Evimizin
qəsbkarı
Zibilini yığışdır, yoxsa o, səni aradan götürəcək!
21-ci əsrin
azərbaycanlısı zibillə mübarizədə özünü məğlub sayır. Bu zəhrimar zibil
nəinki azalmır, gün-gündən artır, çoxalır və həyatımızın tamını dəyişir.
Evlərdə uşaqlar hər gün zibili atsalar da validenləri narazıdı, çünki
zibil qabını təmiz görmürlər. Hər kəs bazarlıqdan gəlib əşyaları yerbəyer
edəndən sonra onlar anlayır ki, pulun əsas hissəsi qablaşmaya gedib.
Etiketlər, bəzək aksesuarları, reklam paketləri, qutular, ərzaqa sərinmiş
torbalar, paketlər… Bir az da sadalasam başım fırlanar. Amma bu, hər
kəsin həyatının bir hissəsi, qaçılmaz prosedurdur. Zibil 100 il əvvəl
də zibil idi, amma bu qədər arsız deyildi və evlərimizi hələ zəbt eləməmişdi.
Qədimdə, (100 il əvvəlin məişəti indikiylə müqayisədə həqiqətən də qədim
görünür) yəni zibil daşıyan maşınlar, zibili emal edən zavodlar, süpürgəçilər
ordusu olmayan zamanlarda sanki bu «yırtıcı» insanın həyatına soxulacaq
dərəcədə güclü deyildi. Onu hardasa qalaqlayır, artanda od vurub yandırır,
sonra basdırırdılar və zibilin izi-sorağı gəlmirdi. Düzdü, o vaxtlar
yeməli şeyləri zibilə atmazdılar, heyvanata verərdilər. Makulatura,
kağız məmulatlarına da heyfi gələnlər vardı. Plastik qablar yox idi,
şüşə qabları isə təhvil vermək olurdu, əlbəttə, əgər sındırmasaydın.
Qab yığıb satmaqnan dolananlar da vardı. Plastik qabların səlib yürüşü
ərazilərimizə soxulan kimi hər yer zibilləndi. Ağaclardan polietilen
paketlər yarpaq əvəzi sallandı, küçələrdə boş plastik qablar qalaq-qalaq
yığıldı. Qablaşmanı icad və tətbiq edən ölkələr onunla mübarizə yollarını
də, yəni təkrar emal üçün yığılması təcrübəsini də tətbiq etdi. Bu mədəniyyət
hələ ki, buralara gəlib çatmayıb.
Çirkli və eybəcər məişətimizi görəndə xalqın pinti olması fikri beyninə
hakim kəsilir. Əlbəttə, çürüməkdə olan zibilin qoxusu altında başqa
cür düşünmək olmur. Qoxudan ayılanda və ayıq başla fikirləşəndə görürsən
ki, yox, hər şeyi pintiliyə yıxmaq da olmaz. Deyirlər ki, cəmi 15 il
əvvəl Avropa ölkələrində də zibil problemi çox qabarıq idi. Hazırda
ekoloji cəhətdən ən təmiz sayılan Finlyandiyanın da anoloji problemi
vardı. Amma onlar çırmanıb zibillə mübarizəyə qoşuldular. Hətta zibillə
davranma qaydalarını tənzimləyən qanun da qəbul etdilər. Nəticədə ölkədə
zibilin növündən asılı olaraq ayrıca yığılmasına nail oldular. Onlarda
heç də hər zibil qabına gedib çatmır. Orda nüfuzlu ticarət mərkəzinin
qarşısında plastik qabları qəbul edən avtomatda növbəyə dayanan çoxlu
adam görmək olar. Hamı səbrlə dayanıb növbəsini gözləyir və zibil üçün
növbədə dayandığından utanmır. Finlər avtomata verdiyi hər plastik taraya
görə 40 avrosent alır. Qabın qəbul qiyməti üstündə yazılır. Həmin o
butılka dolu olarsa 1 avro verilir. Ona görə də ölkənin abırlı vətəndaşları
bu növbədə dayanmağa utanmır. Orda plastik qabları yığandan sonra torpağa
basdırmır, yandırmırlar, onu yenidən emal edirlər. Ümumilikdə Finlyandiyada
zibili hələ zibilxanaya çatmamışdan yerə basdırırlar. Ona görə də ətrafında
nə it-pişik, nə də həşarat və siçovullar yığılır. Onların zibil konteynerinin
əsas hissəsi yerin altındadır. Yerin üstünə səliqəli bir butka çıxarılıb.
Onun açarı olmasa istifadə etmək mümkün olmayacaq. Ora zibil konteyneri
düşən kimi mexanizm işə düşür və zibili sıxıb germetik qablamaya bağlayır.
Zibil maşını gələndə artıq bağlı qutuları götürüb aparır. Ona görə də
nə iy var, nə də tör-töküntü. Zibilxanaları isə onlar poliqon adlandırır.
Bir növ sendvic kimi yığılır: bir qat zibil, bir qat torpaq, bir qat
zibil, bir qat torpaq. Ona görə də zibilxanaları öz-özünə alışıb yanmır.
Yenə də nəticədə metan qazı alınarsa onlar onu da toplayıb enerji resursu
kimi işlədirlər. Bəzən bu enerji o qədər artıq yığılır ki, onu kənara
da sata bilirlər. Orda hər sahibkar bilir ki, zibil çox gəlirli sahədir.
Zibildən milyonçu olanlar da var.
Biz nəinki zibil məsələsində, heç nədə qənaətcil və uzaqgörən deyilik.
Müasir insan hər gün 2-3 kiloqrama qədər zibil istehsal edir. Bu sürətlə
getsə zibil bizi aradan götürəcək. Azərbaycanın əhalisinin yarısına
sığınacaq olmuş Bakının zibillər şəhərinə çevrilməyinə bir şey qalmayıb.
Hərə zibilini yerə atanda gündə heç olmasa bir dəfə əlini saxlasa nəticəsi
mütləq görünəcək. Zibil zavodlarının tikilməsi məsələsinə gəlincə bir
dəfə qulağımın bir ucuyla eşitdim ki, bu, beynalxalq məsələdi və guya
bunu heç bizim ölkə rəhbərliyi də həll etmək iqtidarında deyil. Kimsə
bizə zibil zavodu tikməyə icazə verməlidi. Yəqin onlar zibilin bizim
axırımıza çıxacağı günü gözləyirlər. Ona görə də imkan vermə ki, öz
zibilin səni məhv eləsin.