Havayı
həyat
Yaxud layfxakinq əvəzində quruca sağol
Deyirlər, «Pulsuz pendir yalnız siçan tələsində olar». Yəni ki, biz
hər tikəmizi zəhmətlə, qan-tərlə qazanıb yeyə bilərik. Ona görə də kimsə
havayı nəyisə təklif edirsə deməli məkrli məqsədi var. Bizi də zavallı
siçan kimi tutub (Ardını siz özünüz də fantaziya edə bilrsiz) … Öz aramızdı,
hamı havayı pendiri elə sevir ki…
Biz sovet dönəmində yaşadığımız zamanlar hamıya havayı «pendir» verərdilər.
O vaxtlar ipetoka yox idi, amma mənzil növbəsi vardı. Cavanlığında yazılsaydın
uşaqların evlənənədək sənə bir ev verəcəkdilər. Zəhərli kimyəvi maddələrlə
işləyənlərə havayı süd verirdilər. Uşaqlar da havayı oxuyurdu. Deyək
ki, bu havayı savad indinin pulla alınan (həm rüşvətlə, həm də pullu
təhsildə oxuyanın təhsil xərci çox çıxır) bilikdən yüz dəfə artıq idi.
Hər il məcburi (az qala gündəlik) və ənənəvi (məsələn, Novruz bayramı
qabağı) yır-yığış zamanı evdən bir-iki torba lazımsız paltar və əşyalar
çıxarırıq. Ucuzlu Çin malı geyinənin paltarı heç əskiyə də yaramır deyən
onu tullayır. Bir balaca abırlı geyim almaq adəti olanlar artıq gözdən
düşmüş paltarları bir torbaya yığıb ya kiməsə verir, ya da kiməsə lazım
olacağı ümidiylə zibillikdən bir balaca aralı qoyur ki, götürsünlər.
O zaman kimsənin ağlına gəlmir ki, onları nəyəsə dəyişdirmək olar. Bizi
elə əzəldən belə tərbiyə ediblər, «Allah yetirər» deyib ardını yaşayırıq.
Düzün desək elə yetirir də. Amma öz köhnəsinin əvəzində başqa, amma
artıq sahibinə lazım olmayan əşyanı əldə etməyi bacaranlar da var. Kəm-köhnə
və lazımsız əşyaların barteriylə məşğul olan onlarla sayt var. Rusiya
məkanında yaşasaydıq biz də bu al-verə qoşulardıq və bəlkə də israfçılığımızın
xeyrini görərdik. Bu saytlarda dəyişdirilən və təmənnasız bağışlanan
əşyalar siyahısını görəndə həyatımızı puç əşyalara sərf etdiyimiz barədə
fikirlər adamı uzun müddət rahat buraxmır. Bu tip saytların hər gün
95 min istifadəçisi olur və yüzlərlə əşya yeni sahiblərini tapır. Kibrit
qutusundan və yaddaşımda ilk saqqız obrazını zəbt etmiş «Bubl-qum» kağızından
tutmuş köhnə kompüter, divan və kitab rəfi (deyək ki, Zaman kitab rəflərinə
qarşı xüsusilə amansızdı), antikvara qədər sahibinə artıq qiymətli olmayan
hər nemət bir «sağol»a dəyişdirilir. Görürsən ki, kimsə hallusinasiya
yaradan göbələklər təklif edir, kimsə Qodzilla paltarı. Bəzən alman
istehsalı olan əla Mülbax royalı da sahibini bezdirir. Minaaxtaran da
verən var, sınıq rels tikəsi də.
Dəyiş-düyüş məsələsində kanadalı Maykl Makdonaldsın adı indiyədək dillərdə
əzbərdi. Düz 6 il əvvəl işsiz qalmış Makdonalds dəftərxana sancağını
villaya dəyişmək qərarını verdi. Hamı onu «səfeh» adlandırdı. Onun dəyişdirilmə
məqsədilə yaratıdığı saytı ələ salıb gülənlər də çox oldu. Cavabında
Makdonalds sadəcə gülümsədi. Az sonra qırmızı rəngli sancaq balıq şəkilli
qapı dəstəyi sahibinin əlinə keçdi. Həmin bu dəstək gülən sifətə dəyişdirildi.
Sonra manqala, elektrik generatoruna, bir çəllək pivəyə, qarda gəzən
maşina… Bu siahını tam vermək fikrim yoxdu. Amma deməliyəm ki, bir ildən
sonra Makdonalds soyadlı «səfeh» ikimərtəbəli evində qanuni şəkildə
yaşayırdı. Bu uğur rekord olaraq qalır və hələ ki, kimsə sancağı Transilvniyadakı
qəsrə, ya da adaya dəyişdirə bilməyib.
Düzün desəm «İnsanın aurasını görməyi öyrədirəm» elanına o qədər də
etibar etmirəm. Maraqlıdı, görəsən əvəzində solfecio dərsləri almaq
istəməzmi? O mənə insan rənglərini mən də ona notu öyrədərdim. Ya da
qəribə musiqi bəstələmək təklifinə bizim boşbaz bəstəkarlarımız qoşulardımı?
Əlbəttə, rəngkarlıq və musiqi dərsləri dünyada ən bahalı dərslərdəndi.
Amma bizdə bunun bir qəpiklik qiyməti yoxdu ki, onu yəqin heç barter
üsuliylə da dəyişdirmək mümkün olmaz.
İndi görək bizim satası, dəyişdirəsi və sadəcə hədiyyə verəsi nəyimiz
var? Yaxud cibinizdə siçanlar tanqo oynayan zamanı hara gedə bilrsiz
və vaxtınızı necə öldürərsiz? Kitabxanalarımız hələ ki, havayıdı. Düzdü
onlar indi gündüz çıraqla gəzəsi qədərdi, amma hələ ki, var. Mənasız
və lazımsız mövzularda məruzələr tam havayıdı. (Eyni dərəcədə lazımsız
və mənasız mətbuat konfranslarını siyahıya salmıram. Çünki orda su,
blaknot, qələm və bəzən də yemək verirlər). Sərgilərimizə giriş azaddır.
Tablolar neçə illərdir ki, tamaşaçısını gözləyə-gözləyə qalıb. Kosmetika
dükanlarının qarşısında paylanan ətirli zolaqlar havayıdı. Çox bahalı
mağazaların içindəki super təmirli tualetlər də havayıdı. Ordakı duru
sabundan və əl qurudandan ürəyin dolu istifadə edə bilərsən. Bir də
ki, bizdə məsləhət su qiymətinədi. Düz demədim, lap havayıdı. Burda
sənə məsləhəti istəməsən də verirlər. Çox irəliləmişlər «Bir baş yaxşıdı,
iki ondan da yaxşı» deyib kollektiv şüurun dağları da yerindn qoparması
barədə havayı məruzə deyə bilərlər. Bunun qəribə bir adı da var: layfxakinq.
Hərfi tərcümədə həyatı sındıranlar deməkdi (layf həyat, xakinq (xaker
sözündən) sındırmaqdı). «Çoxdanışana onun baxdığı serial zamanı zəng
elə. Söhbət uzağı 5 dəqiqə çəkəcək» məsləhətini adama havayı verərlər
də. Ya da «Çantanı baqaja verməmişdən əvvəl şəklini çək. Şəkillə daha
tez taparlar» məsləşətinni əvəzində nə almaq olar ki? Həyat həqiqətlərini
havayı şəkildə sosial şəbəkələrdə paylaşanlar yəqin hələ bilmir ki,
bunun əvəzində nəsə almaq da olar. Bəzən buna heç quru çoxsağol da demirlər.
Sosial şəbəkə demiş, unutmayın ki, havayı pendir yalnız siçan tələsində
olur. Yerdə qalanın hamısının haqqını artıqlamasıyla veririk.