Üç
manat pul, bir kəllə qənd!
Ya da «Palaza bürün elnən sürün?»
İndi kimi danışdırırsan, toydan şikayətlənir. Vallah bu ailə tədbirləri
bizim axırımıza çıxacaq. Onsuz da boş olan cibimizin axırına çıxdığı
bəs deyil, sağlamlığımızın kürəyini yerə vuracaq və onsuz da skeptik
olan qəlbimizin son ümid işartılarını öldürəcək. Ye ki, yeyəsən, oyna
kı, oynayasan! Nə qədər olar? Əvvəldə vağzalı, sonra bir-iki türk havası,
ortada tərəkəmədən, lezqinkadan, şoloxodan, axıra yaxın vals havası,
sonra aş, sonra tort, şarlar və sonda yenə də vağzalı. Ola bilər modern
toydusa Eyyub Yaqubov vağzalı üstündə «Dur yola sal əziz balanı» deyəcək,
ya da toyarası işıqları keçirib cavanlara diskotekada atılıb-düşmək
imkanı yaradacaqlar. Vəssalam. O qədər şitini-şorunu çıxarıblar ki,
bakirəlik simvolu olan ağ paltara da, hətta kəbin mərasiminə də ağız
büzməyin gəlir. Toy sahibi eşidər və deyər: «Bəs neynəməli?!». Eşitmiş
olarsız, dünyada ekzotik toylara maraq artır. Yəni ki, bu əziz gün kimsənin
toyuna bənzəməsin və yaddaşlarda uzun süddət qalsın. Mən sadalayım,
siz seçin.
Gündəlik bazarlıqlar bezməmisizsə, supermarketdə evlənə bilərsiz. Bunu
bir amerikalı cütlük təcrübədən keçirib. Amma onların üzürlü səbəbi
vardı. Gəlin kassirdir, bəy isə alıcı. Onlar belə tanış olmuşdlar.
«Deep Sea World in Fife» adlı akvariumda da toy eləyənlər tapılıb. Yeni
evlənənlər sualtı aləmi dəlicəsinə sevirmişlər, ona görə belə seçim
ediblər. Nəhəng akvarumun içində olacaq bu toy üçün xüsusi ağ paltar
və qara smokinqə oxşayan hidrokostyumlar tikilib. Hətta gəlinin suyun
altında tullayacağı xüsusi gül çələngi də vardı. Amma qonaqlar və keşiş
mərasimə şüşə dalından başmalı idilər. Təzə evlənənlər indidən qonaqlarını
öz aləmlərinə buraxmaq istəmirdi.
Samaradan olan bir cütlük isə nə üstüaçıq kabriolet, nə bəzəkli maşınları
vacib saydı. Onlar nikah mərasiminə sevimli velosipedlərində gəldilər.
Qonaqlar isə 10 velosiped kotejindən ibarət idi. Amma onlara vilosiped
üstündə nikah kəsdirməyə qoymadlar.
Cənubi Koreyadan olan bir cütlük toy mərasimi üçün qaçış meydanın seçmişdi.
Özü də qaçış yollarında idmançılar qaçan zaman. Ona görə də qonaqlar
tez-tez yerlərini dəyişməli olurdular ki, ayaq altda qalmasınlar. Gəlin
isə toy paltarını əlinə alıb o yan-bu yana keçməkdən ləzzət alaraq bəylə
o qədər gülmüşdülər ki, ətrafdakılar bunu nəsə bir zarafat kimi qəbul
etmişdi.
Hindistanda bir cütlük toyu telefonla etmişdi. Gəlinin yaşadığı şəhərdə
hərbi əməliyyatlar gedirdi və komendant saatı təyin edilmişdi. Ona görə
də gəlin nikah mərasiminə gəlib çıxa bilməmişdi. Bəy xərci batrmamış
və gəlinin razılığını telefonla alaraq toyu təxirə salmamışdı.
Nepaldan olan bir cütlük isə Everest dağının zirvəsində evlənməklə dünya
rekordu qoymuşdular.
Rusiyada bəy toyda həkim paltarı geyərək gəlinin evinə «Təcili yardım»
maşınında gəlmişdi. Şahidlər də ağ xalat geymişdi. Gəlini isə evdən
ağ paltarda yox, üstünə ağ döşəkağı salınmış şəkildə xərəkdə çıxarmışdılar.
Amerikalı bir cütlük isə təyyarədə evlənmişdi. Mərasim zamanı gəlini
təyyarənin bir qanadına, bəyi isə o biri qanadına möhkəmcə sərimişdilər.
Keşiş isə cisminin qeydinə qalaraq kabinədə qalmaq əvəzinə özünü ön
şüşəyə çöldən bağlatdırmışdı. Ölüm-zülümlə «İndi sizi ər və arvad elan
ediləm» cümləsini deyəndən sonra öpüşməyi bir qədər təxirə salıb təzə
evlənənlər bir az uçmaq istədi. Sonra yerə enib adət üzrə öpüşdülər
və üzükləri bir-birinin barmağına taxdılar.
2003-cü ilin 11 avqustunda isə tarixdə ilk dəfə kosmik toy baş tutdu.
Beynəlxalq kosmik stamsiyanın komandiri Yuri Malençinko rus mənşəli
amerikalı Yekaterina Dmitriyeva ilə evlənirdi. Nikah zamanı gəlin yerdə,
bəy isə göydə, daha doğrusu kosmosda idi. Düzdü, bu tərz evlənmə bəy
və gəlinin valideynlərinin xətrinə dəydi. Ona görə də yerə enən kimi
adi adamlar üçün, hamı kimi toy çalınmasını tələb etdilər.
Londonlu milyoner qadın Şaron Tandler öz sevib seçdiyi adamına, 35 yaşlı
Sendiyə ərə gedərək ona öz soyadını verdi. Eylata sakini olan bəy sualtı
qayalarda yaşayır və vaxtının çoxunu suda keçirir. İş ondadır ki, o
delfindr və adam kimi sahilə çıxıb smokinq geyə, qalstuk taxa bilməz.
O, hətta gəlinin barmağına üzük də sala bilməyəcək. Amma bu gəlin üçün
maneə deyil. O, Sendiyə 15 il əvvəl vurulub. O vaxtlar Şaron bura dayvinqlə
məşğul olmağa gəlirdi. Odu-budu ər simasında yanında delfindən başqa
kimsəni görmək istəmir.
Bu yazıya sonluq düşünmək istəyən zaman öz toyumu xatırladım və dodağım
qaçdı. Əhvalınızı qaldırmaqçün siz də öz toyunuzu xatırlayın. Qoy hərənin
öz sonluğu olsun…