Çirkinlik içindəki zənginlik


Bodrumun göylüyü gözlərimin qarşısından keçməmiş yazı yazmalıyam. Həmin o tünd göy rəng ki, şəhərin simvoludur. Ağ fonda qabardılan rəngə mas-mavi də demək olardı, amma o, mavi deyil. Bizim Xəzər heç vaxt o rəngə boyanmır. Bu mavilik ayrı cürdü. Burda həmin gömgöyü hər yerdə görmək olar. Balaca, xudmani evlərin pilləkənlərində, məhəccərlərində, yerə döşənmiş şüşə gözmuncuğularda, soyuducu üçün maqnitlərdə, dənizin fantastik rəngində. Hətta hovuzdakı xlorlu su da sanki özünü dənizin rənginə oxşatmağa çalışır.
Bizim şəhərin rəng simvolu yoxdu. Biz rəngarəngik. Özü də hər mənada. Bizdə şəhərdə qısalığından baxan da xəcalət çəkən şortik geyən də var, hicabda gəzən də, çadrada yaşmaqlanan da. Bodrumda hamı şortikdədi, gəlmə də, yerli də. İlk dəfəydi ki, dizdən 2 barmaq aşağı olan ətəyimdən utanırdım. Axı mən nə biləydim ki, yalnız çimərlikdə geyilməyə layiq bildiyim şortikimi geysəydim o qədər də seçilməyəcəkdim. Ona görə də hamı üzümə baxan kimi kimliyimi bilirdi. «Türkiş?» sualının cavabını yaxşı bilirdim: «Yes». Sarışın türklər və xaricilərin içində saçımın rəngi və ətəyimin uzunluğundan seçilirdim. Amma bu mənə nəsə imtiyazlar vermirdi. Satıcılar üzümə və ətəyimə baxıb pul kisəsinin həcmini müəyyənləşdirməyə çalışırdılar. Tərs kimi yoldaşım arabir təbəssüm nümayiş edən kimi ağzındakı qızıl dişi Bodrum günəşində bərq vururdu. Dişlərini düzəltdirəndə bir balaca qənaət eləyib 2 dişi qızıl qoydurmalı olmuşduq, axı farfor daha bahadır. Amma bodrumluların bu, heç vecinə deyildi: «Oooo, siz çox zəngin adamsız ki, qızıl diş qoydurursuz! Biz bunu özümüzə qıymırıq» deyirdilər. Sonra iki daş arasında ispanca və fransızca danışan müştərisinə cavab verir və yenidən bizimlə türkcə danışır. Mənsə bu məqamda uşağıma 3-4 dildə danışmağı öyrətməkçün müəllimlərə verəcəyim məbləği təsəvvür etməyə çalışıram.
Yoddaşıma «gülmə» deyə bilməzdim. Bu, lap biabırçılıq olardı. Burda qaşqabaqlı kimsəyə rast gəlmədim. Hamı razı idi: günəşdən, dənizdən, alverdən, qazancdan, uğurlu və sərfəli gödəkcədən, 2 saat çənə döyəndən sonra əldə edilmiş qızıl əşyadan, suvenirlərdən, ünsiyyətdən. Mənsə şəhərin dizaynından çox razı idim. Özümə şəhər tikəsi olsaydım yəqin ki, elə belə də alınardı. 2 mərtəbədən artıq olmayan səliqəli evlər, Bodrumun çəhrayı qaya daşıyla yapılmış kiçik hasarlar, fiqurlu məhəccərlər, il boyu çiçəkləyən dibçək gülləri və əlbəttə ki, dənizin 5 metrliyində kiçik kafelər. Biz şəhərimizi yaşıllaşdırmağa o qədər pul xərcləyirik, onlarsa 1-2 çiçək açan kimi Bakının küləyi və camaatının daş ürəkliyindən quruyub gedir. Ona görə də çoxillik çiçəklər bizdə yaşamır. Bodrumlular sarmaşıqlarına nə vəd verir ki, onlara çiçək fəvvarəsi bəxş edir, anlaya bilmirəm? Bizim fəvvarələrimiz də müəyyən vaxtda işə düşür.
Bodrumun dənizi sakit, amma hiyləgərdi. Özünü guya ki, heç dalğalanmırmış kimi aparsa da ayağını süpüşdürür. Burda dənizdə suda dayanmaq üzməkdən təhlükəlidir. Çünki hər addımbaşı qayaya çaxılma ehtimalı var. Nə olsun ki, su ağlasğmaz dərəcədə şəffafdır. Ayağının qumsala dəyməsi üçün xeyli pul verib qayığa minib harasa getməlisən. Əlbəttə ki, Xəzərin qumsalında ayaq açmış bizlər buna pul verən deyildik, amma adambaşı 45 dollardan olan səfərə yazılmaqçün növbəyə dayananlar da vardı. Bu da təbiidir. Kiminsə günəşi, kiminsə suyu, kiminsə dənizi, kiminsə istiliyi, kiminsə asudəliyi yoxdu. Bəs bizim nəyimiz çatmır?
Biz əlimizdə olanlardan, ətrafımızdakı nemətlərdən şükranlıq duymağı bacarmırıq. Xəzərə baxıb çimçəşirik, şəhərdə gəzib deyinirik, yeyib kökəlirik və sonra idman edib arıqlamaq istəyirik, vaxtmızı seriallara baxmaqda keçirib sonra bir illik qazancımızı verib ildə heç olmasa bir dəfə səfər etməyə çalışırıq ki, sonra qayıdıb özümüzünküləri doyunca söyək. Xarici dildə danışanlara ağzı açıq baxsaq da dil öyrənməyə ərinirik. Hovuz ətrafında günəş vannası qəbul edərək kitab oxuyan xaricilərə də birtəhər baxırıq. Biz hər nəfəsdə onlar kimi olmadığımızı anlayır, sonra hamıya var gücümüzlə sübut edirik ki, başqa cür yaşamaq mümkün deyil. Biz dəyişməyi heç ağlımıza da gətirmirik.
Bir həftə ərzində yeməkxananın 100 cür yemyindən dadandan sonra onlara bir düşbərə qonaqlığı vermək, qutabla ağızlarını dada gətirmək, plovla bığlarını yağlamaq, dolmalarımızla həyatı başa salmaq istəyindən qurtula bilmirdim. Anladım ki, onların imkanı və çeşidi varsa bizim ağzımızın dadı, çətin həyatımızın tamı var. Hətta təyyarədə yediyimiz bizim ərzaqlardan bişirilmiş yemək (adi vaxtda belə yeməyi heç dilimizə də vurmarıq) onların bəh-bəhlə servirə edilmiş yeməklərindən dadlı idi. Geri qayıdanda təyyarədə içdiyimiz yerli şirələrimiz pepsilərdən, kolalardan, fantalardan min dəfə dadlı idi. Sən demə biz yaxşı yaşayırıq. Biz gözəl torpaqlarda məskünlaşmışıq. Çirkləndirdiyimizə baxmayaraq mirvri kimi dənizimiz var. Gözəl ərzaqlarla qidalanırıq. Çətinliklərlə dolu maraqlı həyatımız var. Biz dincəlməyə harasa gedəndən sonra darıxıb geri qayıdırıq.



 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?