Yemək,
yoxsa yeməmək?
Budur əsas seçim
Bu gün səhər balacanı baxçaya ötürüb qapıdan çıxanda müəllimlərdən birinin
bir cümləsi qulağımı çaldı. Təmbəllik eləməyib keçəndə qapıdan içəri
boylandım. Müəllimənin qarşısında üzərinə yağ yaxılmış çörəklərlə bolu
bir məcməyi vardı. Uşaqlar hərəsi əlində bir parça çörəyi, özü də uşaq
əli boyda balaca bir bir çörəyi artıq qarınlarında yerbəyer eləməklə
məşğul idilər. Məcməyidəki çörəklər ola bilər artıq qalmış idi. Müəllim
də əlində bir parça çörək tutmuşdu. Çox nəzakətlə, yumşaq səslə deyirdi:
«Ye, ağıllı bala, ye». Mənim ifrat dərəcədə pozulmuş beynim özümdən
asılı olmayaraq bu cümlənin ardını quraşdırmağa başladı: «Ye, bala,
ye. Sən olmasan biz nə yeyəcəyik? Qoy atan, anan işləsin, sənin baxça
pulunu düzəltsin. Bizə də hörmət eləsin. Lazım gəlsə lap başına fırlanarıq.
Ye, bizi də çörəksiz qoyma, bala».
Bu misaldan sonra ola bilər ki, əksəriyyəti yaxasını kənara çəkib «Mən
uşağın payını əlindən alıb yemirəm ki» deyib üstəlik məni də qınayar
ki, əgər baxça müəllimlərindən yazırsansa, onda bizə xitab eləmə. İnsanlar
arasında ən çox yayılmış yanlışlıq ondadır ki, hər kəs özünəməxsus keyfiyyətlərin
daşıyıcısı olduğunu və mütləq başqalarından fərqləndiyini düşünür. Biz
düşünürük ki, birisi xeyirxahdı, o biri qəddar, birisi xudbindi, o birisi
alturist, birisi müdrik, ağıllıdı, o biri axmaq. Heç də yox. İnsanlar
çaylar kimidir. Çayın bir qolu nazik, o biri yoğun ola bilər. Bir yerində
sakit axa, o biri tərəfində isə gurultuyla tökülüb şəlalədən özünü yerə
çırpa bilər. Amma çayın tərkibi hər yerdə eynidi. Ona görə də içimizdə
xudbinlik olduğu qədər də xeyirxahlığımız var. Hər birimiz ağıllı olduğumuz
qədər axmaqlıq da eləyə bilirik. Bizlərdən hər kəs insanlığın bütün
keyfiyyətlərini özündə daşıyır. Hələ bilmək olmaz ki, içimizdən birisi
həmin o müəllimənin yerində olsaydı uşağın payını yeyərdi, ya yox.
İnsanın yeməyə münasibətindən onun kimliyini daha tez anlamaq olur.
Afrikada parakana və aravet qəbilələrindən bir qədər şimala tərəf qonşularından
fərqli dildə danışan arara adlı bir qəbilə yaşayır. Bu qəbilə qonşularıyla
qətiyyən dava eləmir və demək olar ki, hamı ilə yola gedir. Bu qəbilə
yalnız meymunları ovlayır və ondan başqa heç nə yemir. Bu qəbilənin
adı tərcümədə «insanlar», yaxud da «əsil insanlar» deməkdir. Ən maraqlısı
odur ki, o biri qonşu qəbilələrin də adı tərcümədə həmin mənanı verir.
Yəni ki, hər bir qəbilə hesab edir ki, yalnız onlar əsil insan adlandırıla
bilər. Əlbəttə ki, birisi meymunu yediyinə, o birisi yemədiyinə görə.
Alimlər təmbəllik eləməyib insanın ömrü boyu yediyi yeməyin qədərini
də sayıblar. Təxminən 40 ton müxtəlif növ ərzağın işinə, daha doğrusu
dadına baxırıq. Sumoçular isə bir oturuma iki saatlıq nahar eləyirlər.
Onların bir aylıq yeməyi 10 min dollara bərabər olur. Bu naharı uşaq
baxçasındakı balacaların əlindəki çörək parçasıyla müqayisə eləmək fikrim
yoxdu. Amma mən bilirəm ki, balacaların kasıbsayağı payı hələ nə qədər
adamı dolandırır.
Yeməyi necə yeməkdə yəqin ki, heç bir fərq yoxdu. Kimsə əlinə keçəni
tələsik içəri ötürür, kimsə avaznan, öz ritmiylə qidalanmağı sevir.
Kimsə qədim romalılar kimi uzanan yerdə qarnına qulluq eləyir. Axı romalılar
yalnız matəm zamanı oturub yeyərdi. Kimsə yeyəndə o qədər tələsir ki,
az qalır dilini uda. Bu da təzə bir şey deyil. Bir-iki əsr əvvəl qonaqlardan
kimsə sözün əsil mənasında dilini udmasaydı həmin naharı təntənəli saymır
və uğursuz bilirdilər. Müqəddəs ramazan ayında, insanların təamlardan
imtina etdiyi zamanlarda yeməkdən danışmağımı gunaha yazmayın. Məncə
bu yazıdan sonra əksəriyyətinin iştahası uzun müddətə pozulacaq. Axı
sual edirəm, siz yediyinizinn kiminsə payı olmadığına əminsiz?
Düşünməyin ki, insan ölüm ayağında yeməkdən imtina eləyər. Amerikada
ölümə məhkum edilmişlərin sonuncu naharının siyahılarının tədqiq edəndə
məlum olub ki, adətən son yemək arzusunda birinci yerdə qızarmış kartof,
ikinci yerdə steyk (yəni qızardılmış ət) və üçüncü yerdə qamburqer və
çizburqerlər durur. Yalnız bir nəfər sonuncu arzusunda süfrəsində burqundsayağı
qızardılmış ördək, təzə tərəvəzlərdən qarnir və bir bardaq Bojele şərabını
görməyi arzulamışdı. Amma onun da bəxti gətirmədi. Çünki ölüm cəzası
3 ömürlük məhkumluqla əvəz olundu.
Balacaların çörəyi ləzzətlə aşırması səhnəsini beynimdə canlandıraraq
evə qayıdanda başqa bir səhnəylə üzləşdim. İşıq idarəsinin qarşısında
bir kişi var gücüylə çığırırdı.
- Eşidirsiz, adam kişi olar. Qaytarın verdiyim pulları aparım keçirim
kassaya. Axı bu pulu necə rahatcana yemək olar axı?!
Onun çığırtısının müqayiətiylə pilləkənləri enən məmurlar isə bu səsləri
vecinə də almayıb nədənsə ləzzətlə gülürdü.