Səbəbsiz xoşbəxtlik


Klaviatura ilə tetatet qaldığın məqamlarda (bu məqam kimdəsə qarşısındakı ağ vərəqlə gözəgöz, ya da güzgü qarşısında bəzənməmiş həqiqətlə qarşı-qarşıya dayananda da ola bilər) bəzən adamı qələmə gəlməyən qəribə hisslər bürüyür. Bu tikanlı hisslər sonuncu yazının qəzetin saytındakı oxucu sayını öz gözlərində görəndən sonra daha da kəskinləşir: Bütün bu canfəşanlıq nəyə lazımmış? Yazdıqların, gördüklərin, anlatmağa çalışdıqların sənin özündən başqa kimə gərəkdi ki? Tərəddüdlər natamamlıq kompleksləri ilə qatışaraq dəhşətli bir həzmedilməz maddə əmələ gətirir və adamı xoşbəxt olmağa qoymur.
Başda Freyd olmaqla bütün psixoloqlar deyir ki, insani problemlərin əksəriyyətinin köklərini onun uşaqlığında axtarmaq lazımdır. Hamı düşünür ki, uğurlu tale yaşamış, milyonlarla insan içində seçilməyə, tanınmağa layiq görülmüş adamın uşaqlığı da parlaq keçib yəqin. Amma bir balaca talelərdə eşələnəndə əksinəsini görürük. Puşkin ilk şeirlərini o vaxtın dəbinə görə fransızca yazanda cəmi 5 yaşı vardı. Azərbaycanlı meyarlarıyla artıq şair sayıla bilən bu uşağın bacısı həmin bu şeirlərə görə onu ələ salırdı. Çünki bu məsələdə qardaşından bir arşın irəlidə idi. (Dünya Puşkinin şeirlərini tanıyır, amma bacısını yalnız Puşkinin bacısı olduğu üçün hələ ki, unutmayıb). Litseydə də Puşkinin şeirlərini bəyənmirdilər. Orda İlliçovski adlı bir şagird qafiyəni Puşkindən daha yaxşı seçirdi. Puşkin isə qafiyə tapanacan o dünyanı görüb qayıdırmış. Amma artıq 16 yaşında, yəni litseyi bitirəndə hamı onun daha istedadlı olduğunu anladı və buraxılış şeirini yazmağı Puşkinə tapşırdılar. Həmin bu 16 il (ondan ilk 5 ilini çıxmaq şərtilə) Puşkin tərəddüd, natamamlıq kompleksi, məşhur olmaq istəyi ilə yəqin ki, barışmalı olurdu. Bu hisslər onu xoşbəxt olmağa qoymurdu.
Kimyəvi elementlərin dövrü cədvəlinin yaradıcısı Mendeleyev də Universitetə imtahan verərkən dəfələrlə məhz kimya fənnindən kəsilirdi. Az qala fəlsəfə sözünün sinoniminə çevrilmiş Hegel universiteti bitirəndə ona belə bir xasiyyətnamə yazmışdılar: «Cavan oğlan idraklı olsa da nə natiqliiyi ilə seçilir, nə də fəlsəfi düşüncə tərzində özünü göstərə bilməyib». Məşhur rus portretisti Fedotovu kadet korpusundan buraxılışda belə xasiyyatnamə ilə yola salmışdılar: «Rəsmdə və rəsmxəttdə xəritə və planların cızılmasında çox təmbəl və ortabab çəkmək qabliyyətlidir». Amma etiraf etməliyik, kimyadan kəsilməyi Mendeleyevə, fəlsəfədən zəif olması Hegelə, rəsmdən zəif sayılmağı Fedotova ətrafdakılardan seçilməyə mane olmadı. Amma onların bu məqamda, yəni ətrafının rəğbətini qazana bilməməsini dərk edəndə özlərini nə dərəcədə xoşbəxt saya bilirdilər?
Elton Con uşaqdlıqda gənc istedadlar üçün Akademiya nəzdində açılmışı xüsusi məşğələlərə gedirdi. Orda onu tam küt və fərasətsiz sayırdılar. Onun qabliyyətinə bircə anası inanırdı. Kioto mükafatı və fizika sahəsində Nobel mükafatı laureatı Jores Alferov məktəbdə fizikadan 4-dən artıq qiymət ala bilmirdi. Müəllimləri demiş artığına gücü çatmırdı. Məşhur ispan rəssamı Qoyya Saraqosada oxuyarkən rəsmdən yox, serenada və araqon xotaları oxumaq və dueldə vuruşmaqla tanınırdı. Balacaboy, ağlağan, dəymədüşər xasiyyətli Nyuton məktəbin ən geridə qalan, istedadsız şagirdlərindən biri idi. Kimin ağlına gələrdi ki, sonradan onu «adi insanlara bənzəməyən göylər sakini» adlandıracaqlar. Bəlkə də Nyutonun özü ömrünə nəzər salanda uğurlarını yox, məktəbdə ağlayıb gəzdiyi həmin qəmli məqamları xatırlayardı.
Şair Aleksandr Blok yazı-pozudan o qədər zəif idi ki, valideynləri ona ana dili və ədəbiyyatdan repetitor tutmağa məcbur olmuşdu. Çünki gələcəyin parlaq şairini ana dilinin incəliklərindən başqa hər şey maraqlandırırdı. Enşteyn uşaqlıqda utancaq, geridə qalmış və ətalətli idi. Müəllimlərin əli yanına düşmüşdü, valideynlərsə uşağın əqli imkanında qüsur olduğunu düşünürdü. Bu minvalla yaşayan Enşteyn günlərin bir günü anladı ki, dünyanın ən məşhur adamlarından biridir. Onun 2 həyat prinsipi vardı: birincisi ümumiyyətlə heç bir prinsipə uyğunlaşmamaq, ikincisi isə başqalarının fikrindən uzaq olmaq. Bir dəfə çox mürəkkəb elmi məsələni həll edəndə o dedi ki, məişətdə müxtəlif məqsədlər üçün 2 növ sabun işlətmək həyatı çox mürəkkəb edir. Bu da yəqin ki, məşhur alimə xoşbəxt olmağa mane olurmuş.
Ola bilər indi siz o qədər də xoşbəxt və həyatdan razı deyilsiz. Bəlkə də belə düşünməyə bir vaqon səbəbiniz də var. Amma bu gün səhər gün çıxanı gözünüzü açıb oyanmısızsa artıq gələn həftəyə sağ çıxmayacaq 1 milyon adamdan daha xoşbəxtsiniz. Əgər heç vaxt müharibənin acısını yaşamamısızsa, türmədə yatmamış, aclıq və işgəncə yaşamamısızsa deməli artıq dünyanın 500 milyon adamından daha xoşbəxtsiniz. Soyuducuda yeməyiniz varsa, ayağınız yalın deyilsə, başınızın üstündə evinizin tavanı varsa siz dünyanın 75 faiz insanından bir qədər varlısız. Üstəlik bankda hesabınız, cibinizdə lap az da olsa pülünüz, daxılda qəpikləriniz varsa dünya əhalisinin imkanlı sayılan 8 faizinə aid olunursuz. İndi bu yazını oxuyursuzsa siz artıq oxuyub-yaza bilməyən 2 milyard adama aid deyilsiz. Bütün bunlar sadəcə xoşbəxt olmağa kifayətdirmi görən?



 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?