Adlı
adsız şəhərim
Neçə vaxtdı ürəyimi qəribə şübhələr ovur tökür. Ürəyimə damıb ki, şəhərimizin
adına təcavüz edəcəklər. Ürək də ki, elə qəribə orqandı, bütün axmaq
fikirlərə burda yer tapılır. Beyində, cinsi orşqanlarda məskən qura
bilməyən bütün fikirlər bura toplaşıb adamı yaşamağa qoymur. Özü də
qorxusunun mənbəsini göstərmir ki, onu bələkdəcə boğum. Yəqin ürəyim
Orta Asiya ölkələrinin təcrübələrini son zamanlar bizdə reallaşdığını
görüb ehtiyat eləyir. İndi dil bunun qarşısında deyə bilər ki, «ola
bilməz!». Tarixdən məlumdu, olub axı…
Ürək tarixi də sevən deyil, ona görə beynimi işlətməli olacam. Hər dəfə
ürəyimə bir axmaq fikir gələn kimi beynim zora düşüb onun həqiqət ya
doğru olacağını sübut eləməli olur. Adətən şəhərin adının dəyişilməsi
məsələsi sakinlər tərəfindən arzulanır. Məsələn irland dilindən tərcümədə
«Fahişə limanı» kimi tərcümə olunan Dun Bleske qəsəbəsi 2003-cü ildə
xüsusi komissiya tərəfindən dəyişdirilərək An-Dun, yəni sadəcə «liman»
adlandırıldı. Amma yeni ad 5 ildən sonra unuduldu və qəsəbə yenidən
əvvəlki adıyla adlanırdı. Maraqlısı olur ki, yerli sakinlər təkid eləyirdi
ki, məskunlaşdığı yerin belə adı onları qətiyyən təhqir eləmir. Hətta
onlar bir qədər fəxr duyurlarmış ki, azad və cəsarətli bir qadın, demək
olar ki, ən qədim feministlərdən biri bu yerin təməlini qoya bilib.
Amma dərinə baxsaq İrlandiyada rəsmi dövlət dili ingilis dilidir. İngiliscə
isə bu söz abırlı səslənir.
Bənzər hadisələr Sibirdə də baş verib. İrkutsk vilayətinin Loxovo kəndinin
də adını dəyişdirmək istəyirdilər. Cavanların şəninə toxunan bu adı
dəyişmək məsələsində yaşlılar güzəştə getmək istəmədi. Yer Loxov adlı
birisinin şərəfinə adlanmışdı. Sonra ətrafda Jmurovo və ya Kozlova kəndlərinin
cavanları da tarixi «saxtalaşdırmağa» çalışardı. Lap abırsız adları
hələ bolşeviklərin vaxtında yığışdırmışdılar. Bəzən lap yaxşı səslənən
adları da dəyişmək istəyənlər tapılır. Məsələn, 2003-cü ildə Korleone
adlı italyan şəhərinin vəkili məhkəmə vasitəsilə hamını inandırmağa
çalışırdı ki, «Xaç ata» filminin qəhrəmanının adıyla səsləşməsi şəhərin
reputasiyasını pozur. Şəhəri Kuore di Leone (yəni «Şir ürəyi») adlandırmaq
daha məqsədəuyğundur. Amma şəhərlərini mafiyanın mərkəzi kimi qəbul
edən şəhər camaatı vəkili dəstəkləmədi. Axı bu ad şəhərə turistləri
cəlb eləyirdi. Lesbos adasının sakinləri isə lesbianlar adlandırılması
uğrunda hətta mübarizə də eləyiblər. Qazaxstanın paytaxtını da respublikanın
prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırmaq istədilər.
Şükür Allaha –alınmadı.
Biz küçə adlarının dəyişdirilməsinə, adibələrin yoxa çıxıb qəfil dəxli
olmayan yerdə peyda olmasına artıq öyrəşmişik. Hərdən adama elə gəlir
ki, şəhərin adını yoldan ötən küləkli, tozlu bir karvan yolu üstündə
dayanmış şəhərin qonaqları belə adlandırılıb: Badi- Kubə… «Küləklər
şəhəri» olmaq şəhərin qismətinə düşmüş heç də ən pis adlardan deyil.
İndi olsaydı onu «Palçıqlar şəhəri», «Zibillər şəhəri» adlandırardılar.
Kiminçünsə bura «Qaçqınlar şəhəri»dir, kiminçünsə «Milyonlar şəhəri».
Şəhərin meriyasından təklif gəlsəydi bura mütləq «Fontanlar şəhəri»
adlanardı. Şəhərim ilin sonunacan «İslam paytaxtı» olacaq. Qonaq qəbul
edəcək, dindar olacaq, zir-zibilldən bir az yaşmaqlanacaq. Təzə adın
mübarək.
«Arzular şəhəri» olmağa, «fantaziya dünyası»na çevrilməyə hələ çox var.
Qoy əvvəl yolları çəkib qurtarsınlar, sonra kanalizasiyanı dəyişdirəcəklər.
Təzəcə çəkilmiş asfaltı qazıb eşəcək yəqin ki, sonra təzədən qırlayacaqlar.
Beləcə sonsuzluğacan. Ağacların genosidi bitəndən sonra küləklər kef
eləyəcək boz şəhərdə. Ola bilər bir vaxt dənizdən çıxmış şəhər utanıb
yenidən ora qayıdacaq. Eybimizi Xəzər örtər. Qorunmalı, ovuc içində
saxlanmalı binaları söküb yerində üslubu naməlum binalar tikəndən sonra
isə şəhərim simasız olacaq. Orda Dədə Qorqudu çağırarıq, şəhərə təzə
ad verər. O da mütləq deyəcək ki, «igidliyinə görə ad çıxarmamış adlanmaz».
Onda təzə simalı şəhərimizə yeni ad axtararıq ki, adsız qalmasın. Amma
nə qədər ki, göydələnlər arasında sivişib küləklər vıyıldayır şəhəri
hələ ki, Bakı adlandıra bilərik.