On
üçü cümə günü
Sizi
görüm təbəddülatlar, dəyişikliklər dövründə yaşayasız.
Çin xalq məsəli
Bu gün cümə günü və ayın on üçüdür. Deyəcəksiz ki, «nə olsun?!». Əlbəttə.
Amma hər ayın 13-ü cümə gününə düşəndə ingilslərdə, almanlarda, portuqal
dilli xalqlarda, polyaklarda utursuzluq günü sayılır. Qorxulu filmlər
kralı Alfred Hiçkok «Cümə günü, 13» adında məşhur filmini çəkəndən sonra
bu günün adını biryolluq batırdı. İndi 13-ü tarixində cümə cünündə bir
uğursuzluq gözləmirik, biz qorxmaq instinktimizin oyanacağını xüsusi
ləzzətlə izləyirik. Cəmiyyətdə heç nə baş verməyəndə heç olmasa daxilimizdə
bir tərpəniş olsun.
Təsəvvür edin, zorakılıqla öldürülmüş meyit hər 13-nə düşən cümə günü
(onu bu gün qətlə yetiriblər) göldən çıxaraq (yəqin ki, suyu süzülə-süzülə)
əlinə keçəni öldürür… Təsəvvürlərin dizayn, rəng həlli, hətta aktyor
seçimini də ixtiyarınıza verək. İnanıram yaxşı alınar. Amma deyəsən
qorxulu olmadı?! Əlbəttə, belə şeylərə gözümüz öyrəşib. O qədər gəzən,
danışan, hətta gülən meyit görmüşük ki. Bəs görəsən «hər səhər naxıra,
axşam axura» prinsipiylə ayaqlarını sürüyüb «yaşayan» azərbaycanlını
nəylə qorxutmaq olar?
Amma biləsiz, Hiçkokun özü dürlü «ujas»lar çəkməyinə baxmayaraq dəhşətli
dərəcədə polislərdən qorxurdu. Hətta deyilənə görə bu qorxusunun ucbatında
sürücülük vəsiqəsini almaqçün polis idarəsinə girməyə ürək eləmirdi.
Dünyanı qorxu içində saxlamış orqan olan «FBR»-in keçmiş rəislərindən
biri Quver mikroblardan qorxurdu. Öz qoxusunda o qədər təkmilləşmişdi
ki, ofisində xüsusi mikrob öldürən ultrabənövşəyi işıqlar asdırmışdı.
Onun bir köməkçisinin əsas vəzifəsi milçəkləri qırmaq kimi çox vacib
bir məsələnin həlli idi. Hitlerin sevimli müğənnisi Marlen Ditrix də
mikroblardan qorxurdu. Özüylə gəzdirdiyi qabda həmişə spirt olardı ki,
unitazın qapağını dezinfeksiya etsin. Rejissor Federiko Fillinini bir
çox filmlərə ruhlandıran sakitlik Madonnanı dəlilik dərəcəsinə çatdıra
bilər. Aktyor Riçart Gir isə tozdan qorxur və heç vaxt yığışdırılan
yerə ayağını da vurmur. Ən məşhur Ceyms Bondlardan biri sayılan (tapancası
ilə onu-bunu qorxudan) Şon Konneri işıqforun qırmızı işığından qorxur.
Qırmızı işığı görəndə onun əlləri buzlayır və titrəməsi gəlir. Şaron
Stoun isə tək olanda şeç vaxt televizoru yandırmır. Əlbəttə ki, qorxusundan.
Vampirlərin qatili roluyla tanınmış Sara Mişel Gellar qəbiristanlıqdan
qorxur. Teleserialın çəkilişləri zamanı onun üçün süni qəbiristanlıq
yaradırlar. Nikol Kidman kəpənəklərdlən qorxur.
Bu boyda siyahıdan sonra qəribə olardı ki, biz cümə gününə düşən 13-ündən
qorxaq. Əslində bu günü bədnam eləmiş xüsusi bir hadisə də yoxdu. 1900-cu
ildən əvvəl bu gün heç kimi elə də qorxutmurdu. Amma tərs kimi 13 rəqəmi
cümə günlərinə düşməyi çox sevir. Bu qriqoryan təqviminin xüsusiyyətlərindən
biridir. Sehrə inanalarsa deyir ki, bu günü yarımçıq qoyulmuş işlər,
sona çatmamış əməllər ortaya atılır və ola bilər ki, Hiçkok filmlərinin
qəhrəmanlarından da betər tərzdə səni qarabaqara izləyir. Qorxulu səslənir.
Bu yerində borcu başından aşanların, ipoteka görürüb böhranla əlaqədar
işini itirmişlərin, pullu təhsil alanların yəqin ki, qanı damarlarında
dondu.
Biz qorxularımızda da orijinal olan xalqıq. Hiçkok qəhrəmanları bizi
yalnız əyləndirə bilər. Qanunların insanlar üzərində zorakılıq vasitəsi
kimi işlədilən bir ölkədə biz gəzən meyitdən qorxa bilmərik, ayıbdı.
Bizim qorxmalı polisimizə, məhkəməmizə, güc nazirliklərimizə nə gəlib.
Adamöldürən səhiyyəsi olan ölkədə insanlar həkimlərdən qorxmalıdı. Fikir
vermisiz yəqin, bizdə yaxınını əməliyyata göndərmiş adamin birinci dərdi
pulu həkimə əməliyyatdan qabaq ötürməkdən ibarətdi. O da qorxur ki,
birdən sonra gec olar, özünə bu səhvi dünyasında bağışlaya bilməz. Təzəcə
basdırılmış, hələ ölüsünün canı soyumamış olanda qohumlar yalnız süfrəsinin
kasıblığından qorxa bilər. Birdən halvanın yağı az düşər, ya da plovu
süfrəyə gec verərlər. Camaat itin sözünü döşəyən cəmdəyinə. Birdən müəllimin
haqqını vaxtında verməz, uşağı gözümçıxdıya salar. Pul bakomatlarında
adam kimi növbəyə dursa ona pul çatmaz. Bu qəbildən qorxularımız çoxdu.
Qalır bircə Hiçkok səviyyəli rejissor yetişdirmək. Orijinal qorxularımızı
ekranlaşdırmalıyıq, ya yox. Bu isə məsələnin ən qəliz yeridi. Yoxsa
ki, onlar hələ də klounlar və gülən meyitlərdən qorxa-qorxa qalıblar…