Yazmaq
mərəzi
Neçə vaxtdı nədən yazacağımı da bilmirəm. Düşmənlərim buna «tükənib»
deyə sevinər, dastlar isə «öz mövzularında yazmırsan» deyə baş bulaya
da bilər. Keçən əsrdə yaşasaydım yəqin «kağızım bitib», ya da «mürəkkəbim
quruyub» deyərdim. 19-cu əsrdə yaşasaydım «pəncərəmə ilham pərisi qonmur»
deyib fikir eləyərdim. Tərs kimi kompüterim də qoz kimi işləyir, günah
onda deyil.
Boynuma alıram, yazmağın da təhəri var! Bir dəfə Fidel Kastro türmədə
olarkən arvadına məktub yazırmış. Arvadı bu məktubu oxuyub ordan ərinin
xəyanəti barədə təkzibedilməz dəlillər əldə eləyir. Əgər Kastro ürək
sözünü yazmaq istəməsəydi onun arvadı heç nədən xəbər tutmazdı. Arvadına
məktub yazanda Kastro həmən vaxt müşuqəsinə də ürək sözlərini cızma-qara
eləyib. Amma konvertləri səhv salaraq məktubları dəyişik yerləşdirir.
Yazı adamın başına nələr gətirə bilərmiş… (Təsəvvür eləyirsiz, mən bu
köşəni çaşıb «Respublika» ya da «Xalq» qəzetinə göndərsəm nə olar?)
Adam sözün düzün deyər, xüsusilə də yazar. Yazmaq bir mərəzdir, ona
yoluxdunsa qurtardı. Uzun yazanda insan özündən çox razı olur, yazdığının
hətta axmaq bir şey olduğunu biləndə də. Tarixdə ən uzun və təntənəli
məktub 607-ci ildə yazılıb: «Göylərin Oğlu, zühur eləmiş Günəş ölkəsinin
hökmdarı bu məktubu Göylər Oğlu qürub eləmiş Günəş Ölkəsinin hökmdarına
göndərir……». Bu yapon imperatorunun Çin imperatoruna yazdığı məktubun
birinci cümləsi idi. Sonrasından Allah saxlasın. Özümə hərdən uzunçu
deyirəm, amma iranlı Hüseyn Məhəmməd Dehkani adında bir cənab ən uzun
məktub müəllifi kimi bu rütbəni qazanıb. Dostlarından biri onu cavab
yazmamaqda ittiham eləyəndən sonra o, cavab yazmaq adıyla yazı masasına
oturub düz 13 ay hər gün 4 saat yazmağa ayıraraq ürəyini boşəldıb. Həyatının
detallı təsvirinə o, 150 metr kağız sərf eləmişdi. Məktubun çəkisi 2
kq idi. İndi görüm bundan sonra məndən «niyə yazmırsan» soruşarlarmı?..
Klassiklərdən nümunə götürmək də olardı. Qısa yazmağı bacarmaq dahilik
əlamətidir. Viktor Hüqo növbəti romanının oxucular tərəfindən necə qarşılandığını
bilmək məqsədilə nəşriyyata məktub göndərir. Orada cəmi bir işarə –
süal işarəsi dururdu. Cavab da o qədər orijinal olmuşdu. Üslubu saxlamaq
şərtilə naşir ona cəmsi bir işarə – nida işarəsini göndərmişdi. Özü
də deyirəm yazını elə yazasan ki, ad çəkmədən kimə ünvanlandığı bilinə.
Yoxsa ki, oxuyurlar, sonra sorğu-sual başlayır: «Kimi nəzərdə tuturdun?»,
ya da «Daşı kimin bostanına atdın?». 18-ci əsrdə Fransa poçt şöbələrindən
biri üstündə ünvan əvəzinə yazılmış bir cümləli məktub alır: «Şairlərin
çarı, xalqların filosofu, Avropanın Merkurisi, Vətənin natiqi, kralların
tarixçisi, zövq məsələlərində ali hakim və incəsənət hamisinə». Məmurlar
tərəddüd etmədən məktubu ünvanına çatdırırlar: Mari Fransua Arue de
Volter.
Deyən lazım, niyə yazırsız, onsuz da cavab verən olmur. Amma Amerikada
103 daimi, 200 könüllü işçi Amerikanın prezidentinə göndərilmiş məktubları
oxuyub cavab verməklə məşğuldu. Bu həftəyə təxminən 150 min məktubun
cavabsız qalmadığını göstərir. Məktublar insanın, eləcə də ev heyvanlarının
adına gəlsə belə heç biri cavabsız qalmır. Bizə də hərdən yazırlar.
Qaz belə, su belə, ağacları doğradılar və s. Amma 1985-ci ildə «Pravda»
qəzetində zəhmətkeşlərin məktubları bölməsində Saratovlu Raisa Qoryunovanın
məktubu dərc edilmişdi. Məktub belə bir fraza ilə bitirdi: «Biz Sərxoşluqla
mübarizədə qalib gələ bilərik və gələcəyik də…» Həmən ilin may ayında
alkoqolla mübarizə kompaniyası start götürdü. Santa Klausa da çox yazırlar.
Statistika deyir ki, o, Roma Papasından sonra ikinci yerdədi. Santanın
poçt xitmətində 3 mindən artıq adam işləyir ki, uşaqlar cavabsız qalmış
məktublardan inciməsinlər.
Məktubdu, yazıdı çox incə sənətdi. Axı burda sətiraltı məna var, onu
oxumağı bacarmaq lazımdı. Hər şeyi adamın alnına döşəməzlər ki? Bir
vaxtlar Moskva ermənilərin xaricdən gətirilməsi məsələsini təşkil eləyirdi.
Livanlı ermənilərin böyük bir icması razı salınaraq dilə gətirildi.
İlk partiya ilə belə danışıldı ki, yerlərinə çatan kimi şəkil çəkdirib
Livana göndərsinlər. Əgər şəkildəki ayaq üstə olsaydı, deməli hər şey
əladır. Oturmuş vəziyyətdə şəkil gələrdisə deməli pisdir. Bir neçə aydan
sonra içində fotolar olan məktublar ünvanına çatdı. Bütün məktublarda
şəkillər uzanmış halda çəkilmişdi…
P.S Bu yazının üstündə uzanmış vəziyyətdə şəklimi göndərmədim.