Bumeranq
Eşşəyə gücü çatmayan adam palana döyər
Xalq məsəli
Bu ilin 25 noyabr tarixində Nazirlər Kabineti müəllimlərin dərs yükü
normalarını müəyyənləşdirən qərar qəbul edib. Müəllimlər bu qərar barədə
1 aya yaxın pıçhapıç eləsələr də (nədənsə hamı ümid edirdi ki, bu qərar
qəbul edilməyəcək, bəlkə əvvəl müzakirəyə çıxarılacaq, ya da Nazirlər
Kabineti belə insafsızlığa imza atmaqdan imtina edəcək) indi müəllimlərin
qorxuları reallaşıb. İlin sonunda müəllimlərə hazırlanmış «hədiyyə»lər
paylanmağa başlayıb. Qərara görə müəllim 2 stavka, yəni həftəyə 24 saatdan
artıq dərs yükü götürə bilməz. Dərs ilinin ortasında indi məktəblər
bir növ dərziliklə məşğuldu. Yəni dərs yükü artıq olan müəllimlərin
artıq saatlarını kəsib götürürlər.
Axı kimdir bu müəllim? Azərbaycan Respublikasının Təhsil Portalında
oxuyuruq: «Müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul
edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir».
Əgər müəllim bu qədər qiymətli insandırsa niyə bu «humanist» qərar bir
az əvvəl, yəni oktyabrın 5-də qeyd olunan müəllimlər gününə ithaf edilmədi?
Bütün müəllimlərin qərarı oxuyandan sonra sevincdən gözləri yaşarar
və öz qiymətlərini dəqiq bilərdilər.
Azərbaycanda hamı bilir ki, vətəndaşın 8 saatlıq iş gününə ixtiyarı
çatır. Maaşları bir şey olmasa da dövlət işçiləri həftəyə 5 günlük olarsa
40 saat, 6 günlük olarsa 48 saat işləyə bilər. Özəl şirkətlərin özəl
də qaydaları var, bunu dövlət qərarları tənzimləmir. Soruşula bilər
ki, bəs niyə müllimin dərs demək hüqüqü məhdudlaşdırılır? Müəllimin
həftəyə 24 saat dərs yükü varsa günə 6 saat dərs desə (müəllimin saatı
45 dəqiqədir) cəmi dörd gününü sərf eləmiş olur. Əgər dərsləri rahat
qrafiklə qurulsa müəllim 6 saatını dalbadal deyib günün ikinci yarısını
azad olur. Həftənin 4 günü yarım gün işləmək yetkin insanın imkanının
çox az hissəsidir. Əlbəttə, müllimlik asan deyil və onun yarımgünlük
işinin sərfiyatı fəhlənin axşamacan boşaltdığı bir kamaz kubikə sərf
etdiyi enerjiyə bərabər olur. Ən yüksək müəllimlik kateqoriyasıyla götürsək
həftəyə 24 saat işləyən müəllim ayda 200 manat qazana bilər. Ondan artıq
qazanmağa artıq dövlət ona icazə vermir. Bundan sonra müəllimlərin bir
qismi əlini göyə, o biri qismi isə əlini şagirdlərinə tərəf açıb mərhəmət
diləməli olacaq.
Yəqin millətin başbilənləri düşünür ki, müəllimin vaxtından səmərəli
istifadə etməyi öyrənmək zamanıdı. Yəni ki, günün boş qalan vaxtı gün-gündən
artan dükanlarda, kafelərdə süpürcəçi kimi işə düzəlib ehtiyacını bu
yolla ödəməlidir. Ya da ki, indiyədək bacarmırsa qaz vurub qazan doldurmağı
öyrənməlidir. Bəli, müəllimlər indi ciddi seçim qarşısındadı. Bu, bir
növ Mefistofelə gənclik əvəzinə ruhunu satmış Faustun iztirabları kimidir.
Onlardan kimsə rüşvətxorluğu, ləyaqətsizliyi, sümsüklüyü öyrənəcək,
bilənlər bir az da cilalayıb kamillik səviyyəsinə çatdıracaq, öyrənə
bilməyənlər cəmiyyətdə tutduqları alçaq yerlə barışıb dinozavrlar, mamontlar
kimi yavaş-yavaş sıradan çıxacaqlar. Özü əzilmiş müəllim heç vaxt qürurlu
şagird yetişdirə bilməz!
Etiraf etmliyəm, mənim müəllimlərə bir qırıq da yazığım gəlmir. Büna
əsas səbəb internetdə müəllim sözünə axtarış verəndə Quran arasında
rüşvət alan «Həci müəllim» kimiləri barədə yazıların ortaya çıxması
deyil. Belələri həmişə olub, artıb törəməkdə qabliyyətli olan həşəratlar
kimi onların təbii qənimi olmasa sürətlə artıb ətrafındakları da tezliklə
abırsızlığa yoluxdururlar. Özüm də müəlliməm, amma müəllimlərin bu günündə
içimdə etiraz əvəzinə qisasdan ləzzət alma hissləri baş qaldırır. Əcəb
olur müəllimlərin hamısına! Seçkilər zamanı «karuseldə yellənəndə» onlar
elə bilirdi ki, kreslolar dolan kimi onları yuxarı başda otuzduracaqlar?
Yoxsa ki, min əzabla saxtalaşdırma prosesinə bulaşanda «malades» eşidəcəklər?
Bəs bütün zamanların və dövrlərin mayakı barədə şeirlər, mahnlar öyrədəndə,
tarixi saxtalaşdırmaqda bilavasitə iştirak edəndə, körpələrin saf beyninə
murdar fikirlər yeridəndə buna görə nə vaxtsa cavab verəcəkləri barədə
düşünməyiblər? Bu gün haqq-ədalət öz yerini tapır. Nə olubmuş, ağa itaətkar
olan quluna bir şapalaq ilişdirib onu nahardan məhrum edib? Təbiətdə
buna bumeranq prinsipi deyilir. Yəni ki, etdiyin bütün əməllər bu işə
sərf etdiyin enerjinin 7 misli şəklində özünə qayıdır. Yaxşı ki, adamın
özünə qayıdır, belə olmasa 7 nəsil nəvə-nəticələri cavab verməli olacaq.
Millətin bu gündə olmasında günah bilavasitə müəllimlərin çiynindədi!
Hansı predmeti tədris etməsindən, nə dərəcədə savadlı olmasından asılı
olmayaraq müəllim çoxmilyonlu qoyunlar ordusunun yetişdirilməsində bir
alətdir. Bu alət fəal da ola bilər, əzvay, işini bilməyən də. Bu alət
şüurlu olmursa, millətin gələcəyini bir parça çörəyə, güzərana qurban
verirsə ona bu da azdı…