Qələmdən
noutbuka qədər
Yazmaq lazımdı. Nəsə fikirlərimi toparlaya bilmirəm, ya onlar məşğuldu,
ya mən. Təzədəm çayı ləzzətlə hortuldatmağın yeri əlbəttə ki, monitor
qarşısındadı. Görüm İnternetdə nə var, nə yox? İnternet elə bir yerdi
ki, lap həyatın özü kimi. İşin-gücün olmasa da aralana bilmirsən, getmək
istəmirsən. Son günlər həyata optimistcəsinə baxmağımdan yaman şübhələnirəm.
Optimizm informasiya azlığından doğur. Boşluqları doldurmaq lazımdı.
Oxuyuram. İrkutskda arxeoloqlar yazı tarixindən əvvəlki dövrə aid edilmiş
qələm tapıblar. Onun 6120 yaşı varmış. Qələm 78 faiz təmiz qrafitdən
ibarətdir və ucundakı izindən məlumdu ki, onu cilalayıb itiləşdiriblər
və yəqin ki, təyinatı üzrə də istifadə ediblər. Onunla hələ də yazmaq
olar! Ağlasığmaz… Belə çıxır ki, dünyanın ən qədim və müqəddəs kitabları
yazılmamışdan əvvəl artıq qələm vardı. Onu yazmaqçün itiləyənlər də
varmış. Fikir verin, qrafit biz ucluğu silah kimi işlətməzdilər, onunla
nəsə yazarmışlar.
Qələm elə bir silahdı ki, masanın üstündə sakitcənə atılıb qalanda çox
yazıq görkəmi olur. Nə bəzəyi var, nə naxışları yazı texnikasına təsir
gücündədi. Əslində hava özü də elədi ki, onu korlamayanadək olduğundan
xəbər tutmursan. Nəfəs alırsan və yaşayırsan. Qələm də eləcə. Yazmaq
qərarına gəlməyənədək taxta parçasından başqa bir şey deyil. İndi adamın
qələmə işi lap az-az düşür, kompüterin klaviaturası var. Amma texnika
nazlı-qozlu olur. Xarab ola bilir və səni əliyandıda qoyub susur. Bu
vaxt evdə elə dəyişikliklr əmələ gəlməyə başlayır ki, qapıdan içəri
girənlər bunu o saat anlayır. Təmiz ev və vaxtında hazırlanmış yemək
donub qalmış kompüterin ilk əlamətləridir. Kompüter işləyəndə adamın
bütün vaxtını yeyir. Üzünə ağıllı görkəm verib ən axmaq xəbərləri oxuyursan.
İçəridə etiraz doğsa onu beşiyindəcə intellektualcasına boğursan. Zaman
keçdikcə iş yerində artıq və lazımsız işlər görmək adəti əmələ gəlir.
Bu adamın eşitmə qabliyyətini, sayıqlığını və yan görmə bacarığını inkişaf
etdirir. Çünki müdir üfüqdə görünərkən ekranı ağıllı görkəmlə dəyişdirməyə
bəzilərinə bir neçə illik staj gərək olur.
Kompüterin heç vecinə deyil ki, qarşısındakı kommunistdi, yoxsa demokrat.
Amma beyinin siyasi oriyentasiyaya təsiri barədə çoxlu yazılar yayır.
Nahaq yerə deyilmir ki, «solçular», «sağlar». Beyinin də sol və sağ
yarımkürələri var. Siyasi oriyentasiyası məlum adamın beynini aparata
salan kimi onun kimliyi məlum olur. Tomoqrafiya göstərir ki, «solçuların»
və liberal baxışları olanların beyninin ön qurşağı daha aktivdir. Bu
zona qan təzyiqi və informasiyanın təhlili və simpatiaya cavabdehdir.
Yəni ki, bu zonada boz maddəsi çox olanların solçu olmaqdan başqa çarəsi
yoxdur. «Sağlar»da, demokratlarda və konservatorlarda isə badamvari
zona inkişaf edir. Yaddaş, emosional reaksiya və qorxu hissi də badamvari
zonanın işidir. Ona görə də demokratlar və konservatorlar badamvari
zonasıyla təhlükəni duyur. Kommunistlər və liberallar mitinqlərə çıxmağa
meyllidir və dəyişikliklri arzulayandır. Kompüter bir azdan kimsədə
sirr qoymayacaq. Ağzını açmazdan əvvəl beynini skanerdən keçirəcəklər.
Yerindəcə qeyləri, kişi beyinli lesbinkaları saf-çürük edəcək.
Amma texnikanın ürəyi olmaz ki, monitoruyla, lap prosesoruyla qarşısındakı
adamın kimliyini bilsin. İlk portativ kompüter idayası insan beyninə
cəmi 38 il əvvəl gəlib. İndi, az qala hər qoltuqda noutbuk olan zaman
69 faiz onu iş üçün, 21 faiz əyləncə üçün , cəmi 9 faiz tədris üçün
istifadə edir. 100 dollar dəyərində olan noutbuklar da var. Onu kasıb
ölkələr sifariş verir və yalnız İnternetə girməyə yarayır. Düzdü onun
sahibi enerji problemini həll etməkçün onun elektrik naqalini daim fırlatmalı
olur. Noutbuku kişilər dizinin üstünə qoyub qızdırmaqla çox vacib orqanı
risk altına salmasalar ümumiyyətlə o tamamilə təhlükəsizdir. Yəni ki,
qələmin ünvanına deyilənlərin heç on faizi ona deyilməyib. Qələmi təkcə
yonan zaman kompüteri durmadan təkmilləşdirirlər. Kiminsə sözü iti olanda
ona «Yaman acıdil koputeri var» demirlər, amma «Qələmi yaman itidir»
deyirlər.
Ürəyimə damıb ki, kompüter zamanı da keçəcək. Bütün brilyantlı, qızıllı
modelləri alıb qurtarandan sonra insanlar soyuyacaq, yenilik istəyəcək.
Kompüter dünyasında inqilab etmiş Bill Qeyts də istiqamətini dəyişdirib.
Bill və Melinda Qeytsin Fondu artıq yeni tip unitazların hazırlanmasında
maraqlıdırlar və bu istiqamətdə 41, 5 milyon dəyərində 8 qranta pul
ayırıblar. Qələmdən noutbuka qədər keçilmiş təkamül yolunun pik nöqtəsində
«kompüterin atası»na bu xəyanəti bağışlamalı olacağıq. Axı bu gün təqvimdə
beynəlxalq uçan siçanlar günüdür. Braziliyada ağac əkmək günü, Arqentinada
isə tələbələr günü qeyd olunur. Bu gün hava necə olacaqsa bütün payız
da elə keçəcək, bu da xalq inamıdır. Əslində bunları mənə xalq yox,
kompüterim dedi və mən də yazdım…