Zaman
konservi
Autizm deyilən bir xəstəlik var. Bu xəstəliyə düçar olanlar öz dünyasını
elə qurur ki, orda başqalarının fikrinə yer qalmır. Onlar cəmiyyətlə
kontakta girmir. Verilən suallara dərhal cavab verməyi, nəinki dərhal,
bəzən heç cavab verməyi lazım bilmirlər. Bəzən bəyəndiyi adamlarla ünsiyyətə
girirlər. Bu da qısamüddətli olur və onlar tezliklə öyrəşdiyi həyata
qayıdırlar. Onların bəyənmə mexanizmi də hansısa vəhy yoluyla, enerji
mübadiləsi səviyyəsində qurulur. Bir növ heyvanlarda olduğu kimi. Sadalanan
əlamətlər ilk baxışdan dəhşətli görünmür. Sanki həsəb aparılacaq həyat
tərzidir. Deyə bilərsiz ki, nə olsun, şəxsiyyətin öz dünayası var və
ora kimsəni buraxmır. Amma autist xəstələr cəmiyyətlə ünsiyyət qurmadığından
bəzən heç danışa, fikirlərini izah edə bilmirlər.
Bu günlərdə 10 yaşlı autist xəstə Sonya Şatalovanın aforizmlərini oxudum.
Fikirlərini oxuyandan sonra ona xəstə deməyə artıq dilim gəlmir. Oxuyun
və dünyanı bir balaca başqa gözlə görün:
Azart – elə bir məşğuliyyətdir ki, nə qədər gücün varsa başqa heç nə
ilə məşhul olmaq istəmirsən. Afrikalı – gecə kəşfiyyatı üçün ən yaxşı
əsgər. Kəpənək – yay səadətinin ən görünən əlaməti. Külək – sakitliyi
sevməyən hava. Günah – qəlbin üstündəki qaysaq, hansı ki, insanı Allahdan
uzaq salır. Uşaqlıq – insan taleyinin gündoğanı. Ruh – insanın içindəki
boşluqdur ki, onu ya Allah ilə, ya da İblis ilə doldurur. Həyat – Allahın
yaratdığı təbiətin üzərinə səxavətli münasibəti. Tanışlıq – dünyanın
müxtəlif anlaşma növlərinin, bəlkə də elə müxtəlif dünyaların toqquşması.
İmprovizə – söz, rəng, səslərin vasitəsilə təxəyyülün oyunudur ki, tez
və yaxşı alınmalıdır. Kitab – insan duyğuları və biliklərinin zaman
kəsiyində saxlaya bilən əşya. İnsanların Zamanı adlayıb ünsiyyət qurmaq
forması. At – böyük, ilıq, dördayaqlı xoşbəxtlik. Maska – sifətin yalnız
bir ifadəsi. Müdriklik – az və çox arasında ölçü vasitəsi. Muzey – Zamanın
konservləri. Musiqi – Allah insanın başa düşəcəyi anlamda. Fikir – sevgidən
sonra dünyada ən güclü qüvvə, obrazları sözə çevirməkdə ağlın cəsarəti.
Elm – tərəddüdlər üzərində qurulmuş təcrübə, içində inama yer qalmayan
dərk edilmə sistemi. Yenilik – belə bir hadisədir ki, onunla qarşılaşanda
dünya zənginləşir. Gecə - üstündə ulduzlar olan qara çətir. İstirahət
– ləzzətlə görülən iş. Macəra – elə bir hadisədir ki, səni və ətrafındakı
dünyanı dəyişdirmək qüdrətindədir. Quş – Allahın mahnı və uçuş haqqında
fikirlərinin təcəssümü. Romantika – elə bir əhvaldır ki, ən adi şeylərdə
sehir görürsən. Nağıl – real həyat ona uyğun gəlməyəndə ruhun uydurduğu
həyat. Gülüş – kədərli qəlbin həkimi. İt – hürən vəfalılıq və itaətkarlıq.
Spiral – rəqs edəndə burulub qalmış düz xətt. Masa – boşqablar və üzərinə
yığılmış başqa əşyaların həyat oyunu oynanılar meydança. Həya – insan
qəlbindən günahları ovub çıxaran od. Tale – insan ömründə kəskin sərhədlər.
Ləzzət – çoxlu pay-puşun pis əhvalla törətdiyi sehir. Tufan – dəli olmuş
külək. Qulaq – canlı məxluqlarda səs üçün tələ. Fantaziya – qəlbin yaşaması
üçün bəzək parçası. Fotoqrafiya – konservləşdirilmiş obraz. İnsan –
ağlı, nitqi və bacarıqlı əlləri olan canlıdır ki, bütün bunları işlətməyi
də bilir. Bəşəriyyət – bütün insanların toplusu, əgər onları bir böyük
adam kimi təsəvvür etsək. Kəllə – balaca sümük qutu, onun içində bütün
Kainat yerləşə bilir. Kürə – bucaqları və çıxıntıları olmayan kub. Esse
– fikir kimi deyilmiş esmosiyalar.
İndi mən «fikir kimi demək istədiyim emosiyaları» «kainatı yerləşdirə
bilən sümük qutu»sundan çıxarmağa çalışıram ki, yazını oxuyanlar «adi
şeylərdə sehir» görə bilsinlər. Deyim ki, «ağlımın cəsarətini» nə qədər
toparlasam da bu autist qızın dediklərindən ağıllı alınmır. Çünki o,
məndən fərqli olaraq hamının istədiyini deyil, yalnız öz istədiyini
və dolayısı yolla Allahın istədiyini dilinə gətirir. Əlbəttə, mən fikirlərimi
formaya salmağı artıq öyrənmişəm. Amma bu günlərdə fərdi saytım üçün
illər uzunu yazdığım yazılardan aforizm sayıla biləcək 5-10 dənə cümlə
tapa bilmədim. Bəlkə çoxdandı «qəlbimin yaşaması üçün bəzək parçasından»
əlimi üzmüşəm? Çoxdandı «dünyaları toqquşdurmuram». Həyatımı «boşqabların
həyat oyunu oynanlar meydançada» keçirirəm. Ətrafımda əsən «sakitiliyi
sevməyən havalar» əsir, amma onlar «az və çox arasında ölçü vasitəsi»nə
bir qırpım da təlatüm gətirə bilmir. Təəssüf, «qara, ulduzlu çətirin»
altında yaza bilmirəm. Yalnız «Allahı insanın başa düşəcəyi anlamda»
dinləyirəm. Tale xəttim də rəqs edəndə burulub qalmış və deyəsən kənardan
kömək olmasa açılı bilmir. Kaş ki, bütün çalışmalarım «qəlbimin üstündəki
qaysaqlardan» qurtulmağa imkan yaratsın…