Get-gedə
kiçilən dünya
Metroda sıraların arasından bir kişi yavaş-yavaş irəliləyir və «əl kondisioneri»
deyib satdıq yelpincləri şaqqıldadırdı. Maraqlı reklamdı. Elə bil ki,
yelpinclərə elə yelpinc desəydi alan olmayacaqdı. Bəlkə də düz eləyir.
Çünki dünya durmadan inkişaf edir və zamanla ayaqlaşmaq lazımdı. İndi
hətta doğulan uşaqlar da sanki quraşdırılmış naviqasiya qurğusuyla və
əlində maus tutmaq bacarığıyla dünyaya gəlir.
50 il bundan turizm indiki qədər populyar və komfortlu deyildi. Nəqliyyat
ləng idi, baqaj ağır. Adamlar bayramları evdə, uzaqbaşı bağda keçirib
xoşbəxt ola bilirdi. Sanki adamların xoşbəxt olmasına qənim kəsilmiş
alimlər zəhmət çəkib yerdəyişmə aşiqlərinin işini dəfələllə rahatlaşdırıblar.
«BudgetTravel.com» saytı oxucuları arasında sorğu apararaq turist üçün
ən önəmli predmetlərin və kəşflərin siyahısını öyrənib. Nəticələr maraqlıdı.
Onlayn xəritələr bu günün turistinin əlindən yaman tutur. Qısa zamanda
aeroportdan mehmanxanaya, mehmanxanadan restoran, muzeyə olan yolun
dəqiq təsnifatını öyrənmək olur. Foto xəritələr daha rahatdı və dünyanın
o biri başında baş verənləri gözünlə görə bilirsən.
Yadınızda olar, lap bu yaxınlaracan harasa gedəsi olanda baxmalı, görməli
yerlərin yüzlərlə şəklini çəkirdik. Çünki hər kadrı 2-3 dəfə çəkməsəydin
sonra onlardan hansınınsa uğursuz, bulanıq, səhv fokuslu olduğundan
yararsız olurdu. Tərslikdən fotoları evə gələndən sonra çıxartdırıb
nəticələri görürdün. Onda isə artıq gec olurdu. Heç nəyi, səfəri, təssüratları
geri qaytarmaq olmurdu. İndi isə rəqəmsel fotoaparatlarla minlərlə şəkil
əkib keyfiyyətini yerindəcə qiymətləndirirsən. Uğursuz fotonu ordaca
silib əsəblərinə, vaxtına, puluna qənaət etmiş olursan.
Reyslərin onlayn reqistrasiyasını bütün aviokompaniyalar işlətmir. Amma
nahaq. Çünki turizm genişləndikcə rəqabət də artır. Növbəyə dayanmadan,
səbirsiz turistlərin replikalarını dinləmədən evdən reqistrasiya etmək
çox rahatdı və turizm vüsət aldıqca bu da çox lazımlı atribut olacaq.
Kompüterin qarşısında oturub təyyarənin salonunda özünə yer seçmək,
sonra talonu evdə printerdən çıxarmaq necə də rahatdı.
GPS naviqasiya da avtomobil üçün çox lazımlı əlavədir. Heç vaxt olmadığın
şəhərdə hər şeyin yerini tapmaqdan gözəl nə ola bilər? Kimsəni narahat
etmirsən, yolu soraqlaşmırsan. Sadəcə gedəcəyin yerin dəqiq ünvanını
yeritmək lazımdı. Qalanını naviqator özü edəcək. Birtərəfli yolları
və tıxacları nəzərə almaqla ən rahat marşrut seçəcək, döngələrdə xəbərdar
edəcək, lazım gəlsə deyingən arvad kimi sürəti artıran sürücünü məzəmmət
edəcək.
Bu gün dünyanın hər yerində öz bank hesabına və nəğd pula əlin çatır.
Çünki sivilizasiya olan yerlərdə bankomatlar da var. Yola çıxarkən bir
çamodan pul yox, cəmi bir kart götürmək kifayətdi. Çatdığın yerdə pulunu
istər manat, dollar, ya da avro ilə çıxarırsan. Nə valyuta dəyişmə punktu
axtarmalısan, nə də sənin dilini bilməyən bank işçilərinə kiçik pəncərədən
nəsə izah edirsən.
Cibində mobil telefonun olarsa tanımadığın şəhərdə xırda pul axtarmazsan,
ciblərini cingildəyən pullarla doldurub gəzməli olmazsan. Nəsə gözlənilməz
bir şey baş verərsə telefonu cibindən çıxarıb bir neçə düyməni bassan
bəsdi. Bu ağıllı aparatın mənfi tərəfləri də var ki, qohumlar hər iki
dəqiqədən bir səni dünyanın hər nöqtəsində tapa bilirlər və trubkanı
qaldırıb «nə var, nə yox» soruşub hal-əhval tuturlar.
Ümumdünya «hörümçək toruna» düşmək istəsən bunu hər yerdə edə bilərsən.
Kafelərdə, mehmanxanalarda, dünyanın inkişaflı şəhərlərində az qala
hər yerdən İnternetə çıxış var. İinternetə bir dəfə düşən ordan çətin
ki, çıxa. Təssüratlar soyumamış dostlarına çatdıra bilərsən. Şəkilləri
dünyanın bir başlından o birinə bir saniyəyə göndərərsən. Lazımsa oradaca
marşrutu dəyişmək, bilet almaq, mehmanxana görüm-baxım etmək olar, yəni
bir sözlə səyahətindən qalmadan planlarını baş-ayaq çevirə bilərsən.İndi
internet varsa turist agentliyindən asılılıq da minimuma enir. Çünki
səyahətin marşrutunu özün qura bilirsənsə, qalacağın, gəzəcəyin yerləri
müəyyən edib bilet ala bilrsənsə niyə də özünə əzab verib kiməsə müraciət
edəsən? Burda sərgilərə, konsertlərə, teatr və muzeylərə biletləri evdən
çıxmadan almaq olar.
«BudgetTravel.com» saytının sorğusunda bütün sadalanan texniki irəlilyəşləri
arxada qoan bir punkt da vardı. Səyahəti sevənlər düşünür ki, əgər təkərli
çantalar, çamodanlar olmasaydı yəqin ki, səyahət etmək bu qədər rahat
olmazdı. Ola bilər sizin nə GPS naviqasiyanız, nə də maşınınız var.
Siz təyyarədə uçmaq üçün bir il pul yığmalısız. Amma dəyircəkli, rahat,
təkərli çantaya imkanınız çatar. İki tin aşağıdakı mağazaya səfər edib
içini lazımlı-lazımsız şeylərlə doldurandan sonra çantanı evə sürüməkdənsə
rahat-rahat arxanızca sürüsəniz ən razı turistlərindən olarsız.