Gəlmələr və qaçqınlar


Ev eşiyi yığışdırıb, üz –gözünü yuyub, saçına sığal verib, əlbəttə ki, saçının yerə tökülən kilkələrini zibil yeşiyinə atıb, əllərini ciddi şəkildə sabunlayıb klaviatura arxasına keçəndə dünya sənə gözəl, steril və dostməramlı görünür. Özünü az qala kainatın mərkəzində duyub hələ bir mikrokosm- makrokosm barədə düşünməyə də ürək eləyirsən. Özündən kiçik gözəgörünməz məxluqları (onları virus adlandırsaq yəqin bizdən inciməzlər), başqa qalaktikadakı bizə virus kimi baxan canlıları düşünməkdə davam eləyirsən. Yəqin siz də eşitmiş olarsız, insan özünü dərk eləməkçün əvvəl ətrafındakı «kosm»ları tanımalıdı ki, kainatla vəhdətə girə bilsin. Hər halda kitablar belə yazır.
Məişətdə də görürsən ki, uşaqlar bir-balaca reqlamentdən artıq səs-küy saldı onları oxlov, ya da qayışla ram eləməmişdən əvvəl dilinə «həşəratdılar e, maaşşallah» gətirirsən. Əlbəttə, birdən gözə gələrlər. Hərəkət varsa, həyat da var. Təki onlar şüur və zəhmətkeşliyinə görə bağırsağımızdakı bakteriyalara oxşasın, onda cənnət qurarıq. Axı heç kim bədənindəki canlılara «get gör filan orqanın filan yerində nə baş verib» və ya «görmürsən yemək gəlib, həzmə kim başlayacaq» kimi əmrlər vermirik. Onlar özü çox yaxşı bilir ki, nəyi və nə vaxt eləmək lazımdı. Heç bilirsiz onlar nə qədərdi?! Deyilənə görə onlar da kaloniyalar qurur, dövlətlər yaradır, yeyir, içir və bizim bədən adlandırdığımız «planetdə» yaşayır.
İnsan çoxlu bakteriyalarla məskunlaşmış orqanizmdi. Bu təzə xəbər olmasa da bu planetdə «əhali»nin total şəkildə siyahıya alınması əməllicə aparılmayıb. Əhalinin kompakt yaşadığı ərazilərə isə heç kim burnunu soxa bilmir. Ona görə də onların «etnik» tərkibini dəqiq bilən yoxdu. Bu yaxınlarda ABŞ-da insanın qenomunu dəqiq tədqiq edərək xəritə yaradıblar. Bu xəritəyə baxanda insan quru səhralıqdan tutmuş keçilməz cəngəlliklərəcən sox müxtəlif iqlim qurşaqları olan bir imperiyaya çox oxşadı. Burda da bizimkilər və başqa imperiyalardan qaçqın və köçkünlər də var. Əgər biz düşünsəydik ki, bədənimizdəki bütün varlıqlar xoşməramlıdır bu çox sadəlöhv təsəvvür olardı. Onların arasında terrorçu qruplar da, özlərini «qardaş» adlandırıb məqam büşən kimi düşmənə çevrilən qəbilələr də var. Məntiqlə biz potensial satqınlar və düşmənlərdən uzaq durmalıyıq. Bununçün çox bakirə həyat yaşamalı olacağıq. Təsəvür edin ki, siz öpüşmək cəsarətində burunursuz və şəhərin qapılarını açmağa bəndmiş kimi minlərlə canlı hücuma keçir və yeni ərazilər uğrunda qanlı döyüşlər başlayır. Axı insanın ağzında 40 min bakteriya yaşayır. Bir o qədər də qıraqdan gəlsə nə olar? Başqa «imperiya»lardan desant atılan kimi sizinkilərin, yəni bir növ qohumluğunuz çatan canlıların əraziləri əldən gedir. Kimisi muxtariyyət istəyir, kimisi «əzəldən bura mənim babalarımın olub» deyir.
Bir vaxtlar duelə çağırılmış Lui Paster demişdi: «Əgər məni duelə çağırırlarsa deməli silah seçmək imkanım var. Buyurun, bu iki kolbadan birində çiçək xəstəliyinin bakteriyaları, o birində təmiz su var. Rəqibim kolbalardan birini seçib içsə mən o birisini içəcəm». Duel baş tutmadı. Heç kim başqa imperiyanın silahlı qoşunlarını öz ərazisində yerləşdirmək cəsarətində bulunmadı.
Deyirlər ki, bu canıyanmış bakteriya çox gözəldi. Onun quruluşu o qədər kamildi ki, milyard il ərzində dəyişməyib. Təkamül prosesi həmişə daxildə gedib. İnsanlarda isə əksinə, təkamül prosesi zahirimizi çox gözəlləşdirib, amma mahiyyət milyon il əvvəlki səviyyədədir. Adamın allahı var, biz axı cavanıq, onlar bizdən çox-çox yaşlı və təcrübəlidir. Dünyanın yaranması rəvayətinə inansaq bütün canlı orqanizmlər dünyanın yaranışı zamanı əmələ gəlib. Bu o deməkdir ki, Nuh peyğəmbərin ailəsi vəba, yatalaq, mininqit, ensefalit, amöblu və bakterial dezinteriya, malyariya və sair çeşidli xəstəliklərə yoluxmalı idilər. Çünki hamı onun gəmisinə yığışmışdı və necə deyərlər hamı bir qabdan yemək yeyirdi.
Biz onları mikroskop altında öyrənirik. Ola bilər kimsə də bizə böyüdücü şüşədən baxır və hərəkətlərimizdən heyrətlənir. Bəlkə arabir bir «qarın dərmanı» atıb rahatxanada bu dərmanı çıxaranın atasına rəhmət oxuyur və insanların «fəaliyyətinin» fəsadlarından canını qurtarır. Məncə «Süd yolu» adlandırılmış qalaktikamıza bu adı hələ ağzından süd iyi gəldiyinə görə veriblər. Onun yetkinlik yaşına çatmağına nə qalıb ki? O da bütün canlılar kimi özü kimisinin bir əlindən tutmaq, başını sığallamaq istəyəcək, ünsiyyət quracaq. Bəlkə niyyəti ciddi olsa, evlənər. İndi ona kim başa salsın ki, qoruyucudan istifadə eləmək lazımdı. Eh, adamları başa sala bilmişik bəyəm?



 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?