Üzeyir
Haçıbəyova çatacaq
«O dünyaya məktublar»dan
Salam, Üzeyir bəy! Yerini-yurdunu soruşmuram, bilirəm yaxşıdı. Halımızı
sorma, gedər-gəlməzə məktub yazıramsa işim fənadır demək. Dirilərə yazdığımdan
cavab gəldi ki? Cavabsız məktub, münasibətsiz yazı deyəsən alın yazımdı.
Telefon, internetin əli oralara çatsaydı xəbərləri ötürüb sizi də rahat
qoymazdıq. Onu da bilin ki, axır vaxtlar musiqi sənətinin bu gününü
görənlər sizə qəni-qəni rəhmət deyir.
O vaxt sənə desyədilər ki, zülmlə, əziyyətlə yaratdığın musiqi təhsili
cəmi bir əsr sonra kartdan düzəlmiş ev kimi dağılacaq inanardın? Tərs,
azərbaycanlı uşaqlarına heç nə öyrətmək istəməyən yəhudi müəllimləri
bura toplayıb nazıyla oynadın ki, bizlərə bir şey öyrətsinlər. Həmin
müəllimlərdən maqqaşla çəkilmiş bilikləri, təcrübəni yerli kadrlara
ötürərək öz müəllimlərimizi də yetişdirdin. Anlaya bilmirəm, necə oldu
ki, musiqi yanğısıyla yanan insanları hələ keçən əsrin əvvəlində «başına
döyə-döyə» not öyrədə bildin? Onlara nə dedin ki, tənbəl millətin balası
oxumağın ardınca getdi? İndi o vaxtkı yanğıdan betər yanan musiqisevərlər
heç nə öyrənmək istəmir. Desəm ki, 21-ci əsrin musiqi məktəbində «nanay-nanayla»
dərs keçirlər, inanarsan? İndi konservatoriyada oxumaqçün nə ibtidai,
nə də orta musiqi təhsili tələb olunur. Cəmi 7 notun adını bildin yaşıl
işıq yanacaq səninçün. Görüləsi adamı gör, veriləsi nədisə onu ver,
oxu özünçün. Amma deyim ki, bu cür «rahatlaşdırılmış» yolla da millət
oxumaq istəmir. Nəyinə lazım?
Uşağını qulağından tutub məktəbə sürüyən valideyn müəllimin şikayəti
qarşısında «Biliyi neynirəm, məktəbə gəlsin ki, ayağı tindən yığışsın»
deyir. Müəllimin az qala basıb güzünü çıxarırlar ki, «Nə karəsən ki,
uşağıma güldən ağır söz deyəsən. Oxumayanda 2 yazırlar, ürək sındırarlar?»
Bu uşaqlar da «nanay-nanayla» oyrənib, rəhmətlik Nəsibə Zeynalova demişkən
«oxuyub, oxuyub olurlar böyük» manıs. İndi deyəcəksən ki, siz hara baxırsız?
Bir əlac qılın, əl-ayağınızı tərpədin də! Eh, konservatoriyadan sənin
adını çıxaranda neynədik ki? Haqq dünyasında belə şeylərə görə fikir
çəkməzlər. Amma onu də eşitmişəm ki, konsrvatoriyanın qarşısındakı heykəlinə
də göz qoyanlar tapılıb, səni orlan da yerindən eləmək istəyirlər. Eşidən-bilən
jurnalistlər özünü ora-bura çırpacaq, həqiqət axtarışına da düşəcək.
Görəsən onlara dəqiq cavab verən tapılarcaqmı? İnandırıcı bir şey deyə
bilməsələr hər şeyi səni oturan yerdə «canlandırmış» heykəltaraşın boynuna
yıxacaqlar. Bilirsənmi, o tərəflərdə oturmağa heç kim ürək eləmir axı….
İndi qaçhaqaç yox qaphaqap dünyasıdı. Musiqi məktəblərinin binalarını,
avadanlığı da satacaq, ordan bura atandan sonra hər şeyi pərən-pərən
edəcəklər. Ssenari «Azərkitab» mağazalar şəbəkəsinin, baxçaların özəlləşib
satılmasına çox bənzəyir. Bəlkə düz eləyirlər, kasıb uşağının musiqiynən
nə işi var? Dünyada ən bahalı təhsil olan musiqi təhsilinə ürəklənənlərin
altı dolu olmalıdı! Kasıb uşağı ürəyi partlamağa gəlsə gedib zurnaçı,
balabançı, ya da nağaraçalan yanında şəyirdlik eləyər, bir şey öyrənər.
Sonra el şənliklərində çalıb qurdunu öldürsə bəsidi.
Yenə də ümidimiz sənədi. Belə getsə tam dağılma heç yüz il çəkməz. Gör
bir neynirsən, bəlkə bu müddətə siz tərflərdə birisini yetişdirə bildin.
Gəlsin bizə əlac qılsın. Amma çalış, alınsa qoy başqa millətdən olsun.
Yaxşı olar ki, Avropalı olsun. Bu günlərdə eşitmişəm ki, sən demə 7
notdan ibarət not sistemini təklif edən Pifaqordan da min il əvvəl not
yazısı Suriyada olub. Ərəblər bizdən beşbətər xalqdı. Keçən əsrin 50-ci
illərində aşkarlanmış, eradan əvvəl 2-ci minilliyə aid olan bu sübut-dəlili
dünyanın «gözünə soxmaqçün» 50 ildən artıq vaxt sərf eləyiblər. Arsızcasına
etiraf ediblər ki, başları dava, nifaqdan, təbii fəlakətlərdən ayılmayıb
ki, musiqi tarixlərini yazsınlar. Avropalı olsaydı bunu bir göz qırpımında
eləyərdi. Gör bir siz tərəflərdə şərqli ağlı, avropalı zirəkliyində
birisi tapılarmı? Amma ürəyi bizimkinnən olsun, musiqidə ürəksiz olmur
e….