Dilbilməzə
ithaf
Şəhrizadın növbəti
nağılı
«Qadınlar insanlara işgəncə
vermək üçün yaradılmışən mükəmməl cihazdır»
Vasif Sadıqlının köşəsindən sitat
Ur-ra!!! Deyəsən alındı. İlahi,
alındı axı! Mən bu günü nə qədər gözləmişəm! Bu müqəddəs ayda Allah
hamının ürəyinin arzusunu yetirsin. Bir ildən də artıqdır ki, üzümü
kişilərə tutub aramsız yazıram. Yumornan da, sarkazmnan da, ironiya
ilə də, hətta sevgiylə də yazırdım ki, bəlkə birisi durub mənə cavab
yaza. Tərs kimi hər yeni köşədən sonra poçtumdakı məktubların sayı artırdı.
Amma birisi durub cavabımı, özü də öz adı, ləğəbi, atasının adıynan
tanındığı kimi vermirdi ki, bilim lal, kar, etinasız, maraqsız deyillər.
Sonra deyirlər ki, qadın ürəyinə yol tapmaq çətindi. Ay-hay, bunu məndən
soruşun, deyim də… Neçə ildi kişi ürəklərinə tunnel qazıram (mətbəxdən
də keçmişəm), bir yana çıxa bilmirəm.
Yazdıqlarıma reaksiya verən və məni görəndə dil-boğaza qoymayan yazarlardan
şifahi etirazlarını yazılı şəkildə ortaya qoymasını xahiş eləyəndə «mən
40 yaşınacan kitab oxumalıyam ki, köşə yazım» deyib yaxasını kənara
çəkdi. Nolar, oxuyanın üzüyünün qaşı düşmür. Olsaydı, elə bizə də olardı.
Axır ki, mən deyən oldu. Savab yazdılar, amma o qədər ehtiyatla, o qədər
ustufca, qorxa-qorxa, qadınları «Onlar və onlar» adlandıraraq iki naməlum
cəbhələrə bölüb (yəqin ki, əvvəlcədən uzun müddət kəşfiyyat aparıb)
nənəm demiş sözü ağzında bişirib-bişirib sonra çıxarmaq tədbiriylə.
Bəli, biz çoxuq, 3 milyardıq, deyəsən. Bəli, biziynən ehtiyatlı davranmaq
lazımdı. Qadınlardan bir cümlə yazmazdan əvvəl uzun-uzadı müsbət emosiyalı
giriş verməsən nəinki qadınlar, elə kişilərin özü yazarın saçını yolar.
Əlbəttə, etiraf eləməlisiz ki, biz olmasaq siz adam kimi yaşaya bilməzsiz.
Bir-birinizin ətini didib döyüşməyə bəhanə tapmayanda həyata maraqsız
deyib əl-ayağınızı uzadıb ölmək istərsiz. Əlbəttə, bu nə dünyadı ki,
orda müharibələr, liderlik uğrunda mübarizə, heç olmasa başqasının arvadına
göz dikmək olmasın, lələklərini pırpızlaşdırıb, fors eləməyə dişi tapılmasın.
Hindistanda bir ənənə var, nədənsə ürəyimə çox yatır. Hansısa əyalətlərin
birində ildə cəmi bir gün qadınların kişiləri döymək hüququ var. Necə
deyərlər, milli adətdir. Həmin gün kəndin bütün kişiləri başına zərbəyə
davamlı bir şey bağlayıb üstünü əski-üsküylə dolayıb başında elə bil
ki, ev tikir. İsti ölkədir deyən qalan yerləri əlləriynən qoruyurlar.
Qadınlar da kı, yaşından asılı olmayaraq balacadan böyüyə kimi hərəsi
əlinə bir dəyənək alıb düşür kişilərin canına. «Nə yemisən, turşulu
aş?»ın hind variantını, əsil hind filmini «oynayırlar». Bu bir ildə
evin kişisi qadınlara, qızlara necə gün veribsə onun əvəzini onqatına
özünə qaytarırlar. Bu kadrlara baxanda kişilərə bir az da ürəyim yandı.
Gizlənməyə hasar dibi, quyu, pilləkən altı qalmadı, hamısında eşələnib
oraların tozunu sildilər. Sonra deyirlər ki, Hindistanda qadın hüquqları
pozulur. Heç bizim belə hüququmuz var? Amma biz də kişilərimizi o günə
qoymuruq, vallah.
Ağıllı adamlar bilir ki, qadın nə istəsə ona vermək lazımdı, yoxsa özü
götürəcək. İstədiyini mütləq götürəcək, bunun müqabilində döyülsə də,
söyülsə də, danlansa, lap sevilsə də, ilahiləşdirilsə də – istədiiyni
edəcək. Kişiyə isə öz personasının böyüyən kölgəsindən ləzzət almaq
imkanı verəcək. Az qala yadımdan çıxmışdı, Hindistanda belə bir hadisə
də olmuşdu. Bir kəndə 3 ildi ki, yağış yağmırdı. Allah nədənsə kişilərin
dualarına heç məhəl qoymurdu. Axırı kəndin bütün qadınları əhd eləiyb
əllərini yağış yağanacan kəndirlə bağlamaq qərarına gəlirlər. Əlləri
bağlı şəkildə yemək bişirir, uşaqlara baxır, məişəti həmişəki kimi rahlayırdılar.
Az keçməmiş yağış yağır. Heç Allah da qadının əli bağlı olmasını götürə
bilmir, ya da ki, əlləri bağlı qadının duası keçir.
Təbiətin həm sayca, həm də keyfiyyətcə mühüm hissəsi kimi qadının özünün
lazımlı olmasını hər dəqiqə sübut eləmək ehtiyacı yoxdu. O kişilər uğrunda
müharibələr qoparmır, kimliyini sonsuzluğa qədər sübut eləməli olmur.
Hətta başqasının kişisinə göz dikəndə də bunu o qədər ustalıqla eləyir
ki, heç kişinin özü duyuq düşmür. Bəs niyə kişilərin bu taktikanı müharibələrdə
islətmək bacarığı yoxdu? Adəm övladı planeti özüyçün kəşf eləyəndən
sonra dünyanın ziddiyətlərindən baş çıxara bilmədi ki, bilmədi. Nəhayət
ki, 21-ci əsrdə ürəklənib bunu əvvəlcə ehtiyatla, ədəbi əsərin qəhrəmanının
diliylə, sonra bir az cəsarətlə, sonra isə köşələrdə yazmağa ürəkləndi.
Onu da bilirəm ki, yazılarında qadınlardan pis demirəm ha, bir qədər
soyuq yazanın özünə elə kişilərin özü də birtəhər baxır. Qadın dilindən
tərcümələri anlamayanlara yanında tərcüməçi gəzdirmələri məsləhətdi,
onsuz da dili öyrənə bilməyəcəksiz. Yad ölkədə, tərcüməçisiz çətin olur.
Allah heç kimi dilbilməz eləməsin…
P.S Onsuz da tarix boyu şəhriyarlar şəhrizadların danışdığı nağılları
dinləyib.