Vukend
İsti və rahat olmayan istirahətlər
İstirahət zamanıdır.
Gün yaxşıca işıldayır və qışdan salamat çıxmış sümüklərimizi qızdırır.
Hamı bilir ki, bu eyforiya çox çəkməyəcək. Bir azdan istidən bezəcək,
püfüldəyəcəyik, sərin yerlər axtarıb başımızı soxacağıq. Amma hələ ki,
istidən narazılar istirahətçün yerlər gəzib başını qatmağa plan cızanlardan
azdı. Gəlin etiraf eləyək, biz istirahəti bacarmayan xalqıq. Uzaqbaşı
içimizdə ən fəalları şəhərdən kənara balaca bir səfər hazırlayacaq.
Amma bundan üç gün əvvəl «Bəs nə yeyəcəyik, nə içəcəyik» deyə düşünməkdə
olub nəhayət ki, şekspirsayağı bu sualın cavabını içi yemək-içməknən
dolu iri bir zəmbil (bəlkə bir neçə zəmbil) formasında həll edəcək.
Təbiətə qovuşan kimi, ayağını yaşıllığı basan kimi yeməklə başlayan
bu proses qarnı partlayanacan, göz qapaqları ağırlaşıb öz-özünə qapanacan
və nəhayət tam bağlanıb təbiəti seyr eləməyə imkan verməyənədək davam
edəcək. Orta statistik azərbaycanlının yeməkdən azad qalmış saatlarda
istirahəti adətən yuxuda davam eləyir. Neynək, biz də beləyik.
İstirahəti ürəyin istəyən kimi eləməkçün gərək sənin milli istirahət
növlərin olsun, ya da heç olmaya ənənələrin. Əlbəttə, ağıllı xalqlar
başqalarının nailiyyətlərindən də yararlanmağı bacarır. Diqqəili olun,
bəlkə siz də nəyisə bəyəndiz. Məsələn, Yaponiyada darıxanda dəniz soxulcanları
ovuna çıxırlar. Balaca buz meydançasında hovuz yerləşdirir və ora yüzlərlə
soxulcan buraxırlar. Oyunçulara xüsusi rezin çəkmə, əlcək və yıxılanda
başını qorumaqçün kaska paylayırlar. Sınağın çətinliyi ondadır ki, fasiləsiz
qovrulan soxulcanı əlcəklə tutub sonra buz üstündə sürüşə-sürüşə öz
vedrənə tərəf aparmalısan. Yaponiyada bu soxulcan növləri delikates
sayılır. Ona görə də hər tutulmuş soxulcana havayı qurudulmuş soxulcan
porsiyası və birinci yerə çıxana 50 min iyen (təxminən 500 dollar) verirlər.
Polşada Qoldap şəhərində arvadını əllərin üzərində gəzdirmə üzrə Beynəlxalq
çempionat keçirilir. Öz arvadını əllərin üzərində daha çox gəzdirənə
priz düşür: daşıdığı yükün çəkisi qədərində pivə. Birləşmiş Ərəb Əmirliklərində
ölkənin prezidentinin hədiyyəsini almaqdan ötəri dəvə yarışları keçirilir.
Bir neçə yüz dişi dəvə (onlar daha dözümlü sayılır) bir həftə ərzində
Abu-Dabi ətrafındakı Vasba şəhərində 8 km uzunluğu olan dəvədromun trassında
yarışırlar. Xüsusi təlim görmüş dəvələr saatda 60 km-ə qədər sürətlə
qaçıb günə 300 km məsafə qət edə bilirlər. Dəvələri çəkisi 25 kq-dan
artıq olmayan oğlan jakeylər idarə eləyir. Qaçağan, əsil-nəsilli dəvənin
qiyməti bəzən bir neçə min olur.
Fidcidə Sukana parkında hər il kokos palması ağacına dırmaşma üzrə yarış
keçirilir. Dırmaşmaq üzrə ən yaxşı nəticəni samoalı Fuatay Sodlo göstərib.
O, 9 metrlik ağaca 4,88 saniyəyə dırmaşıb. Özü də ayaqyalın. İrlandiyada
nizamlı addımlama üzrə yarış keçirilir. Ən cəld «gəzəyən» 1,6 kilometri
5 dəqiqə 35 saniyəyə qət eləyib. İngiltərədə isə hər il çarpayı yarışları
olur. Nersboroda kişilər çarpayının üstündə baş verənlərin yox, çarxlarının
sürətini nümayiş elətdirir. Rekord vaxt 2 dəqiqə 9 saniyə sayılır. Yuruşu
deyirəm ha.
Macarıstanın paytaxtında Kubik Rubik üzrə yarışmalar keçirilir. Rəsmi
rekord fransızların əlindədi, Tibo Jaklino onu 9, 86 saniyəyə yığıb.
Bəzən müsabiqədə gözübağlı, ya da bir əllə yığmaq kimi şərtlər də qoyulur.
Sinqapurda uşaqları çimdirərkən başını qatmaqçün olan rezin ördəklərin
qoçha-qovu üzrə yarışırlar. Təşkilatçılar suya 100 min plastmas ördək
buraxır. Baydarkada üzən iştirakçılar isə mümkün qədər çox ördəyi finişə
tərəf qovalamalıdırlar.
İngiltərədə "The Underwater Pumpkin Carving Competition" adlı
balqabaq üzərində oyma yarışı keçirilir. Amma onlar balqabağın içalatını
ovub çıxarmaqçün suyun altına düşürlər. Balqabaq, bıçaqlar və məşəllərlə
yaraqlanmış iştirakçılar suyun altına enir və balqabaqdan minlərlə fiqurlar
yaradırlar. Tamaşaçılarsa 2 metr dərinləyində suyun içindən yaranan
və məşəlin işığı altında işıldayan fantastik obrazların, kabusların
yaranmasını müşahidə eləyirlər. İtalyanlar isə hər il ağcaqanad öldürmək
üzrə yarışır. Çimərlik kostyumu və uzunboğaz corablar geyərək iştirakçılar
Milandan bir qədər aralıda olan Lomellina dərəsində toplaşırlar. Müsabiqənin
şərtlərinə görə iştirakçı 5 dəqiqə ərzində mümkün qədər çoxlu ağcaqanad
öldürüb cəsədlərini sübut kimi təqdim eləməlidi. Axı qalib onların sayı
ilə təyin ediləcək. Çempiona 6 donuz almaq qismət olur. Gümüş medalın
sahibi evə 2 dəvəquşu ilə, bürünc medal sahibi isə 500 yumurta ilə gedir.
Ağcaqanadların qulaqlarından iraq, amma öldürməyə həşəratımız da, belimizdə
daşımağa arvadımız da, qaçmağa gücümüz də var. Amma təssüf ki, yeməkdən
başımız ayılmır…