Özünə
dirsəklə yol açmaq prinsipi
Əslinə qarsa,
şəhərimiz balacadı. Çünki pis, ya yaxşı xədərlər burda ildırım sürətiylə
yayılır. Kimsə xəbəri qəzetdən öyrənir, kimsə televiziya, kimsə telepatik
kanallardan alır. Bir də gördün ki, camaatın üstündən xəfif xəbər dalğası
əsdi: «Marketin yanındakı bankomatda pul qurtarıb. Dayanacaqdakı bankomat
havalanıb elə «başqa əməliyyat seçin» deyib sayıqlayır. Amma şadlıq
evinin yanındakı cihazın başına yığılan adamların sayından bəllidir
ki, hələ də ümid var...»
- Deyin də
axırıncı kimdir?
- Məndən sonra 6-7 nəfər növbə tutub. Hamısını yadımda saxlaya bilmədim.
Sarısaç qadın uşağı məktəbə qoyub gələcək. Ağbaş kişininsə çox vacib
işi vardı, dedi ki, harda olsa özünü yetirəcək.
- Heç inana bilmirəm, bu gün çox uğurlu gündür!
Yoldan keçən görkəmindən pensioner olduğu tökülən bir xala:
- Nə verirlər? (Camaatın göz-qaş süzdürməsini, nırçıltısını heç vecinə
almayaraq) Deyin görüm maaşdı, yoxsa pensiya?
- Ay arvad, bu vaxt pensiya olar. Pensiyanı artıq xərcləmisən, yəqin.
Bir ay dözə bilmirsən?
-......
- Mən o yaşda da növbəyə durmalı olsam, pensiyamı zülmlə alsam heç o
yaşa çatmasam yaxşıdı!
- Mənim nənəmin pensiyasını evə gətirirdilər o vaxtlar...
- Yarım saatdı heç yermizdən tərpənmirik. Bir o qabaqdakılardan soruş
gör nə olub?
- Ekrana heç yaxın düşmək olur ki? 6-7 adam baş-başa bankomatı əsarətə
alıb elə bil...
- Vallah bu milləti niyə belə incidirlər?! Hamıya eyni kodu versəydilər
nolardı? Onsuz da belə bashabasda kodunu məxfi saxlaya bilərsən? Min
dənə göz baxır. (Əyiib yanındakının qulağına pıçıldayır) Mən sənə həyatda
dirsəklərinlə özünə yol açmaq prinsipini əyani şəkildə göstərəcəm, bax...
- Növbədəki kişilər lap quzu kimi durub. Amma o arvadları aldatmaq olar?
- İndi görərsən. (Dirsəklərini işə salaraq) Ay bacı, bacarmırsan sənə
kömək eləyim də, bir dillənsənə. Soruşmaq ki, pulnan deyil. İcazə verin,
icazə verin, xalaya kömək lazımdı. Hə, xalacığım, kodunu de, yığım...
İrəliləmiş nömbə tanışının ardıyca həsədla baxıb yenə də öz yerində
qalmış oğlan:
- Adamda həya-abır yaxşı şeymiş. Xalaya bax da, kartını da, kodunu də
tanımadığına necə etibar elədi?
- Belə olur ki, juliklər kef eləyir. Tanışımın başına gəlib, bilirəm.
Birindən xahiş edib ki, bax gör hesabımda pul var, ya yox. Julik kodu
yadda saxlayıb yalandan deyib ki, heç nə yoxdu. Əldən zirəklik eləyib
həmin kartın əvəzinə başqa bir kartı yiyəsinə qaytarıb. 3 dəqiqədən
sonra yenə də qayıdıb pulu götürüb.
- Hə düz deyir, belələri bankomatların yanında dayanıb şikarını gözləyir.
Günə 5-6 pensioner aldadır.
- Bankomatı fikirləşənlər bilmirdi ki, millətçün 4 rəqəmli kodu yığıb
pul çıxarmaq ali riyaziyyatdan məsələ həll eləmək kimi bir şeydi? Bizdə
hamı öyrəşib ki, halalca pulunun qalığını sifətindən zəhrimar tökülən
kassirə nəzir versin.
- Yaxşı o oğlan pulunu aldı, getdi. Amma növbə tərpənmədi.
Bu anda «onluqlar
qurtardı, təkcə manatlıq qalıb» hökmü eşidilən kimi arxadakıların gözündəki
ümid işığı sönməyə başladı.
- Camaat bankomat 20 manatdan artıq məbləği vermir, bilin. Başqa rəqəm
yazsaz imtina edəcək!!!
- Sən bir fikir ver, xalanın əlində bir paçka kart var. Bütün nəslinin
pulunu almağa gəlib?
- Ay bacı, biz də adamıq, əl-ayağımız dondu. Bizə də imkan ver pul götürək.
- Gəlin belə danışaq, iki dəfə mən çıxarım, sonra bir nəfəri buraxacam.
- Hələ bir aydınlaşdırmaq lazımdı ki, bu qədər kart onun əlində neynir?!
Bəlkə oğurluqdu!?
- Xeyr, mən müdirəm. Eşitdim ki, bankomata pul qoyulub bütün şöbənin
əvəzinə pul çıxarmağa özüm gəldim. Yoxsa hər on dəqiqədən biri icazə
alacaqdı ki, gedim pul çıxarım.
- İndi sənin bütün şöbənin pulu olacaq, bizim yox!?
- Məndən asılı nə var ki? Özünüz sayın da, hər dəfə 20 manat verirsə
134 manatlıq maaşı neçə dəfəyə çıxara bilərəm. Bəlkə heç bizə də pul
çatmadı!..
Mağazaya girib
zənbilinə bir çörək, bir də qatıq qoyub artıq geri qayıdan pensioner
xala yenə də bankomatın yanından etinasız keçə bilmədi. Sıradakı axaranca
duranı çənəsinin altına salıb növbə görəndə oyanan marağını söndürməyə
bir də cəhd elədi:
- Bala, bir de görüm, maaş verirlər, yoxsa pensiya? Bayaq anlamadım.
Görəsən məni növbəsiz buraxarlar?..