Bizim
xasiyyət
İnsan
riyakarlıq eləməyə məcbur olanda
təmkinlik və sərbəstlik daha təbii görünür.
O. Uald
Bir də görürsən
ki, iki-üç alim televizora çıxıb bizim ta qədimdən bəri bu torpaqlarda
yaşamağımızı sübut eləyəcək dəlillər sadalayır. Bəzən onlar o qədər
səylə mübahisə eləyir ki, tamaşaçıda bir növ şübhələr oyanır: «Bəlkə
mən də gəlməyəm, buralarda yaşamağı haqqım çatmır?». Belə şübhələr adətən
adamın beynində öz xoşuna oyanan deyil. Sonra da tamaşaçı həyatı boyu
özünə sübutlar axtarır, yarım düjün adamı birgə görən kimi (heç baxmır
ki, bura toydu, nişandı, yeri var, ya yox) açır sandığını. Baba- nənə
qoymur, ulu babaları qəbirdən çıxarır, atalar sözünü, folkloru köməyə
çağırır. Sözünün canı isə odur ki, biz elə buralardanıq. Əslində bunu
danmağa da, sübut eləməyə də lüzum yoxdu. Biz artıq varıq və varlığımızın
ümumi əlamətləri artıq formalaşıb. Sadəcə bir qədər diqqətli olmanız
lazım. Milliyətindən asılı olmayaraq bu torpaqda yaşayanları ümumi xasiyyətləri
olur. Gündəlik həyatda görünməyən əlamətlər 2-3 xarici ilə ünsiyyət
quran kimi adamın gözünə girir. Aşağıdakı əlamətləri oxuyun, bəlkə mən
düz demirəm?
Əgər siz uzun müddət Azərbaycanda yaşamısızsa:
…İşlənmiş kofe bankasını tullamamışdan əvvəl ən azı iki dəfə düşünərsiz.
Bəlkə başqa nəyəsə yaradı?
…Özünüzlə hər ehtimala qarşı polietilen kulyok daşıyırsız. Necə deyərlər,
ehtiyat igidin yaraşığıdı.
…Telefon dəstəyini götürən kimi zəng eləyənə danışmağa imkan vermədən
«Allo, allo, allo» çığırırsız.
…Yolu keçərkən siz qaçırsız. Yol hətta boş olanda da, işıqforda yaşıl
işıq yananda da. Bilmək olmaz, «papanın gül balası» tindən çıxıb ildırım
kimi yol ayrıcında «çaxa» bilər.
… Evdən çıxandan sonra palçığa batmamaq və təzə tikintilərdən düşən
daş parçasının qurbanı olmamaqçün marşrutunuzu gündəlik «redaktə» eləyirsiz.
… Şəhərdə gündəlik artan xarici maşın selinin içində «Volqa» ya da «Lada»
markalı maşın görəndə gözləriniz yaşarır. Onlar gözəl günlərin simvolu
kimi xatirinizdə hələ də yaşayır.
… Radio Moskvada, ya da İranda yağan qar barədə xəbər verirsə evdən
çıxanda möhkəm geyinirsiz. Təcrübəli adamlar bilir ki, Cənubun, ya da
Moskvanın yelləri buralara çox tez çatır.
…Çovğun vaxtı evə çalamat çatmaq arzusuyla yaşasaz da taksi sahibiylə
bir manatın davasını eləyirsiz. Elə mübahisə zamanı da hər ikinizi soyuq
tutur.
… Siz hələ də Neftçinin azarkeşisiniz. Hər oyunda həqiqətən həyəcanlanır
və hər dəfə də ruhdan düşürsüz.
… İşdə tualet kağızını görəndə ürəkdən təəccüblənirsiz. Üstəlik sabun
da tapılsa lap ruh yüksəkliyi keçirə bilərsiz.
… Adamların hardan gəldiyini təyin eləməkçün ayaqqabısına baxırsız.
… Kolleqanın mobil telefonu sizinkindən balaca olanda həsəb aparırsız.
Ya da hər dəfə cibinizi deşib astara düşən mobil telefonun axtarışını
asanlaşdırmaqçün ciblərin astarını ikiqat sapla tikdirməli olursuz.
… Mağazada satıcının sizi görəndə sevinməsindən lap gözləriniz də yaşara
bilər.
… Yol polisi sizdən yalnız qanunu cəriməni verməyi xahiş edəndə çaşdığınızdan
bilmirsiz ki, nə edəsiz.
… Vergi müfəttişi sizə hər şeyin qaydasında olduğunu deyəndə çaşırsınız.
Bəlkə o, zarafat eləyir.
… Ofisiant həqiqətən də səviyyəli qulluq edəndə sizdən bəxşiş görə bilər.
Bu o qədər nadir hallarda olur ki.
… Axşam harasa istirahətə gedəndə 7 – 9 radələrində evə tələsirsiz.
Bu vaxtlar su verirlər. Çatdırmasaz sabahısı işə çimməmiş gedəcəksiz.
… Çayı isti içirsiniz. Çayına buz atan xariciləri görəndə gülməkdən
ölürsünüz.
… Evə gələndə kandarda ayaqqabıları yaxşıca silkələyib, sonra çırpıb
içəri keçirsiz. Əllərini yumamış, başmaqları geyməmiş özünüzü evdəki
kimi hiss eləmirsiz.
… Tanışlardan biri xaricdə keçirdiyi istirahət günlərindən danışan şəkilləri
göstərəndə az qala gözləriniz yaşarır.
… İmkan tapıb ölkədən çıxanda isə uzun müddət cənnəti gəzib gəlmiş kimi
yaşayırsız.
… Ştrix kodlardan baş açır, Çin malını gözüyumulu tanıyır, hətta paltarın
iyindən də bilirsiz ki, hansı ölkədən gəlib.
… Siqaret tüstüsünü rahat keçirirsiz. Hətta tüstüləməyən kişilərə birtəhər
baxırsız.
… Dəmir qapıları və pəncərələrdə dəmir barmaqlığı abırlı ailənin və
normal mənzilin atributu sayırsız.
… Səfərdən sonra uzun müddət özünüzə gələ bilmir və həmvətənlərinizə
yazığınız gəlir.