Stilli
ölmək də şərəfdi
Hürkmək istəyənlərə bir ça-ça-ça!
Son vaxtlar yaşamımızı boz adlandırmaq bir növ dəb halını alıb. Anlaya
bilmirəm, Qərbdəki kimi partlayışlar da olur, təxribatlar da, ölümlər
də, kütləvi bayramlar, el şənlikləri də. Amma üstündən 2 gün keçməmiş
hamısını uquduruq və bozluqda batmaqda davam eləyirik. Məsələn, Neft
Akademiyasındakı hadisə kimi bir qanlı olay başqa bir cəmiyyətdə olsaydı
yəqin ki, onlar azı 1-2 ay bu barədə danışardılar. Üstündən çox az keçib,
amma artıq marşrut taksilərində hadisələrin müzakirələri kəsilib. Az
keçmiş bunu da unudacağıq. Elə bil ki, miqyasından asılı olmayaraq hadisələr
zahiri olaraq qalır və xalqın içinə girə bilmir. Bu da təbii hadisədi,
axı hər birimiz ürəyimizcə olmayan paltarı geyə bilmirik.
Xalqın davranışı, tarixi, mədəniyyəti olduğu kimi onun üslubu olmalıdı.
Üslub bəlkə də sadaladıqlarımın başında duran bir nəsnədir. Üslubu olan
xalqın hər üzvü özünü bu üslüb çərçivəsində rahat hiss eləyir. Estradamıza
bir nəzər salaq. Burda kim daha məşhur, daha komfortlu, daha çox seviləndi?
Gözəl oxuyanlar, yoxsa gözəl görünənlər? Estradaya super səslə gəlib
tezliklə aradan çıxmış onlarla adamın adını çəkə bilərəm. Onların oxumağı
da, gözəl repertuarı da, səhnə mədəniyyəti də vardı. Amma alınmadı,
çünki üslubları yoxuydu. Bir ağız Rəşid Behbudov kimi, o biri xanədə
isə Şövkət Ələkbərova kimi oxuyurdu. O prizmadan baxsaq Röyanın çox
məhdud vokal imkanları var. Hər dəfə ağzını açanda elə bilirəm ki, indicə
nəfəsi daralacaq. Amma pərəstişkarları yəqin ki, belə düşünmür. Əvəzində
Röyanın özünə məxsus stili var, yəni öz intonasiyası, öz davranışı,
hətta öz xaric səsləri. Stili olan müğənniyə hər şeyi bağışlayırlar.
Eləcə də Zülfiyyə Xanbabayevanın çox dar diapazonu və vokal imkanı var.
Amma estradamızın ən stilli, ən maraqlı müğənnilərindəndi. Ona görə
də stil, üslub, tərz, səpgi yarada bilməyənlərin yeri böyük arena deyil.
Stil məsələsinə hər xalq bir cür baxır. Təxminən il yarım əvvəl depressiv
Amerika cəmiyyətində yeni bir stil formalaşmışdı: Hollivudsayağı gözəl,
tamaşa olunası parlaq ölümlə ölüb o dünyaya yol yoldışı kimi özünlə
bir neçəsini də aparmaq. Qəfil gülləyə tuş olanların əlbəttə ki, heç
bir günahı yoxuydu. Omaxa şəhərində belə bir hadisə olmuşdu: 19 yaşlı
Robert Xokins ticarət mərkəzinə soxulub Milad bayramını qabağı alverin
qızmar çağında ağına bozuna baxmadan tüfəngdən atəş açmışdı. Hadisənin
şahidləri 60-a yaxın güllə səsini saymışdılar. Yəni ki, qatil hazırlıqlı
gəlib iki dəfə güllə qabını dəyişdiribmiş. Nəticədə 8 nəfər ölüb, 5-6
nəfər ağır yaralanmışdı. Sonuncu güllə ilə cavan oğlan öz ömrünə də
nöqtə qoydu. Evində axtarış vaxtı onun anasına məktubunu tapırlar. O
yazırdı: «Mən stilli ölmək istəyirəm. Hətta həyatdan da ulduz kimi getmək
lazımdı». Əvvəl xeyli adam qırıb sonra özünü öldürən qatillərin siyahısını
davam eləmək çətin deyil. İndi deyərsiz ki, onlar bizim cəmiyyətin törəmələri
deyil. İnanmaq istəmirəm ki, belə «ulduz»lar indi bizdə də işarmağa
başlayıb. Həyatın mənası itəndə insan gedirsə arxasıyca qapını çırpıb
getmək istəyir.
Yaponiyada isə itlər də rəqs dərsləri alır. Ölkədə it və sahibi üçün
rəqs məktəbləri populyarlaşmağa başlayıb. Ölkədə it və pişiklərin sayı
15 yaşınadək uşaqların sayından çoxdu. Necə deyərlər millət qocalır.
İndi yaponlar sevimli itləriylə birlikdə ABBA qrupunun mahnıları, Latın
Amerikası rəqslərini, rumba, ça-ça-ça oynaya biləcək. Bu məsələdən bir
şey anlaya bilməyən heyvanlar sahiblərinin başına fırlanıb atlanıb düşürlər.
Deyirlər bu da bir növ özündən zəif üzərində hakimlik eləmək cəhdidir.
Amma etiraf eləyək ki, stilli jestdir.
İt demiş yadıma bir hadisə də düşdü. Ötən ilin sonunda İnternetdə ilaxırı
sorğuların qatarlama zamanında Çinli rəssamın rəsmi çox məşhurlaşdı.
Qoltuğunda qurdun şəkli olan plakatla qoyun otaran çobanın rəsmi çəkilmiş
bu lövhə bir çox sorğuların qalibi oldu. Amma rəssam bu lövhəni reallıqda
da görübmüş. Sensasiya yaratmış rəsmin prototipi qoltuğundakı qurd rəsmi
ilə qoyunlarını hürküdür və ona lazım olan istiqamətə yönəldirdi. Ola
bilər ki, çoban bunu it almağa simiclik elədiyindən uydurmuşdu. Amma
çon dərəcə istedadlı çobanmış, yəni ki, öz təkrarsız üslubu var.
Xalqlar da insanlar kimidi. Ona üslub yaratmaqda kömək eləmək olar,
imicmeyker tutmaq, «saçını» daramaq, «üz-gözünü» rəngləmək də olar.
Xalqın üslub axtarışlarının bir nəticəsi kimi Avrovijen yarışmasına
qatılmağımızı da saymaq olar. Bu jest bizə yaraşır, ya yox, bu ayrı
məsələdi. Amma «Biz buyuq» demək artıq «Biz varıq»dan bir pillə yuxarıdı.