Zorakılıq
Susmağın qızıl olması barədə məsum düşüncələr
Başına gələnlər daha yaxşı bilər, zorakılıq yaxşı iş deyil. Əlaxsüs
də ona görə ki, burada sənin arzuların, fantaziyaların reallaşmır. Kimsə
qəlbinin dərinliklərində cücərməkdə (ola bilər janr tələb eləyir ki,
bu yerində cücərməkdə əvəzinə daha koloritli olan çürüməkdə ifadəsini
tətbiq edim) olan fantaziyalarını sənin üstündə tətbiq edir və sənin
vasitənlə həyata keçirir. Sənsə gözlərini döyür, ola bilər müqavimət
göstərir, əl-ayağını yelləyir və çığırırsan. Adətən belə vasitələrdən
hes biri keçmir…
Alimləri dinləsək və ən vacibi onlara inansaq məlum olar ki, guya zorakılıq
halları azalmaq üzrədir. 19-cu əsrdə müharibələrdə əhalinin 4 faizi
məhv olubsa 20-ci əsrdə bu artıq 1 faizə enibmiş. Yəni ki, yavaş-yavaş
olsa da adam oluruq. Nüfuzlu etnoqraf C. Daymonda deyir ki, «İbtidai
icma quruluşlu cəmiyyətlərdə insanların əksəriyyəti qətllərdən ölür».
(Kriminal bölməsinin xəbərlərini oxuyub nəticələr çıxarmaq sizdən).
Müharibələrdən azalan ölümlərin yerini zorakılıqdan olan ölümlər tutub.
Xüsusilə də məişət zəminində baş verən qətllər artmaqdadı. Bu məsələdə
özümüzü danlamağa tələsməyin. Abırlı və təmkinli insan obrazına tam
uyğun gələn ingilislərdə arvad-uşağı döymək adi hal sayılırdı. İngilis
məktədlərində uşağı döyə-döyə adam eləyərdilər. Arvad kötəkləmək o qədər
adi iş idi ki, hətta 150 il bundan əvvəd arvadı axşam 8-dən sonra döyməyi
qadağan eləmiş qanun da çıxarmışdılar. Xeyr ha, üzü qaranlığa düşər,
gecəni pis yatar deyən yox. Qışqırtısı axşam istirahət edənləri narahat
eləməsin deyə. Əlbəttə ki, bunlar ingilislərin qaranlıq keçmişi və bizlərin
real həyatıdır.
Qəribədir ki, zorakılığa qarşı gün-gündən artan müdaftə cəmiyyətləri
hamısı üzünü zorakılığa məruz qalmışlara tutub bolluca məsləhətlər verir.
Bir nəfər durub zorakıya demir ki, «Adam ol!». Yəqin düşünürlər ki,
zorakı insanlıqdan kənar və yazı-pozuya dəxli olmayan adamdır və məsləhətləri
heç oxumaz da. Amerika psixoloqları zorakılığa məruz qalmışlarçün gündə
bir testlər, məsləhətlər çap eləyir. Məsələn, 10 bənddən ibarət olan
belə testlərdən birinci bəndində yazılır ki, belə situasiyaya düşmüsənsə
zorakının gözünün içinə baxma. Yaxud qaranlıq küçələrdən keçmə, üzünə
baxma ki, elə bilər sən onu yadda saxlamaq istəyirsən, işini bitirəndən
sonra öldürər və s. bu tipli məsləhətlərdir. Bu testin ən sonuncu və
deyərdim ki, ən dahiyənə hissəsi axırıncı bənddir. Orda yazılıb ki,
əgər yuxarıdakı 9 bənd kömək eləməsə rahatlan və zövq almağa çalış.
Bizim ləhcədə desək yəni «boş ver». Bu yerində xalqımızın təmkin və
dözümlyyünün sirrini anlayır və böyük ehtiramla qarşısında baş əyirəm.
İndi deyin, xalq böyük olmasaydı susardımı? Abır həyasına bürünüb dözərdimi?
Bu məsələyə həyasız, səsini başına atmağı sevən başqa millətlərin gözüylə
baxmaq olmaz. İndi bəs ayıb olmazmı ki, xalqı zorlamağı yad ellərlərdə,
məsələn Avropa məhkəməsində müzakirəyə qoyaq. Ayıbdı axı, abır həyamız
harda qaldı? Adam evin söhbətini kənara çıxarar bəyəm? Dayısı bacı qızını
zorladı, ata öz övladını.. . (Milli mentalitet, filan. Yəqin nə demək
istədiyimi anlayırsız) Day əmioğlanlarını, dayı uşaqlarını deyiməm.
Nə qədər bu barədə yazallar, ayıbdı axı! Xalqımıza gəlincə o artıq öyrəncəlidi.
Dözəcək də, cınqırını çıxarmayacaq da. Çörəyini kəsəcəksən, jmıx yeyəcək.
Marşrutdan düşürdəcəksən lazım gəlsə arabaya minəcək. Təhsilini, sağlamlığını,
havasını, suyunu, gələcəyini, ümidlərini əlindən alacaqsan «boş ver»
deyib dahiyanə 10 –cu bəndə riayət edəcək. Təmkininə quzu kəsim, millət!
Səsini çıxart, qoy səndən öyrənsinlər. Bir «master klass» göstər.
Amma bir şeydə bütün dünya ilə ortağıq: biz də zorakıya bir söz demirik.
«Gözün üstə qaşım var», «Həsiri basma dolan gəl», «Yeri-yeri mən də
gəlim dalınca», «Get, ay batandan sonra gəl» və s bu tipli xalq yaradıcılığından
sitat gətirməkdə davam eləsəm köşədən erotik çalar gələr və əsil məqsəddən
yayındırar. Axı testdə deyilir: Zorakının gözünün içinə baxma! Üzünə
qayıtma! Döz, döz və bir daha döz! Amma arabir buralarda da azadlıq
mehi əsir və yeniliklər bizdən də yana keçmir. Odur ki, üzümü bu dəfə
zorakılara tutub (özü də qorxa-qorxa) deyirəm: « Noolar, adam ol e,
adam. Onsuz da insanlığa hələ çox var…»