Haqsızlıq
mövzusunda karaoke yazı
Bilmirəm qismətdəndi, yoxsa nədən vəzifələrdən yazası oldum. Vəzifə
və vəzifədəkilər haqqında prinsipial olaraq yazmamağa güzgü qarşısında
təntənəli surətdə and içdiyim dəqiqələrin xatirinə bu mövzuya yeni,
başqa bucaqdan baxacam. Baxmayaraq ki, son günlər vəzifəlilər və onların
öz vəzifəsini pis yerinə yetirdiyinə görə mən cavabdehlik daşımalı olub
qanun qarşısında tetatet dayanmışam. Yəqin ki, hər şey xeyirliyə doğrudur,
ya da bu yazı yazılmalıdı, vəssalam.
Bu günlərdə «Si» radiosunun aprarıcısı Anna Romanovanın «Dünyanın ən
qəribə vəzifələri» adlanan «Qaynar onluq»unu oxudum. «Travel + Leisure»
portalının əməkdaşları dünyanın ən qəribə vəzifələrinin siyahısı hazırlayıblar.
Bu siyahıda nə qədər qəribə olsa da 10-cu yeri yaponlar almışdı. Onlar
türist səfiri vəzifəsinin kəşf eləyiblər. Bu səfirlər öz ölkələrini
təbliğat eləyərək daha artıq turist cəlb eləməklə dünyaya tanıtmaqla
məşğuldur. 9-cu yerdə dayanan vəzifə Venesiyadadır. Burda mənəviyyat
polisi fəaliyyyt göstərir. Onlar özündən çıxmış, daha doğrusu həddini
aşmış turistlərə yenidən abırlı görkəm verməklə məşğul olur. Parisdə
isə kanalizasiya sistemi üzrə gid vəzifəsi də var. Onun vəzifəsi barədə
təhqiramiz düşüncələrə dalmayaq. Bəlkə onların qonaqlara göstərəsi nəsə
maraqlı sürprizi var? Kaliforniya ştatında Santa-Barbara şəhərinin «Biltmore
Four Seasons» mehmanxanasında şahin quşunun əhlləşdirən vəzifəsi var.
O, məğrur quşun iştirakıyla şou təşkil edərək qonaqları əyləndirir.
Siyahıda 6-cı yerdə Kaliforniyanın Karlsbad şəhərinin «LEGOLAND» kompaniyasında
leqo oyuncağının professional yığıcısı vəzifəsi durur. Məşhur konstruktorun
detallarındə bəzən artıq böyümüş sayılan insanlar maraqlı fiqurlar,
böyük landşaflar, kiçik şəhərlər də salırlar. (Lap bizim göydələnlər
kimi). Xelsinkidə isə maşınına karaoke (Karaoke oxuyan insan mahnını
müşaiyətini eşidir, sözlərini isə ekranda gəzən titrdən oxuyur. Ulduz
olmaq, müğənnilik eləmək xəstəliyindən insanı qurtara bilən gözəl əyləncədir)
quraşdırmış taksilər gəzir. Sürexin aeroportunda əsil ovçular işləyir.
Onlar sahibindən qaçmış heyvan və quşları tutub sahibinə qaytarmaqla
savab (eləcə də pul) qazanırlar. Siyahıda üçüncü pillədə yer almış vəzifə
belə adlanır «Təhlükəsizlik texnikası üzrə kakos mühəndisi». Bu vəzifədə
qərarlaşmış adam mehmanxananın həyətində gəzib gözdə-qulaqda olmalıdır
ki, kakosun meyvələri insanların başına düşüb onları narahat eləməsin.
Memfisdə (ABŞ) «Peabody» mehmanxanasında qazları təlim edənə mütəxəssis
var. O, təlim elədiyi quşların otel üzrə təntənəli keçid mərasimini
təhkil eləməlidi. Mərasim mehmanxananın damından başlayıb fontanın yanında
tamamlanır. Sonuncu, yəni birinci yerdə də maraqlı vəzifə dayanır. Hindistanda
Racastan şəhərinin «Amanbagh» mehmanxanasında meymunçu vəzifəsi var.
Onların vəzifəsi yemək yeyən turistlərin zəhləsini tökən, yeməyi əlindən
alıb qaçan adamabənzərlərin qovlanmasından, hürküdülməsindən ibarətdir.
Fikir verdiz də, bizim adımız yenə də siyahıda yoxuydu. Amma məncə bu
siyahıda vətənimizin adının olmaması yenə də haqsızlıq və özümüzü dünyaya
tanıda bilməmək kimi milli istedadımızdan qaynaqlanır. Şəxsən mən paqonlu
«mənəviyyat polisi»nin bulvarda bir-birinə sığınan cavanları haqq yoluna
qoyma mərasimini dəfələrlə görmüşəm. Düzdü, tətbiq olunan cərimə sisteminin
hüdudlarıni dəqiqləşdirmək mümkün olmur. Xətai metrosunda bir neçə qatarı
buraxıb minməyən, skamyada oturub civildəşən cavanlara 1 manat cərimə
istəyirlər. Dövlət səviyyəsində tədbirlər zamanı küçə yürüşlərinə məcburi
tökülmüş insan seli məncə xarici qazları təlim sisteminə dayaqlanır.
Kim hardan keçsin, harda dayansın, harda 90 dərəcə dönsün. Deyim ki,
bizim təlimçilərin üsulları köhnəlib. Çünki Müslim Maqomayevi basdırma
mərasimində yaman səliqəsizlik idi. O ki qaldı kanalizasiya sisteminə,
parislilər lap ağ eləyiblər. Gedib bir Azərbaycanın kəndlərini, rayonlarını
gəzib öyrənsinlər də! Bəziləri ayaqyolunu ikimərtəbəli evin düz bir
kilomerliyində tikir ki, sonra qonaqlarını təmiz havada ekoloji təmiz
materialdan, yəni taxtadan tikdiyi və döşəkağıyla qapadığı ayaqyolunu
onlara göstərməkçün səyahətə çıxsın. Küləkli günlərdə ayaqyolunun «qapı»sı
bəzən yerində dayanmır deyən çox maraqlı səhnələr görmək olar. Gör heç
belə gidləri siyahıya salırlar? Çörəyi əldən almağı Hindistan meymunları
məncə bizim ölkədə təcrübədən keçiblər. Hətta turistlərin başına düşən
kakoslar isə bizim göydələnlərdən aşağı tökülən kərpiclərin təcrüdəsinə
göz dikib. Taksidə oxunan karaoki isə hər gün televizor qarşısında uzunsov
predmeti mikrafon əvəzinə ağzına dayayab ulduzluq xülyasında batmış
minlərlə azərbaycanlının səyi qarşısında çox sönük görünür. Noolsun,
atalar demiş «Heç it dəftərində də adımız çəkilmir». Dünyaya öyrədəsi
o qədər vəzifələr var ki, sadəcə köşənin sərhədləri yazmağa imkan vermir…