Sexual
selection
Yaxud niyə gözəl qadın görən kimi kişilər ağıllı sözlər
danışmağa başlayır
Müasir dövrdə həyatın sükanı kişilərin əlindədir. Fiziki güc tələb eləyən
sənətlər bir yana qalsın, siyasət, iqtisadiyyat, hərb, inşaat kimi sahələrlə
yanaşı nisbətən oturaq həyat tərzi tələb eləyən incəsənət, elm, hətta
ədəbiyyatda da kişilərin yaratdığı hələ ki, ən yaxşılarından sayılır.
Qəribədi, yazırlar, yaradırlar, təqdim eləyirlər, mübahisə edib sübuta
yetirirlər, filmlər çəkirlər, göstərirlər, görünməz intellek nümayiş
eləyirlər, amma yaradıcı sözünü onlara çox ehtiyatla deyirlər. Çünki
Yaradanın tək olduğunu hamı anlayır. Bəd ayaqda dünyaya uşaq gətirən,
evdə oturub bozbaşını bişirən qadınlara da yaradıcı deyirlər. Bir az
haqsızlıq kimi görünür. Amma kişilərin ambisiyaları, fərqlənmək instiktlərinin
təbii kökləri də var.
Tovuz quşunun quyruğunu açıb forsla gəzişməsini görmüş olarsız. Ona
baxanlardan kimsə fikirləşmir ki, «Eh, dişisinin xoşuna gəlməkçün belə
«tryük» hazırlayıb». Amma əslində tovuz quşunun dişisinin xoşuna gəlməkdən
savayı istəyi yoxdu. Onun heç vecinə də deyil ki, Məmməd, ya da Fatmanisə
bu səhnəyə baxıb bayılacaq və cənnət haqqında düşüncələrə dalacaq. Yazıb
pozan, nitqini, intellektini böyüdən kişilər – böyük ədəbiyyat adıynan,
ya da reportyorluq işi kimi buna baş qoşan, fərq eləməz – ən qədim instinklərinə
qulaq asır və yəqin ki, düz də eləyir. Tovuz quşu quyruğunu inkişaf
elətdirdiyi illər, bəlkə də əsrlər ərzində kişilər dili inkişaf elətdiriblər.
İndi deyəcəksiz ki, bəs niyə gözəl qadın görən kimi kişilər dilini sanki
udur, danışa da bilmir? Gözəl qadın görəndə dilini yalnız axmaq kişilər
udur, ağıllıları danışmağa başlayır, özü də necə?..
İnsan nitqində ünsiyyət üçün nəzərdə tutulmuş ehtiyacdan daha artıq
söz ehtiyatı var. Mütəxəssislər psixologiyanın inkişaf mərhələlərin
aşkarlamaqçün xüsusi eksperiment apararaq ortaya çıxarıblar ki, gözəl
qadın görəndə kişilər nadir sözlərdən istifadə eləməyə başlayır. Bu
bir daha sübut eləyir ki, insanın linqvistik bacarığı cinsi seçimin
təsiri altında inkişaf edərək intellek nümayişi formasına gəlib çıxıb.
Çünki hər hansı fikri çatdırmaqçün insana 2000 söz kifayət eləyir. Adətən
izahlı lüğətlər elə bu qədər sözlə kifayətlənir. Bədii ədəbiyyatı dərindən
anlamaqçün 9 min söz bilmək lazımdı. Hər hansı, lap çox ciddi və səviyyəli
söhbətləri aparmağa 6-7 min söz tam kifayət eləyir. Amma orta statistik
savadlı insan 20 min söz bilir. Bəzən 100 min və daha artıq söz bazası
olan adamlara da rast gəlmək olur. Belə israfçılıq nəyə lazımmış ki?
Bunu belə izah eləmək olar ki, «artıq» sözlər cinsi seçim, alimlərin
«Sexual selection» adlandırdığı öz genlərinin imkanlarının tam nümayiş
etdirilməsi vaxtı bir vasitə kimi inkişaf etdirilib. Belə nümayiş canlılar
aləmində çox geniş yayılmış üsuldur. Bu vasitə «lovğa» fərdə canı bahasına
başa gəlir. Məsələn, həmən tovuz quşu quyruğunu böyütdüyü illər, əsrlər
ərzində başqa quşlar sürətli uçmaq, hürdürə tullanmaq kimi bacarıqlarını
inkişaf etdiriblər. Amma tovuz quşu quyruğunun ucbatından yırtıcıların
rahat ələ keçən qurbanı ola bilər. Deməli məntiqi belə nəticə çıxır
ki, kimin quyruğu uzundursa, yırtıcı birinci onu yaxalayacaq, çünki
o, qaçıb qurtula bilmyəcək. Dişi də anlayır ki, əgər o, belə böyük və
gözəl quyruğu ilə üstəlik yırtıcılardan qurtulub nigah mahnısı oxuya
bilirsə deməli onun çox yaxşı genləri var. Üstəlik uşaqları da sağlam
olacaq. (Bu yerində yazıq yazarların, ədəbiyyatda hələ də öz sözünü
deməyə imkan tapmamış və hələ də hər gecə yuxularında «Nobel mükafatı»
görən «dilli» kişilərin arvadları və rəfiqələrinə bir başsağlığı vermək
istərdim. Düzdü də, belə zəmanədə yazayasan və hələ də acından ölməyəsən,
böyük qəhrəmanlıqdı! Üstəlik onun uşaqları da yazacaq, yazacaq, sonra
danışacaq…). Dəbin əksinə gedib quyruğunu (quyruq sözünün yerinə nə
istəsəz yaza bilərsiz, bu artıq zövq məsələsidir) bəsləməyən erkəyi
seçmiş dişi həyata onun kimi fərsiz uşaqlar cətirmək risqini eləyir.
Onlar da böyüyüb ataları kimi fərsiz olacaq, ona görə də dişiləri cəlb
eləyib nəsil verə bilməyəcək. Bəli, bu hər bir canlı üçün böyük faciədir.
Odur ki, yazın, danışın, dil boğaza qoymayın, əzizlərim. Biz sizi izləyirik,
oxuyuruq. Seriallardan, şou proqramlardan artıq qalan vaxtımız sizə
qurban olsun. Yaxşı ki, siz yazırsız və danışırsız. Quşlar kimi qanad
açmır, tüklərinizi rəngləmir, böcəklər kimi ayaqlarınızın, halqalarınızın
sayını artırmırsız. Biz sizi elə belə də bəyənirik…
P.S. Mərhum tarzən Sərvər İbrahimov gözəl tarzən olduğu qədər də böyük
müəllim idi. Bir dəfə adaxlıbazlığa görə dərsdən qalmış şagirdlərinə
təxminən belə bir moizə oxumuşdu: «Sən gözəl tar çalmağı bilsən sən
qızların dalıyca deyil, onlar sənin arxanca qaçacaq. Onda nəinki bütün
qızlar, hətta mənim arvadım də sənin ola bilər, bunu başa düş!»