Milli
xəbərlər
Verilişimizə
başlayırıq, əziz dinləyicilər. Günün ən maraqlı, ən vacib xəbərlərini
bizlə dinləyin. Amma bilin, kötüyünəcən çəkilmiş siqaret insan həyatını,
ah bağışlayın, iş gününü 12 dəqiqə qısaldır. Yuxuları xatırlayırsızsa
onu yoza da bilərik. Əgər siz görürsüz ki, məşhur «ulduz»la evlənmisiz,
«Ailə sevinci»ndə maşın udmusuz, «novostroykada» ev götürmüsüz və təmir
«vot-vot» bitmək üzrədir, deməli indilərdə saatın zəngi çalacaq. Təbrik
edirik, iş vaxtı bitdi.
İndi isə vacib xəbərləri dinləyin. Məlum səbəblərdən adının açıqlanmasını
istəməyən vətəndaş N-in qəribə ailə tərkibi vardır. Onun sonuncu qızı
sonuncu arvadından bir neçə yaş böyükdür. Bu qızın həyat yoldaşı isə
qaynatasından 10 yaş böyük olduğuna görə arabir ağıllı məsləhətlər verməyi
özünə borc bilir.
Qonşularla isti, hətta qaynar münasibətləriylə seçilən Fatma xala bu
gün «təcili yardım» çağırmağa məcbur olmuşdur. Amma narahatçılığı əbəs
imiş. Həmişəki kimi stakanı divara dirəyib qonşulardan «hal-əhval tutarkən»
ona elə gəlmişdir ki, onlar nəfəs almırlar, yəni boğulublar. Gözlərini
ovuşduraraq qapını açan qonşusunu görəndən sonra Fatma xalanın ürəyi
yerinə gəlmişdir.
Sürətlə inkişaf edən elm zamanında alimlərimiz də əli qoynunda oturmayıb.
Azərbaycanda yeni robot növü icad edilmişdir. Hətta deyirlər ki, o,
insandan ağıllıdır. Amma hamını bir sual narahat edir: «Bəs görəsən
o, indiyədək niyə evlənməyəib?».
123456 saylı Bakı məktəbinin müəllimi nəhayət ki, şagirdlərinin alın
yazısını oxumağa başlayıb. Mətndə oxunulmayan hissələr onların əllərinin
içindəki yazılarla şərh edilə bilir. İndi yoxlamalar böyük ruh yüksəkliyi
və öncəgörməliyi şəraitində keçir.
Xırdalanda yaşayan vətəndaş M yenicə tikdirdiyi mənzilində susuz, işıqsız
və qazsız şəraitdə 20 gün yaşamışdır. Bu, küləyin açıq dənizə apardığı
buz parçası üzərində sağ qalmış norvecli Erikin əldə etdiyi nəticələrdən
bir sutka artıqdır. Daha bir idman xəbəri, Nargin adasında su altında
qalmaq üzrə yeni dünya rekordu qeydə alınmışdır. Amma bu müddət hələ
ki, dəqiq məlum deyil. Çünki su altından sonuncu hava dənəcikləri «bul-bul»
edəndən sonra idmançı hələ ki, suyun üzərinə çıxmamışdır. Müxbirlərimiz
hadisə yerində növbə çəkirlər ki, ilk kadrları sizə isti-isti göstərə
bilək.
Ölkəmizdə qadınların rəssamlığa meylləri artıq göz qabağındadır. Fərdi
sərgisində rəssam tablosunda yamyaşıl meşə və kəndli komasının qarşısında
oturmuş küpəgirən qarıya bənzər personajın təsvirinə çox orijinal ad
tapmışdır. Tablo «Qaynana» adlanır. Rəssamın müxbirimizə verdiyi müsahibədə
o, demişdir ki, tablonu 8 mart bayramına ithaf edib və həmən gün onu
məmnuniyyətlə səbəbkara hədiyyə verəcəkdir.
Ev axtararkən, yəni yeni tikilən binalardan birində yuva qurmaqçün tanımadığınız
ərazilərdə binalara baxarkən azmısızsa «au!» çığırmayın. Əvvəla səsinizi
eşidən olmayacaq. İkincisi isə bilin ki, (bunu məktəblərdə də tədris
edirlər), nəmişlikdən yosunlaşmış və göbələklər bitirən divar həmişə
şimal tərəfə düşür.
Total tikinti şəraitində də mühəndislərimiz əli qoynunda oturmayıb.
Bu günlərdə maraqlı hadisə baş verib. O adlı mühəndis ona həvalə edilmiş
çertyojlarda baş çıxarmasa da özünü itirməyib. Yaşayış evinin altında
mağaza tikmək əvəzinə özünə dəniz kənarında ikimərtəbəli bağ evi tikib.
Bununla da peşəkarlığının yüksək səviyyədə olduğunu sübuta yetirib.
Axşam cəzintisini sevənlərin, daha doğrusu gecə zülmətində küçələrdə
cəzişənlərin nəzərinə: yenicə basdırılmış işıq dirəklərinə diqqətlə
baxsaz görərsiz ki, onlar heç də hamısı bir-birinin tayı deyil! Onlar
arasında da kifayət qədər simpatik dirəklər var. Nə olsun ki, işıqları
yanmır?
Bu süjet isə Bakı şəhəri meriyasının şəhəri və vətəndaşları nə dərəcədə
sevdiyini bir daha sübut edir. Qar vaxtı vətəndaş R evinin qarşısındakı
qar yığınının olmasından şikayət etmişdi. Onun dediyinə görə küçənin
qarını yığışdırıb qapısının ağzına topaladıqlarına görə evdən çıxa bilmirmiş.
Düzdü, tədbir bir qədər geciksə də axır ki, görülmüşdür və həmin vətəndaşın
qapısının ağzına bir maşın qum boşaldılmışdır ki, o, sürüşüb yıxılmasın.
Makaron fabrikimiz isə yeni məhsulları evsiz-eşiksizlər üçün nəzərdə
tutmuşdur. Yeni makaron məmulatı böyük diametrdə olduğundan onu həm
bayırdan, həm də içəridən yemək olar. Məhsul sınaq təcrübələrini uğurla
keçmişdir.
Bizim mühəndislər bəzən işə o qədər aludə olurlar ki, həndəsə qanunlarının
da üstündən çarpaz xətlər çəkib onu inkar edirlər. Bu günlərdə 16 mərtəbəli
binanın divarlarının 9-cu mərtəbədə kəsişməsilə düz xəttlərin kəsişməməsi
qanunu darmadağın edilib. Binanın sahibi yuxarı mərtəbələrin sakinlərinə
nə deyəcəyini hələ ki, bilmir.
Qısaca hava haqqında. Br-r-r! Burnunu bayıra çıxarası deyil. Xoşluqla
qalın və bizi dinləməyəi unutmayın. Bilin ki, martın əvvəlində hava
xoş, səma ulduzlu, ətraf romantikdirsə növbəti uşaq dekabrda doğulacaq.