|
Bumeranq
Yaxud,
nə əkərsən, onu də biçərsən
Təsəvvür edək, 9 mərtəbəli evin 6-cı mərtəbəsində yaşayan məsələn Nadir
adlı sürücü öz evinin qapısını açıb alatoranda yıxılmamaqçün ehtiyatla
addımlayaraq (blokda axırıncı dəfə nə vaxt işıq yanmasını heç kim xatırlamır)
siqaret kötüklərini və tum qabıqlarını tapdayaraq liftə yaxınlaşır. İçini
dağıdan və başını ağrıdan sualların cavabını divarlardakı nalayiq sözlərdən
ibarət «bədii tərtibatda» axtarmadan siqaretlə yandırılıb deyilmiş düyməni
basıb lifti çağırır. Xəfif küləyin pəncərədən içəri saldığı zibillik qoxusu
düz beyninə işləyir: «Əclaflara bir fikir ver, gör pəncərənin şüşəsini
salan tapılır? Camaat da ki, zibili ayaq altına atıb gedir. Həyatımız
zibil yeşiyidi elə bil» deyib əzik pomidoru fırçıldadıb keçir. Bərkdən
«xxıx...» eləyib liftin qapısına tüpürür.
Həmişə liftə girəndə burnunu sıxıb nəfəs almamağa çalışır və ehtiyatla
səhər tezdən liftdə yaranmış gölməçədən adlayanda ayağı yumşaq nəyəsə
toxunur: «Bunlar adam döyül, vallah. Elə bil tualetdə gedirəm». Qolunu
divara yapışmış saqqızdan güclə qoparıb liftdən qurtulanda ayağı yeşiyə
ilişir, az qalır yıxılsın. Asfalta əmələ gəlmiş bir neçə gölməçəni uğurla
keçib çəmənlik olacağı yerdə bir neçə itin ona baxıb mırıldamasından ehtiyat
eləyir: «Gör necə bəsləyiblər?! Camaat yeməyə çörək tapmır, bunlar iti
yedirir» deyib qaloş geymiş qızlara nifrətlə bir də baxır. Marşrut dayanacağına
çatanacan qazılmış xəndəyin üstündəki ensiz taxtadan keçməli olur: «Bir
ildi, üstünü bağlaya bilmirlər. Belə dövlət olar? Şikayət yazmağın heç
mənası da yoxdu».
Xəndəyin ətrafda yaratdığı sulu palçığa bulaşmamaqçün balaqlarını qaldırıb
keçir: «Cəmi dizəcən batdım. O gün Mamed qulaqlarınacan palçıq içindəydi.
Xalq donuzluğundan əl çəkər bəyəm? Xəndəyi bağlamağa nə var ki...». Min
əziyyətdən sonra işə çatıb sükan arxasına keçəndə özünü yüz ilin yorğunu
kimi hiss eləyirdi. Bütün günü camaatla necə işləyəckdi: «Allah bilir,
lifti batıranlar, küçəni zibilləyənlər, hamısı mənim maşınıma minir. Hamısı
bir zibildi». Marşrut yerindən götürüldü.
- Hara özünü soxursan, ay qarı. Pul verəndə heç tələsmirsiz, düşüb qaçırsız!-deyib
sürəti bir az da artırır: «Özlərinə hörmət tələb eləyirlər. Lifti batıranlar
bəlkə də onun nəvələri, uşaqlarıdı. Günüm it günüdü elə bil...». – Ay
kişi, sənnənəm, atova borcum var, benzin alım, səni daşıyım? Şələ-küləni
yığ, rədd ol burdan. Lap əcəb eləyirəm bərk sürürəm!- deyib bilərəkdən
gölməçənin suyunu dayanacaqdakı adamların üstünə sıçradıb şütüyür: «Səhərdən
dilimə bir içim su dəyməyib, naharacan dözə bilmərəm. Uşağın adı nəydi,
unutmuşam, verim bir kruq sürsün. Öyrənmək istəyir. Qoy canları çıxsın,
dözsünlər. Onsuz da bu millət adam olan döyül».
Ucuzvari yeməkxananın çirkli masası ətrafında uçuşan milçəklərin səsi
qulağı dibində deyinən adamların səsini xatırlatdı deyə əsəbləşməyə başladı
: «Gör çayı hansı stəkannda verirlər, bu qabdan heç it də içməz». Alüminium
qaşığı şorbanın içində bir neçə dəfə hərləyəndən sonra istidən əli yandı:
«Xaricdə insanlar günorta naharını restoranda yeyir. Fəhləni də adam sayırlar.
Buranın iyi liftin qoxusundan betərdi». – Ay bala, hesabı ver, rədd olum
burdan. Yeməkdən bir şey çıxsaydı kəlləni partladardım: «Ayaqyolusuna
girəsi deyil. Yaxşı ki, pulsuzdu. Yoxsa qəzetlə silinməkçün pul verəcəkdim?»
Yol boyu kirli blok, iyli lift, palçıqlı xəndək, əyilmiş alüminüm qaşıq,
dalıyca su atmadığı ayaqyolu slayd şou kimi gözü qarşısından keçirdi.
Gündəlik plan qayğısı da ümumi mənzərəyə qoşulub içini oymaqla məşğuluydu:
«Sonra deyirlər camaatı niyə bir-birinin belinə mindirirsən. Bəs mən köpəkoğlu
planı hardan verim? Bir də ki, belə millətin belə də sürücüsü olar. Adam
kimi yaşasaydım, adam kimi sürərdim də...».
Axşamüstü əlində qalan qəpik-quruşu bir butılka arağa bəs eləyərdi: «Yeməyi
Mamed alsın, gedək oturaq adam kimi. Uşaqlar yeməyə bir zəhrimar tapar.
Eşşək kimi işləmişəm, mənə istirahət düşmür bəyəm?». Gecə yarısı lül-qəmbər
evə qayıdanda xəndəyin nazik taxtasından keçə bilmir. Yıxılıb dizəcən
batan şalvarını bu dəfə qulağınacan palçıq eləyir. Bütün söyüş ehtiyatını
sərf eləyəndən sonra lifti çox gözləməli olur : «Gəzən ayaqyolunu» kim
sürür bu dəfə. Uf, özümü evə çatdıra biləcəm görəsən?». Xeyli təpiklənəndən
sonra açılan liftin içərisi demək olar ki, qurumuşdu: «Dözməyə taqətim
yoxdu- deyib ehtiyacını oradaca ödəyir.- Sabah bilərəm ki, öz işimdi.
Bir qədər az söyərəm»...
|
|