Xoşbəxtlik
formulu
Yaxud niyə var-dövlət
xoşbəxtlik gətirmir
Yaydı. Hamı şəhərin boğanağından qurtulmaq, istidən daha çox şəhərin
qələbəliyindən qaçmaq istəyir. Adətən bunun adını istirahət qoyurlar.
Dağa dırmaşanı da var, dənizə baş vuranı da. Şələ-küləni qablaşdırıb
dörd təkərin belinə yükləyib şəhərdən çıxanda insanı xoşbəxtlik hissi
basır. Sabunçu-Zabratın toz-tozanağını, səliqəsizliyinə, kasıblığına
göz yumub keçirsən, elə bilirsən ki, irəlidə azadlıq, asudəlik var.
Yol boyu sıralanan evlərə baxıb düşünürsən ki, xalqımız həqiqətən də
yaxşı yaşayır. Xüsusilə də dənizə yaxınlaşdıqca memarlıq nümunələri
sayılacaq evləri ləzzətlə gözdən keçirdikcə hətta xalqın rifahının artdığını
da düşünməyə məcbur olursan. Ölkənin məmuru, rüşvətxoru, alçağı, yetimin
payını əlindən alanı, əclaflıqla pul toplayanı bir-iki, uzağı üç olar.
Əgər bu rəqəm barmaqla sayılacaq qədərdən dəfələrlə artıqdısa deməli
artıq xalq sözünü işlətmək olar. Yol boyu düzülən və göz oxşayan imarətlər
də demək xalqındı.
Belə imarətlərə baxıb «bəxtəvərin balası, xoşbaxtçılığa bir bax» deyib
həsəb aparanlar da az deyil. Məntiqnən belə evlərdə yaşayan insanların
sayı artdıqca xoşbəxtlərin də sayı artmalıdı. Amma nədənsə var-dövlət,
imkan insana xoşbəxtlk gətirmir ki, gətirmir. Bu təkcə bizdə belə deyil.
«The Times» qəzetinin şərhçisi Vivyen Parrinin aparadığı tədqiqat nəticəsində
məlum olub ki, İngiltərədə də varlılar və kasıblar arasındakı uçurum
daha sürətlə dərinləşir. İngiltərənin orta təbəqəsi imkanının artmasına
baxmayaraq özünü yoxsul hesab eləməkdə davam eləyir. Çünki özünü yuxarı
təbəqəylə müqayisə edir. Yəni həyat etalonu kimi çoxmilyonlu qonorarı
olan futbol ulduzları, pop-ulduzlar və sair belə tip insanlarla özünü
qarşı-qarşıya qoyur. Orta təbəqənin rəngbərəng jurnallar almaq imkanı
olduğundan bu informasiya onların həmişə gözünün qarşısındadı və natamamlıq
kompleksi yaradır.
Heç kim paxılıq və həsəd hissindən məhrum doğulmur. Nəfsini də cilovlamaq
hər kişinin bacardığı iş deyil. Hətta Rotşildlər ailəsinin üzvü uzunluğu
50 futluq iki basseynli gəmidə oliqarxların məclisində nahara dəvət
olunsa və bunları gözüylə görsə «nə olsun, bizdə beləsi var» deyib gözütoxduq
eləməz. Yəqin ki, o özünü belə bir gəminin göyərtəsində kasıb, yoxsul
hiss eləyəcək.
Əlbəttə, kasıblıqda sağlamlığı qorumaq çox çətindi. Amma Benqaliyanın
yoxsul kəndliləri Nyu-Yorkun ən prestijli məhəllərinin pul içində üzən
sakinlərindən çox yaşayır. Alimlər deyir ki, insanın vəzifəsi artdıqca
ürək-damar xəstəlikləri riski də artır. Amma vəzifəsinin çətinliyi,
ya da işinin çoxduğundan yox. Başının üstündə müdirlərinin sayının artdığına
və onların həyat tərzinin öz gözləriylə daha aydın gördüyünə görə. Belə
bir statistika da var ki, kiçik məmurlar elə həmin səbəbdən daim stresslə
üzləşdiyiindən yüksək təzyiqdən əziyyət çəkirlər. Orta həyat səviyyəsinin
aşağı düşməsi də insanın tələb və arzularının artması ilə bağlıdı. İnsan
daima əlçatmaz şeyləri arzulaya-arzulaya yaşaya bilmir. Ona görə də
iqtisadi böhran baş verən kimi insan yeməməzlikdən, ya xəstəliklərdən
yox, keçmiş statusunu itirməsindən aldığı stressdən sağlamlığını əldən
verir.
Nimdaş həyatınızdan narazı qalıb özünüzü bədbəxt hiss eləyirsiz? Bəsdir
çeşidli rəngbərəng jurnallara baxdınız! Maqazin verilişlərində «ulduzcuqların»
yaşamını seyr elədiz. Onların interyerini, adi insan fantaziyasından
yüksəkdə duran məişət dizaynını, landşaft tərtibatını bəsdir arzuladız.
Axı bilirsiz ki, sizdə bu heç vaxt olmayacaq. Külüng vurmaq əvəzinə
adam aldatmaq, badalaq gəlmək, ya da heç olmaya yaltaqlanmağı öyrənərdiz.
Yol boyu sıralanan evlərin naxışlı işləməli darvazalarından heç də həmişə
marşrut avtobusu böyüklüyündə minik maşını çıxmır. Bəzən ev sahibini
səsləyəndə qapıya nimdaş şalvarlı, işləməkdən əlləri qabar almış birisi
«Ay, ev yiyəsi» xitabına hay verir. Çünki Azərbaycan xalqı bütün arzularını,
gələcəyə inamını, keçmişinin əks-sədasını, perspektivini hamısını sement
və quma qatıb evinin divarına yapıb. O bilir ki, qışda məzuniyyət götürüb
qərib ölkənin dağlarında xizək sürməyə gedə bilməyəcək, şəffaf suları
olan dənizdə çapalamayacaq, ürəyi istəyəndə harda oldu, kimlə oldu nədən
istədi danışıb üstəlik ana dilində bir karaoke oxuya da bilməyəcək.
Onu da bilir ki, istədiyi kimi uşağını oxutdura, ona «azad ol, ürəyinin
səsini dinlə və həmişə həqiqəti danış» da deyə bilməyəcək. Dünyanın
bütün azadlıqları içində bircə yemək və qala kimi ev tikib içində daldalanmaq
şansı qalır. Bunu da eləməsək ölərik. Tikməyə imkanı çatmayanlar ya
şerə, musiqiyə qurşanır, ya da içməyə.
Odur ki, keçərkən yol boyu sıralanan 10 metrlik hasarlar arxasındakı
həyatı təsəvvür eləməyə çalışmayın və xoşbəxt olun. Bu ki, çox asandı.