|
Ağ
qara günlərimiz
Yaşamaqdan zolaq-zolaq olmuş insan həyatından iki epizod
Birinci
epizod, Amerikada:
- Hello, Cek! Necəsən?
- Hello, Tom! Vau-uuu! Mən çox yaxşıyam, demək olar ki, lap əlayam.
- İş axtarırsan?
- O-ooou, mən çox yaxşı iş axtarıram. Ona görə də özümü çox yaxşı hiss
eləyirəm. Axı insan öz qabliyyətinə görə qiymətləndirilməlidi, deyilmi?
Mənsə bilirsən ki, hər şey bacaranam. Bilmədiyini öyrənməyə nə var ki?
- Eşitmişəm, arvadın xəstəxanadadır? Görürsən bir, lap işsiz vaxtına güşdü!
- Çox yaxşı ki, xəstəxanadadır. Çünki xəstəxana özü çox yaxşıdır, əla
həkimləri, yüksək səviyyədə xidməti var. Orda ona məndən də yaxşı qulluq
edəcəklər. Bir də ki, tibbi sığortaya nə gəlib. Ömür boyu işləmişik, vergi
ödəmişik. Bir balaca nasazlığımız olanda nə olar ki?
- Böyük oğlunun yenə də polisnən problemləri var?
- Mənim böyük oğlum çox yaxşı uşaqdır, hətta deyərdim ki, əladır. Çiçəyi
çırtlayan kimi dedi ki, ata, sən məndən nigaran qalma. Mən özüm hər şeyi
anlayıram. Hər şeydən başı çıxır. O qədər müstəqil uşaqdır ki, ona baxanda
ürəyim sevincdən sinəmə sığmır. Bizim bu cür əla və gözəl vətənimizdə
polislə problemləri həll eləməyə nə var ki? Hər şey yaxşıdır, fikir eləməyə
dəyməz…
- Ev-eşiyin necədir, sizə yetir?
- Biz çox sadə yaşayırıq. Hərəmizin bir otağı, qonaq otağı və yemək otağından
və oranjireyadan başqa artıq yerimiz yoxdu. Sonuncu iki pişiyi götürməsəydik
bir az yerimiz çox olardı. Onlar da itlərimizlə yola getmir. Qonşumuz
heyvanların səs-küyündən bizdən şikayət eləməsəydi bir neçəsini də götürərdik.
Eybi yox, yaman günün ömrü az olar!
- Mən çox sevinirəm ki, hər şey öz qaydasındadır. Bu ki, lap əladır!
- Əlbəttə, Tom. Axı biz özümüz də yaxşıyıq. Ona görə də hər şey əladır.
Bizim belə gözəl vətənimizdə, əla planetimizdə burun sallamağa haqqımız
çatmır!..
***
İkinci epizod, Azərbaycanda:
- Ay Məmməd! Eşitmirsən, nədi? Yenə gözün yol çəkir? Nə var, nə yox? Güzəranın
necədir?
- Eh, Həsən! Səncə necə olar? Bu da yaşamaqdır, bəyəm? Dünən bütün günü
başım ağrayıb. Arvadım əlini kəsdiyi bəs deyilmiş, uşaq da evə iki dənə
üç gətirdi. Tərs kimi pişik səhərəcən pəncərəmin altında miyoldayıb. Heç
qonşunu demirəm…
- Deyirlər, işdə qabağa getmisən, vəzifəni artırıblar?
- Sən də buna iş deyirsən? Axşamı gözləməyə səbrim gücnən çatır. Ətrafında
«tupoy»lar o qədərdi ki, gündəlik miqrenlə yaşayıram. Deyirəm, özümü evə
tez salım, bəlkə rahatlaşaram. Evdəki arvad da işdə o qədər əsəbləşir
ki, əlini bıçağa atmağıynan barmağını kəsməyi bir oldu. Yaxşı ki, uşağın
üçlərini görəndə bıçağı əlindən qoymuşdu. Əvəzində pişiyin səsi əsəblərimizi
doğrayıb səhərəcən. Qonşum…
- Yenə də min şükür. Hamısı salamatdı, ölüm-itim yoxdu ki, niyə zarıyırsan?
- Vallah, canımı dişimə tutub yaşayıram. Arvada dedim ki, vallah barmağını
qoparsan da həkimə aparan deyiləm. Heç öz başağrımın dalıycan getmirəm.
Qoy bir ayın axırına salamat çıxaq da! Oğlanı da qabağıma qoyub başa salmaq
istədim ki, a bala, gedib kisə daşımağa halın var ki, oxumursan? Canıyanmış
pişiklərin nə vecinə? Bir gör keflərindən qalırlar? Qonşuma deyirəm…
- Eşitmişəm, böyük qızı ərə vermisən? Xoşbəxt olsun!
- Buna ər deyərlər? Dedim ərə verərəm yüküm azalar. İndi əri və uşağıynan
bizdə lövbər salıblar. Ev yataqxanaya oxşayır. Səslərindən beynim çatlayacaq
bir gün. Arvadım da bu boyda külfətin biş-düşünü çatdırmır. Evdə sakitlik
olsaydı bəlkə də oğlandan «dərsini niyə oxumursan?» soruşardım. Səhərəcən
allahın pişiyinə də həsəd aparmışam, ürəyimdə ha. Qonşuda görmüşəm…
- Çox şadam ki, hər şey öz yerindədi.
- Hər şeymi? Daş düşmüş başım, topal arvadım, gicbəsər oğlum, həyasız
pişik… Dayan, hara gedirsən? Mən hələ qonşudan danışmadım ki!..
Mövzuya uyğun
lətifə:
İki nəfər küçədə rastlaşır. Birisinin məyus görkəmindən problemlər altında
əzildiyi o saat hiss olunur. Dostu ona «Eybi yox, keçib gedər. Həyat zebra
kimi ağ və qara zolaqlardan ibarətdi. Yaman günün ömrü az olar» kimi sözlərlə
ürək-dirək verməyə çalışır. Bir müddətdən sonra onlar yenə də görüşürlər.
«İndi necə, düzəldimi?» sualına bu dəfə o, «Sən demə o dəfə həyatımın
ağ zolağıymış. Əsil qara zolaq bax, indi başlayır!» deyə cavab verir.
|
|