Həyatını
dəyişməyi insan özü istəməlidi
Çağırışlar, inqilablar və çevrilişlərə qarşı cavab kimi
Mən də söz vermişdim, qəzet səhifəsində deyişmələrə qoşulmayacam. Amma
məcburam. Çünki əməkdaşımız Vəfa Cəfərovanın dünənki köşədə adımı çəkib
hələ bir bir torba ittihamı üstümə tökməsi qəzetimizin redaktor mavini
Elçin Rüstəmli demiş müəlliflər arası polemika deyil. Buna ad verməkdən
çəkinib birbaşa mətləbə keçirəm. Çünki deyəcəklərim var.
«Telefon söhbəti» adlanan köşə yazımda qadınları mütiliyə, dözümlüyə
çağırış olsaydı Vəfa xanımın reaksiyasını anlaşılmazlıq kimi qəbul edib
çox guman ki, yazmazdım. Çünki mən də feministləri sevmədiyim qədər
də taleyinə sahib çıxa bilməyən qadınları da sevmirəm. Öz çevrəm və
dünyalarım barədə yazılanları kompliment kimi qəbul edirəm. Çünki qəbr
evinəcən dünyasını qura bilməyənlər var ki, bunu anlayandan sonra onlar
başqasının «evinin» bənnalığını eləyirlər. Məsləhətlər verir, mübarizəyə
çağırır, devrilişlər, çevrilişlər hazırlayırlar.
Sizi bilmirəm, amma mənim anlamımda mübariz edən qadından absurd bir
şey yoxdu. Mübariz qadın deyəndə mən nədənsə Hüqonun «Səfillər» kitabına
edilmiş illüstrasiya yadıma düşür. Ön planda Qavroş, yanında çığıran
və barrikadanın üstündə əlində bayraq yelləyən qadın. Onun gözündə qəzəb
var, döşü-başı bayırda qalıb. Qadın mübarizəyə qoşulanda, özünü erkəklərə
tay tutub cəmiyyətə nəyisə qəzəblə anlatmağa çalışanda, lap elə mitinqlərdə
çığıranda, döyülüb söyüləndə də belə eybəcər səhnə alınır. Müti təbiətli
rəfiqəmə «hamıya tüpürüb müstəqil yaşa» da deyə bilməzdim. Bəlkə də
özüm bu yolu seçər, amma onun onsuz da ağır taleyinə bir az da mübarizə
qatmasına qıymazdım. Çünki həyatını dəyişdirməyi insan özü istəməlidi.
Ona kənardan qovğaya itələmək «Nəsimi» filmindəki kimi insana taxta
qılıncı əlinə verib «get, bütün dünyayla, bütün kişilərlə vuruş» deyib
ortaya atmaq deməkdi.
Qadına cəmiyyətdə «mən də insanam deyib» nəyisə sübuta yetirmək qəti
lazım deyil. Kimin necə yaşayacağını, kimin qadın, kimin kişi olacağını
yaradan artıq çoxdan həll eləyib. Üzbəüz dayanıb mübahisə edən qadın
və kişi arasında söhbətdə qaşlarını düyünlənib, yumruqları sıxan an
qadın artıq özünü uduzmuş saya bilər. Çünki yumruq yellətməyi, təpik
atmağı, hətta söyüş söyməyi də kişilər bizdən daha yaxşı bilir. Qadın
məntiqi, ailə siyasəti, qadın ağlı deyilən anlamlar var ki, onu heç
bir məktəbdə öyrətmirlər. Bu parametrlərə uyğun gəlib «zaçot» ala bilənləri,
yalnız onları özünü təsdiqləmiş vətəndaş saymaq olar. Vəfa xanımın ləzzətlə
danışdığı Amerikada iş o yerə çatıb ki, bir köpəkoğlu qorxusundan çevrilib
qadına baxa bilmir. Allah eləməmiş «necə gözəl görünürsən» kəlməsini
iş yoldaşına desən, eşşəyin öldü, qadın bu kişini məhkəmələrdə çürüdəcək.
Kişi qadının əli ağırdır deyib kömək eləmək istəsə adını «seksual təzqiy»
qoyacaqlar. Azadlıqlarından havalanıb Amerikada «Qadın psixoloqiyası»,
«Qadın sənəti», hətta «Qadın tarixi» kimi absurd cərəyanları yaradıblar.
Oturub tarixin dolanbaclarında qadın nailiyyətlərini axtarıb ələlrində
bayrağa çeviriblər. Bunu istəyirsiz?
Bu günlərdə kimsə məndən «Bakıda seks-şoplar işləyirmi» soruşanda (pardon)
«bizdə hələ ki, kişilər işləyir» demişdim. Belə getsə «mən azad olmaq
istəyirəm» çığırıb kişilərin var-yoxunu söyərək bu qadınlar çatışmayan
detalı seks-şoplardan alıb kişidən «asılılığını» təmin edəcək. Uşaqları
kolbada yaradıb sonra onu qarnında daşımaqdansa surraqat analardan istifadə
edəcəklər. Tənqid obyekti olan müti qadınlar çox guman ki, bu vaxt işə
yarayacaq.
Mən taleyimin hansısa məqamında qürurumdan keçib yoldaşıma məndən bir
addım irəli çıxmağa imkan vermişəm. Söhbət əlbəttə, döyülməkdən, söyülməkdən
və təhqirdən getmir. Əvəzində bilirəm ki, həddi buluğa çatanda uşaqlarım
məni divara dirəyib sevimli Amerika filmlərindəki kimi «De görüm mənim
atam kimdir?» deyə sorğu-sual eləməyəcəklər. Əgər Amerikada ağıllı olmaq
kifayətdisə burda qadına çox ağıllı olmaq lazımdı. Zooloqlar, bioloqlar
təsdiqləyər, təbiətdə də cinsini, sortunu unudub özünü başqa cür aparan
fərdlər olur. Amma onlar nəsil verə bilməyib məhv olurlar.
Cəmiyyətdə aqressiv və mübariz qadınların artması «mavi», arvadağız,
şəxsiyyətsiz kişilərin yaranmasının bəlkə də əsas səbəblərindən biridi.
«Biz» adlanıb avanqardda duran çağırışçıların səmimiyyətinə də tam inana
bilmirəm. Deyirlər, qanda kişi harmonlarının artıqlığı sağalan xəstəlikdi.
Odur ki, qadınlar çəkilin, eşilirsiz, əl-ayağa dolaşmayın! Qolu zorlu,
dildən pərgar və «azad» qadınların sizə yaşamaq öyrədəcək! E…, çəkilin
də, Vəfa belə istəyir...