Bir
çimdik həyat
Xoşbəxtlik axtarışında bir iki addım kənarlara
Deyirlər ki, «Bir az da xoşbəxt olmaq olarmı?» sualının cavabına alimlər
bir milyon qiymət qoyublar. Çünki bu sualın cavabını heç kim bilmir,
ya da ki, o yerli-dibli yoxdu. Ona görə də insanları xoşbəxt etməyin
yollarını axtaran alimlərə məşhur lətifədəki kimi «Bir az da» desək
çiyinlərini çəkib bəlkə də bütün elmi rütbələrindən imtina edərlər.
Bir balaca dildən zirəkləri «hərə öz xoşbəxtliyinin memarıdır» kimi
xalq məsəlini yada salıb yaxasını kənara çəkər.
Amma xoşbəxlik elə bir mövzudur ki, hamını, bəlkə də ilk növbədə alimləri
maraqlandırır və onlar vaxtaşırı təcrübələr aparıb bildiyimiz həqiqətləri
elmi dildə yenidən bizə başa salırlar. Müxtəlif tabletlər, antidepresantların
çeşidli növlərini yaradırlar ki, insanlar öz problemlərinin içində tamamilə
batıb qalmasınlar. Bəziləri deyir ki, xoşbəxtlik duyğusu gen yaddaşına
yazılıb və irsən ötürülür. Çünki bir qolu sağlamlıq və daxili tarazlıq
faktoruyla bağlıdır. Bir sözlə xoşbəxtlik məsələsi yalnız və yalnız
daxildən idarə edilir. Yəni ki, insan öz xoşbəxtliyini xammal kimi Yaradandan
irsən alandan sonra da onu bir növ filiz şəklində qalmasından bir fayda
görə bilməz. Həmin bu xammal metal kimi qaynar odda yandırılıb yyumşaldılmalı,
ağır çəkiclə döyülüb ələ gələcək hala salınmalı, artığı kəsilməli, əskiyi
calaq edilməli və işlək hala salınmalıdır ki, insan «Mən xoşbəxtəm»
sözünü dilinə gətirməyə utanmasın.
Bir araşdırma mövzusu kimi xoşbəxtlik alimlərin diqqətindədi. Kaliforniya
Uniersitetinin professoru Sonya Lyubomirskaya və onun bir dəstə kolleqaları
kiçik araşdırma aparan kimi bu mövzuda 51 ciddi elmi iş aşkarlayıblar.
Tapılan materiallar araşdırılandan və bəzi təcrübələr aparılandan sonra
məlum olub ki, insan özü özünü xoşbəxt edə bilər və bu subyektiv duyğunun
əldə etməyin ən effektiv yolları da məlumdur. İlk növbədə şükranlıq
duyğusunun vacibliyi vurğulanıb. Təcrübə iştirakçıları nə vaxtsa həyatda
onlara yardım etmiş insanlara təşəkkür məktubları yollamağa başlayıblar.
Onların şəxsi müşahidələrinə görə təşəkkür edib sonra şükranlıq hissi
keçirdiklərindən özlərini çox xoşbəxt duyublar. Bəzən xoşbəxtlik duyğusu
aylarla çəkilmirdi. Xoşbəxt edən amillər sırasında ikinci yerdə optimizm
durur. Xoşbəxt olmaq eksperimentlərinə könüllü qoşulanlardan xaşih etmişdilər
ki, ürəkləri istəyən situasiyanı uydursunlar, yanında görmək istədiyi
insanı təsəvvür etsinlər və dünyanın ən yaxşı işində və ən yaxşı peşəsində
işlədiklərini xəyallarını gətirsinlər. Arzular dünyasında 2 həftəlik
gəzişmələrdən sonra bu qrupda hamının əhvalı çox yüksəklərə qalxmışdı.
Taleyin verdiyi hədiyyələri saymağı tapşırılan qrupda isə həftəyə ən
azı 3-4 müsbət hadisə qeydə alınmağa başladı. Onlar tədricən hər şeyin
o qədər də pis olmadığını öz müşahidələrindən çıxara bildilər. Öz məziyyətlərini
tərifləyən iştirakçılar qrupunda isə çox gözəl nəticələr alındı. Onlara
özünü tərifləyəndən sonra imkanlarını reallaşdırmaq şansı da verilirdi.
Daxili imkanlarını reallaşdıra bilən insanlar özünü çox xoşbəxt duymağa
başladı. Xoşbəxt edən amillər arasında miqyasından asılı olmayaraq xeyriyyəçiliklə
məşğul olmaq xüsusilə fərqlənirdi. Bu vaxt xeyir verən, alandan daha
çox xoşbəxt olurdu. Xoşbəxtltyin kollektiv duyğu olduğunu deyənlər də
var. Amma sadalanan əlamətlər arasında nə var-dövlət, maşın, ev, nə
arxalı qohum-qardaş, nə vəzifə adı çəkən oldu. Yəqin ki, bütün bunların
xoşbəxtliyə dəxli yoxdu. Bəlkə də həmin səbəbdən altını doldurmağı el
adətinə çevirmiş xalqımız Moşu Göyəzənli demiş «Xoşbaxtlıq,… xoşbaxtlıq…»
deyə-deyə qalıb və bu sehirli sözün qafiyəsini hec cür tapa bilmir.
Hamıya çörək də lazımdı, əyləncə də. Bunu danan adam riyakardır. Amma
nə çörək, nə də əyləncə adamı xoşbəxt edə bilmir.
Bəziləri bir-birinin qulağını dünyanın ən gizli sirrini deyirmiş kimi
pıçıldayır: Xoşbəxtlik də bir virus kimi ötürülür. Ona görə də xoşbəxt
adamın yanında olarkən yoluxmaq ehtimalı çox böyük olur. Xoşbəxt adamın
yanında duranın 25 faiz yoluxmaq ehtimalı olur. O, həmin xoşbəxtlikdən
kimisə yoluxdursa ona10 faiz, sonrakı adama isə cəmi 5,6 faiz xoşbəxtlik
payı düşür. Evində patoloji xoşbəxt adamı olanın 34 faiz payı daimi
ünsiyyətdən qazanc qalır.
Pissimistlərsə öz adətlərinə sadiq qalaraq ömrünün sonuna kimi «Görəsən
həyatda xoşbəxtlik varmı?» süalına cavab axtara-axtara yaşayır.
P. S. Nədənsə araşdırmalar nəticəsində müəllifin xoşbaxtlıq duyğusunda
bir qrafa da tərpəniş olmadı. Yəqin bir neçə kilometr diametrində xoşbəxt
obyekt yox imiş…