram ki, İnternetdən qaçmayacaq ki, kompüterin yaddaşına köçürmək nəyə lazım? Amma alınmır. Artıq nostalji adlı qovluğumda mənim bu yaxınlaracan tanıdığım Bakı uyuyur.
Tariximizi amansız cərrah kimi anasteziya olmadan kəsib atırlar. Elə bil ki, sənin əllərin və ayaqların bağlıdı. Ağzına köhnə əski dürtüblər ki, səsin çıxmasın və hər dəfə hansısa orqanını kəsib gözünün qarşısında itlərə atırlar. Sən heç nə deyə bilmirsən, danışmırsan. İstəsən sosial şəbəkədə boğazını cıranacan bağıra bilərsən. Axı adamı öldürüb sonra «bağışla, bilmədim» demək olmaz. Həmişə xəyanət etmək də olmur. Çünki sonra «düzələcəm, hamısını yerinə qaytaracam» desən də alınmayacaq. Əlamətdar məqamda aradan çıxıb sonra ara sakitləşəndə geri qayıdıb həmişəki kimi gülümsəmək də olmur. Hər şeyin cəzasını çəkəcəyik. Ya biz, ya da balalarımız.
Balalarımız erməniyə sübut edə bilməyəcək ki, qala divarı 21-ci əsrdə tikilməyib. Necə ki, 11-ci əsrdə Qız qalasını bərpa edən birisi öz adını divara yapışdırmaq istədi. İndi bu əl boyda daş parçasına görə bütün mənbələr Qız qalasının 11-ci əsr tikilisi olduğunu yazır. Balalarımız çox yox, 100 ildən sonra qala divarının içindəki İran istehsalı armaturların hardan cıxdığını farslara izah edə bilməyəcək. Farslar da mənalı baxışla baxıb üzümüzə yüzilliklər boyu olduğu kimi gülümsəyəcəklər. Xristianlar Qız qalasının qədim şəkillərini tapıb müqəddəs Varfolomey kilsəsinin olmasını sübut etməkçün şəkilləri bir-birinə yapışdırıb tarix yapırlar. Bizim tarix sökənlərsə «Tikinti və bərpa işləri böyük iş təcrübəsi və səriştəsi olan mütəxəssislər tərəfindən aparılır» deyir.
Biz pudralı, parikli, silikonlu Bakını qəbul etməliyik. Çünki bura Vətəndi. Bu Vətənin yaşı televizorda deyilən kimi 20-30 il deyil. Qala divarlarının, Qız qalasının daşlarının qaralığı bəzi düşüncələrə görə yeni tikilən şadlıq saraylarının ağlığı və işıqlılığı qarşısında heç də pis görünmür. Bizim hiddətimizi heç cür anlaya bilməyənlər İtaliyada qədim amfiteatrın qalıqlarını qabağına alıb qatan buldozeri təsəvvür eləsin. Belə səhnələrdə yəqin ki, buldozerin qarşısını kəsib yerə uzunan ən azı 50 nəfər italiyalının çığırtıları da olacaq.
İnsan bağlı olduğu hər şeyi itirəndən sonra bir tək canına hələ də sahib olduğundan sevinc hissi keçirməlidi, yəqin. Əlbəttə, Vətən daş-divar deyil. Vətən torpaq və qəbirlərdən də yüksəkdədir. Vətənin ünvanı ürəkdi. Gəlin hamılıqla Bakını yeni mənzilə, ürəklərimizə köçürək. Onu burda sökməyə kimsənin qüdrəti çatmaz…





 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?