Zaman
oğruları
Xoşbəxt insanlara saat gərək deyil
Hərdən ozümü suallarla üzbəüz qoyub aradan çıxmağı sevirəm. Məsələn:
mən niyə heç nəyi çatdırmıram? Yaxud günlər niyə qısalıb? Yoxsa zamana
mator qoşublar ki, ələdüşməz sürətlə şığısın? Çatışmamazlıqlardan yazıb
etiraflar eləyərkən heç olmasa öz-özümə deməliyəm: mənim hər şeyim çatışır.
Bircə hər şeyə zaman yetirə bilmirəm, vaxtım yoxdu ki, yoxdu!
Bəyəm Yaradan vaxt paylayanda hamıya bərabər verməyib? İsti evində,
ocağıqda odun çırtıldayarkən (bu yerində qazı fış-fış yanarkən də yazmaq
olardı) pürrəngi çayı qarşısındı buxarlanan zaman əlində kitabını vərəqləyənlərə
apardığım həsədi təsvir eləməyə ölçü vahidi yəqin ki, tapılmaz. Küçələr
insanlarla doludur, onlardan heç də hamısı tələsmir. Tində oturanı var,
avaraçılıqdan bir marşrutdan düşüb o birinə minəni də, üstəlik vitrinlərin
qarşısında bulvar gəzintisi yaradanı da. Aha, tapmışam! Deməli kimsə
mənim vaxtımı oğurlayıb! Az keçməz hamısını tapıb rüsvayi-cahan eləyərəm.
Bax, sən gününü ideal şəkildə planlaşdırırsan, hətta gözlənilməz hadisələri
də nəzərə alırsan. Axşam ayaqlarını sürüyüb evə çatandan sonra özündən
soruşmalı olursan: Bəs vaxım hara yoxa çıxdı? Onu əgər oğruyıblarsa
niyə mən heç nə duymadım? Hə, deyəsən hər 15 dəqiqədən bir yazmalıyam
ki, görüm məsələ nə yerdədi. Mənə elə gəlir ki, zaman oğrularının əksəriyyətinin
iki ayağı var və onlar həmişə səni haqlaya bilərlər. Qapın açıqdı, kimsə
içəri girər. Əgər bağlıdısa da telefonun ki, bağlı deyil. Mütləq zəng
və dəng edəcəklər. Sonra başını tutacaqsan ki, heç nəyə zamanım yetmir.
Bir sirr də açım, tez-tez ev-eşik deməyimə baxmayın, elə bilirsiz orda
həmişə səliqə-sahmandı? Adan Adeksandr Miln (Vinni-Puxun «dədəsi») demiş
«Səliqəsizliyin bir yaxşı cəhəti var ki, orda daim nəsə yeni tapıntı
ola bilər». Amma bu tapılanlar sənə lazım olan deyil axı. Lazım olanı
tapanacan isə canın çıxır. Nəyimə lazımdı keçən il itirdiyim qeyd kitabçası,
yaxud zibilliyə qədər gedib çatmamış boşqab qırığı. Mən axı hər gün
nələrsə itirirəm. Gəlin görək, hər gün ən lazımlı əşyaları tapmağa nə
qədər vaxt itirirsiz? Bax zaman oğrusunun birini tutdum. Açar və pul
dağarcığını axtarmağa günə bir-neçə dəqiqə sərf eləsək gör hara vurar?
Hələ informasiya axtarmağı, elektron məktubları soraqlamağı demirəm.
(Jurnalist tayfasının gününə bir bax, İlahi). Hər gün bu cür axtarışlara
10 dəqiqə sərf eləsək ildə 60 saatımızın başına daş salmış oluruq. Hamısı
ömürdən gedir. Axı bu 60 saatın haqqını kim verəcək?
Serb xalq məsəlində deyilir: «Bir neçə dovşanın ovuna çıxsan birini
də tuta bilməzsən». Gəl yazı masasının üstünü reviziya eləyək. Orda
mütləq avtoqraflı, oxumağa məcbur olmadığın bir neçə lazımsız kitabla
yanaşı xahiş-minnətlə dostundan qopardığın amma hələ də oxumadığın kitab
da olacaq. Bu kitab qalağının arasında məlumat kitabçaları, hətta evdarlıq
haqqında braşür də tapıla bilər. Lap altda uşaqlardan gizlədiyin rəngli
jurnalların qırağı göz qamaşdırır və səni çağırır. Onlar hamısı sənin
lütfünü gözləyir. İndi mən onlara necə deyim ki, mənim zamanımı oğurlayıblar,
onlara vaxtım yoxdu?
Deyirlər hər şeyi sonraya saxlamaq xroniki xəstəlik sayılır. Rədd olsun
sonra! Vaxtımı almasaydı bir şüar da yazıb divardan başımın üstündən
asardım. Sonra, sonra… Bəlkə bu sonra heç vaxt olmayacaq? Onda kitablarım,
məqsədlərim, ürəyimdə bəslədiyim arzularım hamısı gözümdə qalacaq? Bax
bu zaman oğrusu mənim vacib işlərimi geri salmaqla mənə badalaq gəlir.
Guya printerə katric almasam və ya evin kandarındakı qum qalağını süpürməsəm
nə olar? Bu günə köşə yazmasam dünyamı dağılar? Yox, amma həyatımın
ritmi dəyişər. Ona görə də ayağımı əyləcdən götürə bilmərəm.
Bir az eşələnsəm başqa zaman oğrularını da tutaram: uzun danışıqlar,
yarımçıq informasiya, hazırlıqsızlıq, qətiyyətsizlik, idealizm və s.
Bəziləri zaman oğrusunu tələsgənliyində, səbirsizliyində də tapacaq.
Nə qədər çox tələssək, nəticədə bir o qədər də gecikirik. Bəlkə Enşteynə
inanaq. O deyir ki, zaman yoxdu və onun haqqında düşündüklərimiz illüziyadan
başqa bir şey deyil. Əgər o, yoxdusa onu necə oturlaya bilərlər ki?
Yəqin özüm zamanımı hardasa salıb itirmişəm. Lap huşsuz olmuşam. Çox
nadir hallarda zamanı heç duymursan və o sənə heç lazım da olmur. Xoşbəxt
olanda, uçmağa açılan qanadların pırtlayıb kürəyindən çıxanda sən özün
kimə istəsən zaman bağışlarsan…