Zamanın
nəbzi
Yadınızda olar, qədim dövrlərdə Dədə Qorqud insanın adını gördüyü işlərə
uyğun qoyardı. İnsan cəmiyyətin rifahı üçün heç barmağını tərpətməyibsə
adsız qalardı. İndi adsız qalmağı heç kimə icazə vermirlər. Doğulan
kimi adlandırırlar. Özü də, atası da, hətta babaları da məlum olur.
Məsələn, mənim qaynanamın rəsmi adı Oktyabrinadı. Hamı onu Rəfiqə çağırsa
da pasportunda Oktyabrina yazılıb. Bəli, bəli, adı dillər əzbəri olmuş
proletariatı başımıza çıxarmış, çörəyi birinin əlindən alıb o birisinə
yedirmiş, acları doyurmuş, olanları söküb xarabalıqlar üzərində dövlət
qurmuş oktyabr inqilabının şərəfinə. Deməzdim ki, qaynanamın valideynləri
inqilabi şüurlu, ya da proletariatın avanqard dəstələrindən idi. Amma
zamanın nəbzini tuta biliblər. O vaxtlar, yəni qaynanam gözünü dünyaya
açıb ağız dolusu çığıran vaxtı onun atasını tutub aparıblarmış. Yenicə
qızını qucağına almış zahı qadına məsləhət bilirlər ki, qızının adını
Oktyabrina qoy və get lazımi idarələrdə bunu de. Qadın da təmbəllik
eləmir, məsləhətə qulaq asıb qızını Oktyabr inqilabına ithaf eləyir.
Ərini tutmuş idarəyə gedib inqilabi şüurluluğunu bir daha nümayiş etdirir
ki, «Bir baxın, hətta qızımızın adını da Oktyabrina qoymuşuq. Biz elə
sizlərdənik». Kişini də tezliklə buraxırlar. Odur ki, qaynanam indiyədək
ağızdolusu ayağının yüngüllüyündən hələ də danışır. Amma biz ki, bilirik,
tutulanın geri gəlməsi üçün bir ad kifayət deyil.
Əlqərəz, cəmiyyətdə bir balaca silkələnmə, ya da vibrasiya oldusa bunlar
ad seçiminə təsir göstərir. Bayaq adını çəkdiyim dövrdə Traktor, İnqilab,
Vilen (yəni Vladimir İliç Lenin) kimi qəribə adlar da yaranmışdı. Bu
siyahıya Pofistal (Pobeditelğ faşizma İosif Stalin- fişizmin qalibi
İosif Stalin), Kukutsapol (Kukuruza üariüa poley- Tarlaların çarı qarğıdalı),
Dekreta, Barrikada, Disizara (Ditə, smelo idi za revolöüiey- Ay uşaq,
inqilabın ardınca cəsarətlə irəlilə), Myuda (Mejdunarodnıy önoşeskiy
denğ – Beynəlxalq gənclər günü), Uryuvkos (Ura, Öra v kosmose – Ura,
Yura kosmosdadı), Pyatvçet (Pətiletku v çetıre qoda – Beşilliyi dörd
ilə) kimi adları da əlavə edib dövr haqqında tam təsəvvür alarıq.
Bu proses təkcə bizdə deyil, bütün dünyada belədi. Amerikanın təqaüd
fondunun (Social Security Administration) 1998-ci ildə keçirdiyi sorğudan
məlum olur ki, 162 uşaq Xarizma, 19 Eros, 43 Kral (King), 29 Lenin,
30 uşaq isə Məsih (Messiah – yəni İsa məsih) kimi adlandırılıb. 2008-ci
ildə isə artıq 700 Məsih adlı uşaq doğulub. Bu cəmiyyətin maraqlarını
ifadə etmirmi? Sirr deyil ki, hər hansı cəmiyyətdə həyat şəxsi azadlıq
və cəmiyyət qarşısında borc arasında tarazlıq üzərində qurulub. İstər
dövlət, cəmiyyət, istər ailə müəyyən davranız qaydalarını diqtə edir.
Cəmiyyət nə qədər azad və riskli olarsa bu qaydalar bir o qədər də az
olur. Avropa, ABŞ kimi ölkələrdə valideynlər uşaqlarına maraqlı və standartlardan
uzaq adlar verməklə fərdiliyini vurğulamağa daha çox meyl edirlər. Aziat
düşüncə tərzli cəmiyyətlərdə isə ənənəvi adlar seçirlər. Deməli adlarımızdakı
müxtəlifliyi tədqiq etməklə orda olan azadlığın qədərini də açıq-aydın
bilmək olar. Bu yerində mən nədənsə «Çalı quşu» fiilmindəki bir səhnəni
xatırladım. Müəllim uşaqların adlarıyla maraqlananda məlum oldu ki,
sinifdəkilərin əksəriyəti Aişədir.
Hə, azadlıqdan danışırdım axı, yayınmayaq. Son 100 ildə sivil ölkələrdə
ənənəvi adlardan uzaqlaşırlar. Məsələn, hazırda Amerikada başqa adları
üstələyə biləcək bir ad yoxdur. Ən çox yayılmış ad 1,5 faiz həddini
ötə bilmir. Yəni ki, individualizm Amerikada ən yüksək hiddə çatıb.
Rusiya kimi ölkədə geriyə, ənənəvi adlara qayıdış tendensiyası müşahidə
edilir. Bəzən insanlar fərdiliyin ardınca qaçıb lap ağını da çıxarı
bilirlər. 2002-ci ildə Moskva zaksı BOÇrVF2060602 - (Bioloqiçeskiy Obcekt
Çeloveka roda Voroninıx-Frolovıx, rodivşiysə 26 iönə 02 qoda), yəni
Voronin Frolov ailəsində 26 iyunda doğulmuş Bioloji İnsan Obyekti cümləsinin
abviaturasını ad kimi qeydə almaqdan imtina edib.
Adamın Allahı var, biz də ikimərtəbə adları sevənik: Əliağa, Hüseynbala,
Seyidəli, Balaxanım, Xanımana və s., amma bu cür yox da. Astrologiyaya
və mücərrədliyə mellərimiz çoxdu: Aygün, Günay, Ulduz, Ülkər, Zöhrə,
Röya. Amma güllü çiçəkli, ətirli adlardan qaçıb tarixi adlara meyl edənlər
indi çoxalıb. Son bir neçə ayda məndən sırf türk adları istəyən bir
neçə adamın sorğusunu cavabsız qoymalı oldum. Bu da baş qaşımaq və yeni
adlar axtarmaq üçün bəhanə oldu. Siz bilən bu nəsə deməkdir, eləmi?
Bunun adını istəsəz azadlıq qoyun, istəməsəz də türkçülük. Adıynan böyüsün…