Haqsızlıq
haqqında oda
Yaxud əl qayıdıb üzü yumasa nə olar?
Dünən qəribə səhnənin şahidi oldum. Evimizin yaxınlığındakı həmişə aşıb-daşan
zibillikdə adətən üstü-başı kirli, amma zirək bir kişi (rəngi-rufundan
rusa çox oxşayır) yerə atılmış zibil bağlamalarını boş yeşiklərə doldururdu
ki, zibil maşını gələndə aparmağa bir şey olsun. Camaatı bilirsiz də,
yeşiyi boş qoyub zibili yerə atmağı çox sevir. Düzün desəm, hər səhər
avtobusu gözləyərkən kiminsə zibili belə həvəslə yığışdırmasına baxmaq
ləzzət eləyirdi. Bu dəfə isə o, tək deyildi. Yanında xəz dəri mantolu
bir xanım əlində bel ona kömək edirdi.
İcazə versəydiz xanımın təsvirinə yer ayırardım. Xanımın təsviri varsa
bu artıq publisistika yox, əbədiyyat olur. Amma yan keçəsi səhnələr
deyil, bunu görmək lazımdı. Sazım yoxdu deyən sözümü işə salım gərək.
Hə, sizə kimdən deyim, xəz dəri şubalı qadından. Öz aramızdı, topuğacan
uzunluğunda olan bu şubanın qiymətini geyənlər bilər, amma mən də anladım
ki, ucuzvari bir şey deyil. Enli reqlan qolları arabir ona mane olsa
da o, çırmalanmırdı. Hətta əyiləndə balağı yerə dəyirdisə də balaqlarını
əlində toparlamırdı. Yəqin ya çox hirsliydi, ya da çox tələsirdi. Bəlkə
də belə geyimdə işləmək peşəkarlığı vardı. Ola bilər ki, mən «tamaşa»ya
yarıdan baxmışdım. Onun zirək kişinin əlindən beli necə qoparmasını,
hələ bir onun ünvanına bir-iki yağlı söz deyib hikkəylə «bəri ver görüm»
deyib özünü səfərbərliyə alması səhnəsini ötürmüşdüm.
Bu qadın dəqiq azərbaycanlıydı. Bunu mən şubanın keyfiyyəti və saçının
«refle»sindən tanıdım. Bizim qadınların əlinə 3 manat pul keçən kimi
tez-tələsik saçının rəngini dəyişirlər. Deyim ki, belə saç rəngi də
ucuzvari bir şey deyildi. Ona qulluq eləməkçün hər iki həftədən bir
bərbərinə bir qucaq pul bağışlamalısan. Yoxsa saçının ağı, qarası adamın
gözünə girər. Əlqərəz, super görkəmli və mütləq azərbaycanlı olan bu
xanımı səhər tezdən özünə əl qatmağa nə vadar eləmişdi? Bütün mümkün
versiyaları fikrimdən keçirdim. Bu qadın zibil daşıyan kişinin arvadı
ola bilməzdi. Guya sübh yuxusuna haram qatıb ki, ərini işdə danlamasınlar.
Biz azərbaycanlılar (şubalı, ya şubasız fərq eləməz) ruslara qız verməyi
sevmirik. Özü də ola zibil daşıyan bir kişiyə. O özü də xadimə olamazdı,
çünki işə işguzar geyimdə gələrlər. Adətən xadimələrin şubası olmur
ki, çaşıb onu bir işə də geyinsin. Qalır üçüncü variant- bu xanım zibildaşıyanların
müdiridir.
Yəqin ki, səhər tezdən idarəyə bir xoşniyyətli adam zəng eləyib xəbərdar
edib ki, yoxlama gələcək. Əlbəttə bu mənim versiyamdı. Müdir də (ola
bilər ki, şubalı xanımın başının üstündə daha bir müdiri də var) hamını
çölə töküb ki, «mən bilmirəm, hər yer gül kimi olsun». O xanımın yerində
olmaq istəməzdim, hətta şubam olmasa da. İndi sual olunur, bəyəm zibildaşıyanların
müdiri olsan belə bu qədər qazanarsan ki, ürəyin istədiyini geyib (yəqin
ki, şubalı xanım işə marşrut avtobuzda gəlmir) çırmanıb iş görəsən?
Gərək bütün rayonun xadimələrinin maaşını cibinə qoyasan ki, özünə nəsə
abırlı bir şey ala biləsən. İzah eləməyə ehtiyac yoxdu məncə, buna «ölü
canlar» deyilir. Yəni ştatda yüzlərlə xadimə, zibildaşıyanın adı gedir
və onların əvəzinə bir-iki nəfər işləyir. Qalanının rulunu müdirlər
cibinə qoyur. Ona görə də biz zibilin içində yaşayırıq. Odur ki, yoxlama
gələndə hamının canına vəlvələ düşür ki, birdən paxırımız açılar.
Kənardan baxanda bu iki nəfərin əl-ələ verib təmizlik eləməsi cahdləri
göz yaşardıcı dərəcədə idillik səhnə olsa da avtobusumuz gəldi və biz
ordan aralandıq. Amma mən az sonra xalqın laqeydliyinin səbəblərindən
birini anladım. Hətta bu fikir beynimdə ildırım kimi çaxdı. Burda hamı
rüşvətə, başqasının malını yiyələnməyə, haqsızlığa qarşı ona görə danışmır
ki, əksəriyyətinin əli bulaşıqdı. Təsvir elədiyim xanımın şubası bir
daha sübut eləyir ki, o bunu halal zəhmətlə almayıb. Şuba geyənlər kastası
isə heç vaxt zibil yığışdırmaz. Amma bu qadın heç olmasa bir müddət
özünü xanım kimi duymaq istəyib. Əvəzində o, yüzlərlə xadimənin plunu
yeməyə, yeri gəlsə bir də zibili yığışdırmağa razıdı. Ona görə də o,
heç vaxt haşsızlığa qarşı səsini çıxarmaz. Onlara az da olsa padşah
kimi yaşamaq şansı veriblər. Rüşvət alan müəllim də, haqqı tapdalayan
hakim də, vicdansız biznesmen də, hətta zibildaşıyanlar da ölkədəki
haqsızlığa göz yummalıdı. Onun başqa yolu yoxdu. Yoxsa «şuba»sını əlindən
alarlar…