Eşq
olsun arsızlığa!
Yaşamağın yolları, yaxud bəzi sınanmış tezislər...
Bir ili də belə yola verdik. Cibimizin dibində ilişib qalan xırda pulunacan
xərclədik. Var-yoxumuzu süfrəyə düzüb bir qədər həzz alandan sonra hamısını
yedik, içdik, üstəlik padşah piyada gedən yerə normadan artıq da yolumuz
düşdü. Hə, bir az da köhnə ili birtəhər yola verdiyimizi zənn edib oxuyub
oynayanımız da oldu, fəlsəfi düşüncələrə dalanımız, hələ bir divanda
mürgləyənimiz də.
Elə bil ki, evdə qalan qotur qızı birtəhər birisinə ərə verib başından
eləyən valideynlər kimi dərindən nəfəs aldıq ki, bu il də belə getdi!
İrəlidə gələn il əjdaha kimi ağzını açıb durub. Başından cəmi bir həftə
xərcləmişik. İndi irəlidə gələn bir il ağıllı olmalıyıq, üstəlik ağıllı
olduğumuzu başqalarına da sübut eləməliyik. İlaxırı özümüzə icazə verdiyimiz
azadlıqları (mən Azadlıq meydanında xalqın səhərəcən kef çəkib pullarımızı
göyə sovurmasını xatırlatmıram, əsla!) yığışdırıb qıfıllı sandığa qoyub
ağzını ən azı gələn yeni il bayramına qədər gizlətməliyik. Bu qədər
yeməkmi olar, gülməkmi olar, gəzməkmi olar?! Bəs başıbəlalı xalqın obrazı
necə olsun?!
Başına döndüyüm qar hamısını nə təhər burnumuzdan gətirdisə «malades»
deməkdən başqa bir istəyim qallmadı. Çörəyi gündəlik çıxanlar gedib
birtəhər başına əlac qılsın, neynəyək? Qaragünlüyünü qabağına alıb «ay
Allah, bu gün uşaqlara yeməyə nə verəcəm?» deyib timsahın göz yaşlarını
axıdan aeroport satıcıları, meyvə satanlar və xalqın necə deyərlər siması
sayılan bu sayaq zümrəsi bilmirəm niyə jurnalist tayfasından ibrət götürmür?
«Qəzet çıxmasa, qonorar olmayacaq!» deyib şivən qoparmırıq ki? Köhnə
ili necə yola verdiz, həmən səbrlə qarın bir-iki günlük dəcəlliyinə
də birtəhər dözün. Gənub günəşi bu «padşahı» da tezliklə taxtan salacaq.
Bir az dözün, amma barmağınızı də tərpətməyin ha...
Bax, qar ki, əridi (əriməyib nə qayıracaq ki?) bütün kanalizasiya sistemi
daşacaq. Küçələr lehmə, palçıq içində üzəcək, ayaqqabılarımıza yapışıb
evlərimizi bərbad günə qoyacaq, istəsəz lap yeməklə birgə qarnımıza
da düşəcək. Maşını olan vətəndaşlar piyadaların üstünə kirli su sıçradıb
xeyli kef eləyəcək. Təbiətcə pinti olanlar «məndən nəylə fərqlənirsən?»
deyib səliqəliləri o qədər lağa qoyub güləcək ki, lap qarnı cırılacaq.
Uşaqlarımız və xüsusilə də sevən gənclərimiz qrammatikanı qəzetlərdən
yox, maşın şüşələrindəki yazılardan öyrənəcək. Belə sevgi mesajına hes
kontur da lazım deyil. Sevdiyin qızın qonşusunun maşınına nəsə yazırsan,
o da bu yazıyla düz bir il qızın gözünü mazol eləyir. Amma nəbadə həyatınızda
nəyisə dəyişəsiniz! Küçələri süpürüb, zibilləri yığasınız. Çünki insanın
çölü içiylə harmoniyada olmalıdı, eləmi?
Hamı bilir ki, arsızların günü fikirçil adamlardan yaxşı keçir. Bu aksiomadır,
sübuta ehtiyacı yoxdur. Odur ki, mənə ayrılmış bu kalonkada xalqı depressiyadan
çıxarmağın yollarını diqtə eləyən bəzi tezisləri işıqlandırmaq istərdim.
Bəyənməsəz də çox qınamayın. Axı xalqım o qədər axmaq nitqləri yola
verib ki:
Əhlikef olmaq və sabahı düşünmədən rahat yaşamaq lazımdı.
«Hər şeyə və hamıya tüpürüm» şüarını ən azı çarpayının başından asmaq
lazımdı.
İstədiyini eləmək ləzzətini heç nəyə qurban vermək olmaz! İstəmədiyin
sənin arzun deyil axı...
İmkan düşən kimi rahat işini işsizliyə, avaraçılığa dəyişməlisən.
«Nə qədər pis olsan sənə o qədər yaxşı olacaq» prinsipini əlində bayraq
kimi yellədib hər qarşına çıxanın gözünə soxursan.
Hes kimi sevmirsən, abırsızcasına yalan danışırsan, heç nəyi ürəyinə
yaxın buraxmırsan.
Heç vaxt da heç yerə tələsmirsən, hər şey özü yoluna düşəcək...
Bax, bu qar əriyib yox olacaq. Lap özünü öldürsə uzağı martacan dayana
bilər, artıq yox. Palçıq da toza çevrilib küləklə sovrulacaq. Çox zarısan
başqa millətlər çörək də tapıb ağzına dürtəcək ki, səsini eşitməsin.
İstəsən, lap gəlib buralarda da yaşaya bilərlər. Bilirəm, buna da öyrəncəlisən.
Bir dənə artıb-törəmək adətindən əl çəkmirsən də...