Yadındamı?..
        Xatirələr 
          – yeganə cənnət məkanıdır ki,
          biz burdan heç vaxt qovulmayacağıq.
          J. P. Rixter
        
          Yaddaş qəribə orqandı. Orqan deyirəm ona görə ki, hərdən onun ayrıca, 
          hətta müstəqil olduğu barədə düşünürəm. Axı o, məndən soruşmur ki, «olarmı 
          bunu yadda saxlayım?» Ya da «gəl bunu unudaq» da demir. Özü bilir nəyi 
          unudur, nəyi isə illər keçmiş yada salıb özünü çox dinməz aparan ürəyimə 
          lap ox kimi sancır. Amma ürəyimi, mədəmi qopara bilmədiyim kimi onu 
          da ata bilmərəm. Birlikdə yaşamağa məcburuq deyəsən.
          Keçən həftə sonunu opera teatrında keçirdim. Yaddaşım bu dəqiqə mənə 
          pıçıldayır ki, «Yadındadı, 10 il əvvəl teatra tək getmək istəmirdin. 
          Evdə dava-şava da salmışdın ki, bezmişəm tamaşalara tək getməkdən». 
          Bilirsiz də kişiləri opera teatrına dartıb aparmaqçün o gərək nəsə bir 
          ağır günah sahibi olsun ki, sözümə baxsın. İndi isə evin sonbeşiyini 
          atasının üstünə atıb evdən çıxan kimi özümü xoşbəxt duymuşdum. Özümə 
          tənha demək heç ağlıma da gəlmirdi. Eh, cavan olmuşam yəqin. Teatra 
          tək getməyi sevmədiyim vaxtlarda mən Puççininin «Toska» operasını (rica 
          edirəm, operanın adını birinci hecada vurğuyla deyin, yoxsa ruscadan 
          tərcümədə «qüssə» kimi çevrilən sözü xatırladacaq) bizim səhnədə amma 
          gürcü tenorların ifasında dinləmişdim. Bir-iki ağız deyinmişdim ki, 
          elə bil tenorlarımız qırılıb, oxuyanımız yoxdu ki, xariciləri dəvət 
          eləyirlər. Elə indi də o təbdə bir ağız deyindim. Bu dəfəki tamaşanın 
          rejissoru və dirijoru dəvət olunmuşdu. Amma əsas rolları bizimkilər 
          oynayırdı. Bir sözlə böyümüşük. Mahnı ifaçısı kimi tanınan Azər Zeynalov 
          bu dəfə böyük işin altına girmişdi. Baş kişi rolunu ifa edirdi. O vaxtlar 
          da Azər Zeynalov operalarda oxuyurdu. Amma mələhətli səsin ifaçısını 
          hamı Rəşid Behbudovla müqayisə eləyir və təssüflə köks ötürürdülər ki, 
          «Arşın mal alan»dan, uzaqbaşı «Sevil»dən o yana gedə bilməyəcək. Belələrinə 
          bizdə «pesennik» deyirlər, yəni mahnı ifaçısı. Operaya nəfəs çatdırmaq 
          lazımdı, illər uzunu maşq eləməklə səsi cilalamaq lazımdı. Amma indi 
          Azər Zeynalov səhnədə elə oxuyurdu ki, elə bil yüz ilin opera müğənnisidir. 
          Rahat, professionallıqla, səhvsiz və əlbəttə ki, xaric notsuz. Hətta 
          bu dəfə gəlmiş dirijorumuz dedi ki, «Elə bil Avropada dinləyirəm bu 
          operanı».
          Yaddaşımsa bu fikirlərin müqabilində mənə daha maraqlı faktları xatırlatdı. 
          Mən Azər Zeynalovu ilk dəfə «Bakı payızı»nın səhnəsində görmüşdüm. O 
          vaxtlar Faiq Ağayev və Aygün Kazımova da həmin müsabiqənin qalibləri 
          arasındaydı. Aygün həmişəki kimi ekstrovaqant. Faiq də indiki imicindən 
          bir o qədər də uzaq getməyib. Amma «Şükriyyə» mahnısıyla yadda qalan 
          Azər Zeynalov indi operaları «semiçka kimi çıtlayır». Aygün Kazımova 
          və Faiq Ağayevsə artıq xalq artistidir. Atalar düz deyir: «Kiminin əvvəli, 
          kiminin axırı». 
          Hərdən yaddaşım qəsdimə duranda Kamran Həsənlinin tələbəlik illərini 
          yadıma salır. O vaxtlar, hələ sovetlərin məngənəsindən qurtulmadığımız 
          dövrlərdə bir dəstə tələbə Konservatoriyada milli hərəkata başçılıq 
          eləyirdi. Rektorun acığına ana dilində danışmağı bütün müəllimlərdən 
          tələb eləyir, bayrağımızı əldə gəzdirir, iclaslar, mitinqlərdə odlu 
          alovlu sözlər deyirdilər. İndiki himni ilk dəfə biz oxumuşduq. Biz də 
          partalardan təzəcə durub gəlmiş uşaqlar bu mühitə düşüb hər şeyə ağzımızı 
          ayırıb baxırdıq. «İnqilabçılar»ın tələbiylə bütün fakültələrdə məcburi 
          dərs sayılan «Rus xalq musiqi yaradıcılığı» fənni yığışdırıldı. Azərbaycanda 
          musiqiçi olmaq iddiasında olan hər şəxs rus xalq musiqisi ruhunda melodiyalar 
          bəstələməliydi. Amma deyim ki, illər uzunu bu fənn tələbələrin qanını 
          içsə də bir nəfər də rus musiqisinin təsirinə düşmədi. Öz musiqimiz 
          daha ucadır, ona görə. Hə, Kamrandan danışırdım axı. Ona görə də mən 
          indi onun şit verilişlərinə baxa bilmirəm. Əlində bayraq yellədən adamın 
          toyxananı televiziyaya gətirib öz personasını nümayiş elətdirməyi heç 
          gür yaddaşıma girmir. Onun verilişlərinin rejissoru olan bacısı o vaxtlar 
          bir mahnı da yazmışdı. Brilyant Dadaşovanın ifasında səslənirdi: «Koroğlunun 
          heykəli yox». Mahnı yaddaşlarda qaldı. Amma o vaxtlar hamı dedi ki, 
          bu kamança çalan qız belə mahnı yaza bilməz, yəqin onu Kamran yazıb. 
          İndi onlar bacı-qardaş şərikinə verilişlər yapır, xalqı əyləndirir, 
          yəqin ki, pul qazanırlar…
          Soruşarsız niyə indi xatırladın? Bilmirəm. Yaddaşımdan soruşun…